Xəbər verdiyimiz kimi, Zamiq, Röya və Sevda Yəhyayevanın yay turnesi başlayacaq. Artıq ilk konsertin tarixi bəlli olub. Zamiqin mətbuat katibi Ləman xanımın qəzetimizə bildirdiyinə görə, 15-16 mayda hər üç sənətçi Naxçıvanda Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəklər. Mətbuat əlaqələndiricisi qeyd etdi ki, konsertdə hit mahnılarını ifa edəcək üçlük tamaşaçılara bir sıra sürprizlər də vəd edirlər. Amma bunun təfərrüatı konsert vaxtı bəlli olacaq.
"Canlı ansamblın müşayiəti ilə mahnılarını ifa edəcək sənətçilər hər gün məşq edirlər. Bundan əlavə, müğənni Zamiqlə Röya turne çərçivəsində tamaşaçılara yeni "Unutmadım" adlı duetlərini təqdim edəcəklər. Mahnının sözləri Vahid Əzizə, musiqisi isə Barat Abdullayevə məxsusdur"- deyə Ləman xanım bildirdi.
Qeyd edək ki, hər üç sənətçi konserti Zamiqin repertuarından, musiqisi Hikmət Mirməmmədliyə, sözləri Cəlal Qurbanova məxsus "Azərbaycan" mahnısı ilə bitirəcəklər. Öyrəndik ki, sənətçilər Muxtar Respublikaya bu gün yola düşürlər.
|