Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan topladığı birinci rüb təqvim haqlarını açıqlayıb. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, təqvim haqları 831 min manat, 1 milyon 345 min ABŞ dolları, 172 min avro təşkil edib. Fondun sığorta ehtiyatları 25 mln. 697 min 900 manat olub. Aprelin 1-i tarixinə olan məlumata görə, üzv banklarda yerləşdirilən əmanətlərin ümumi həcmi 2 milyard 385 milyon manata bərabərdir. Bu vəsaitlərin 30 faizi və ya 707 milyon 690 min manatı qorunmayan əmanətlər kateqoriyasına aiddir.
707 milyon 690 min manat əmanətin sığortalanmadığının səbəbləri ilə bağlı fond tərəfindən açıqlama verilməyib. Güman edilir ki, 707 milyon 690 min manat əmanətin sığortalanmama səbəbi həmin əmanətlər üzrə faiz dərəcəsinin yüksək və əmanətlərin məbləğinin 30 min manatdan artıq olmasıdır. Əmanətlərin Sığortalanması Fondunun qaydalarına əsasən, illik 15 faizlə və yerləşdirilən əmanətin maksimum məbləği 30 min manata qədər olan əmanətlər sığortalanır.
Təbii ki, sığortalanmayan məbləğ kifayət qədər böyük rəqəmdir. Başqa sözlə, kommersiya banklarında olan hər 3 manatdan 1-i sığortalanmır. Bu isə ciddi risk yaradır. Bir sıra kommersiya banklarının əmanətlər üzrə yüksək faiz dərəcəsi təklif etdiyini deyən ekspertlərin sözlərinə görə, banklar vəsait cəlb etmək üçün ucuz kampaniya aparırlar. Bu da vəsaitlərin qorunması baxımından kifayət qədər risklidir. Əgər 707 milyon 690 min manat əmanəti yerləşdirən kommersiya bankları müflis olarsa, o zaman həmin məbləği geri qaytarmaq mümkün olmaz. Çünki əmanətlərin Sığortalanması Fondu haqqında əsasnamədə sığortalanmamış əmanətlərin əmanətçilərə geri qaytarılma mexanizmi yoxdur. Nəzərə alsaq ki, göstərilən rəqəm kifayət qədər böyükdur, əmanətlərin Sığortalanması Fondu bu vəsaitin sığortalanması istiqamətində fəaliyyətini davam etdirməlidir. Əvvəla bu gün vətəndaşların əksəriyyətinin sığortalanan əmanətlərinin faiz dərəcələri, o cümlədən onların maksimum məbləği yönündə məlumatları çox azdır.
Sözsüz ki, bəzən vətəndaşlar daha çox gəlir götürməyə meyil edərək 15 faizdən artıq dividend vəd edən banklarda vəsaitlərini yerləşdirməyə çalışırlar. Bu da risklidir. Bundan başqa, hər 3 manatdan 1 manatın sığortalanmaması əmanətlərin Sığortalanması Fondunun qaydalarına yenidən baxılmasına ehtiyac olduğunu gündəmə gətirir.
Müqayisə üçün: Qazaxıstan və Rusiyada sığortalanan əmanətlərin maksimum həddi Azərbaycanla müqayisədə 2 dəfə çoxdur. Bir sıra MDB ölkələrində əmanətlərin sığortalanması üçün maksimum hədd 100 min avrodur. Hətta Pribaltika ölkələrində kommersiya banklarına yerləşdirilən bütün əmanətlər sığortalanır. Bunları nəzərə alaraq İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fondunun 30 min manat həddinin dəyişdirilməsi ilə bağlı Milli Məclis qarşısında təkliflə çıxış etməsini vacib sayırlar.
Qeyd: Hazırda sığortalanan əmanətin həddi 30 min manatdır ki, bu da bütün əmanətlərin sığortalanmasına imkan vermir.
|