Kənd təsərrüfatına nikbin proqnozlar
 |
Lakin çəyirdəkli meyvələr qıt olacaq. Bahalıq da istisna edilmir
Şənbə, 15.05.2010
|
|
Apreldə havaların yağmurlu keçməsi bağ-bostana təsirsiz ötmədi. Əhali bunun nəticəsini may-iyun və ümumiyyətlə, adətən meyvə-tərəvəzin çıxdığı aylarda xüsusilə hiss edəcək. Çünki meyvə-tərəvəz qıt olacaq və yəqin ki, bu amil bahalaşmaya yol açacaq.
İntensiv yağışlar bitkilərin çiçəklənmə və tozlanma dövründə baş verdiyindən mayalanma prosesi, demək olar, getməyib. Bu da bu il daha az məhsul götürüləcəyindən xəbər verir. Bölgələrdə yağan yağışlar, daşqınlar ölkənin ən aktual probleminə çevrilib. Yağışların aylıq normadan çox düşməsi bir sıra bölgələrdə sahələrinə ziyanla müşahidə olunur.
Yağışların aylıq normadan çox yağması nəinki bitkinin özünə, torpağa da böyük ziyan vurur. Suyun səviyyəsinin artması torpaqda süxur sularının qalxmasına səbəb olur. Bu da şoranlaşmaya gətirib çıxarır. Digər tərəfdən, təbiətin şıltaqlığı aqrotexniki qaydaların vaxtlı-vaxtında aparılmasına imkan vermir. Yaxşı məhsul o vaxt əldə olunur ki, aqrotexniki qaydalara əməl olunması mümkün olsun. Bütün bunlar onu deməyə əsas verir ki, bu il məhsuldarlığın aşağı düşməsi qaçılmazdır.
Yağışların ölkədə ən çox çəyirdəkli meyvələrə ziyan vurması haqda fikirlər var. Bunun da son nəticədə məhsuldarlığın azalmasına və qiymətlərin bahalaşmasına gətirib çıxaracağı bildirilir.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda 9 iqlim şəraiti mövcud olduğundan hava şəraitinin də bölgələrə təsiri müxtəlifdir. Belə çıxır ki, çiçəkləmə, mayalanma dövrü başa çatan bölgələrdə meyvə bitkilərinə ciddi təsir olmayacaq. İntensiv yağışların çiçəklənmə-mayalanma dövrünə təsadüf etdiyi ərazilərdə isə meyvəçilikdə problem yaranacaq, məhsuldarlıq aşağı düşəcək.
Müşahidələrə görə, hava şəraitinin kəskin dəyişməsindən ən çox cənub bölgəsi, dağlıq və dağətəyi rayonlar ziyan çəkəcək. Çünki bu ərazilərdə çiçəklənmə dövrü yeni başlamışdı.
Amma ümumən Abşeron və Aran vəziyyətdən nisbətən yaxşı çıxacaq. Bu bölgələrdə tozlanma başa çatıb. Alma, armud, gilas, ərik və digər meyvələrdə məhsuldarlığın düşəcəyini diqqətə çatdıran V.Məhərrəmov alçanın yağışlardan itkisiz çıxacağı qənaətindədir. Çünki bu ağac lap erkən çiçəkləyib.
Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Sabir Vəliyev də deyir ki, çəyirdəkli meyvələrin bolluğu barədə nikbin proqnoz verməkdə ehtiyatlanır. Onun sözlərinə görə, Aran zonasında alça, şaftalı, gilas və ərik kimi meyvələrin qıt olacağı gözlənilir:
"İndi çəyirdəkli meyvələrin tozlanma dövrüdür. Lakin qeyri-sabit hava şəraiti tozlanma prosesini çətinləşdirir. Bu baxımdan gilas, gavalı, alça, şaftalı və əriyin məhsuldarlığı aşağı ola bilər. Qalan bostan və tərəvəz bitkilərinə yağış xeyirlidir".
Taxılçılıq ziyan görməyəcək
Havanın yağışlı və soyuq keçməsi aprel ayında əkin işlərinə mane olur. Yağış payızlıq əkinlərin inkişafına, yazlıq əkinlərin başlanmasına, biçinə böyük ziyan vurub. Bu vəziyyət bütün ölkəni əhatə edib. KTN bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Rövşən Əliyevin sözlərinə görə, indiki halda Aran zonası və şimal bölgəsi daha çox ziyan çəkib:
"Aran zonasında yazlıq əkinlər - qarğıdalı, günəbaxan və sair, şimal bölgəsində isə meyvə bağları böyük zərər çəkib".
Ekspert V.Məhərrəmov deyir ki, torpaq yaş olduğundan texnikadan istifadə çətinləşib, yağışlar davam edir, proses uzanır. Bundan əlavə, yazlıq əkin gecikdirilir:
"Bu da dağ və dağətəyi bölgələrdə əkinə mane olur. Bu günlərdə kartof, yazlıq buğda kimi digər bitkilərin səpini olmalıydı. Sadəcə, qışın uzun çəkməsi bunları əngəllədi. Deməli, hava şəraitinin belə keçməsi kənd təsərrüfatının digər sahələrinə də təsir edəcək. Hər halda yağışın çox yağması süxur sularını da qaldırır, onların qalxması isə nəinki bitkiyə, hətta torpağa da ziyandır".
Ekspertin dediklərindən bəlli oldu ki, yağan yağışlar yalnız alaq otlarının inkişafına müsbət təsir edəcək. Bu da fermerlər üçün daha ciddi problemdir. Yağışlardan sonra havalar istiləşəcəksə, bu, kartofçuluqda fitoftoroz xəstəliyinin yayılması üçün münbit şərait yaradacaq. Nəticədə ölkə daxilində kartof istehsalı azala bilər: "Ən nəhayət, yağan yağışlar dağ rayonlarında kartof əkilməsini yubadır. Mövsüm uzandıqca, yığım da çətinləşir".
KTN əməkdaşı Sabir Vəliyevin bildirdiyinə görə, yağışlar taxılçılığa ciddi mənfi təsir göstərməyəcək. Baxmayaraq ki, bəzi yerlərə sel suları dəyib, amma Azərbaycanda 908 min hektardan çox taxıl əkilib. Öyrəndik ki, 5-10 min hektara sel suları dəyib. Hazırda FHN mütəxəssisləri tərəfindən leysan nəticəsində məhv olmuş taxıl sahələrinin həcmi müəyyənləşdirilir. Ümumilikdə isə bu il ölkədə 2 milyon tondan çox taxıl tədarükü proqnozlaşdırılır. Sabir Vəliyev:
"Mən deyərdim ki, ötən illərə nisbətən hər hektarda məhsuldarlıq taxılda artıq olacaq. Çünki taxıl üçün ən əlverişli hava bu qış keçdi. Ötən il hər hektardan 26,5 sentner əldə olundu, bu il isə 27 sentnerdən artıq məhsul götürüləcək. Yağan yağışlar, selin yaranması müvəqqəti haldır və keçib gedəcək. Bir azdan quraqlıq başlayacaq və hər şey yoluna düşəcək. İstisna hal olaraq bəzi fermerlərə, fərdi təsərrüfat sahiblərinə ziyan dəyib və bunu inkar etmək olmaz. Dövlət orqanları olan Fövqəladə Hallar Nazirliyi, Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müəyyən tədbirlər görür. Belə hallar olur".
S.Vəliyevin fikrincə, yağışlardan sonra torpaqda nəmlik yaranır, eyni zamanda torpağa verilən gübrələr tez mənimsənir və bu da məhsuldarlığı artırır:
"Əvvəlki illərdə biz quraqlıqdan əziyyət çəkirdik, amma indi torpaq nəmlənib. Yağan yağışların pambığın vegetasiyasına müəyyən mənfi təsiri olacaq. Adətən avqust ayının sonlarında pambıq yığımına start verilirdi. Ola bilsin, pambıq yığımı 10-15 gün geciksin".
Dövlət kompensasiya verməyəcək
Təbii fəlakətdən zərər çəkmiş fermerlərə kompensasiyaların ödənilib-ödənilməyəcəyinə gəldikdə, S.Vəliyev sığorta olunan sahələrə təzminat ayrılacağını bildirdi. Eyni zamanda, fermerlərə müraciət edərək əkin sahələrini sığortalamağı tövsiyə etdi:
"Kənd adamları bu məsələyə biganə yanaşır. Məhsul əldən gedəndə düşürlər hökumətin üstünə. Əslində, sığorta qaydaları barədə bölgələrdə müvafiq maarifləndirmə işləri aparılıb. Lakin bəzi fermerlər bu məsələyə maraq göstərmir, nə dövlət, nə də özəl şirkətlərlə əməkdaşlıq niyyətindədirlər. Halbuki əkin sahələrinin sığortalanması üçün olduqca sadə prosedur mövcuddur. Əgər fermerlər öz məhsullarını vaxtında sığortalasalar, onların kompensasiya almasında problem yaranmaz".
|
|
|
Oxşar xəbərlər:
Bölgələrdə anbarlar tikiləcək
Tibbi sığortanın tətbiqi ləngiyir
"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"
Hədəfdə kolbasa, sosiska, duz, yumurta və çörək!
Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir
|
|
|