![]() |
çap et |
|
|||
Bu gün dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulandan iki dəfə bahadır. Hesablamalara görə, il ərzində neftin orta qiyməti 78-80 dollar arasında olacaq. Ortalama qiymətin bundan daha yüksək olması da mümkündür. 2011-ci ildə isə qiymətlər indikindən də baha olacaq. Neftin qiymətinin artması büdcədə əlavə vəsaitin toplanmasına kömək edir. Hesablamalara görə, dünya bazarında neftin qiymətinin 1 dollar artması Azərbaycan büdcəsinə illik təxminən 30-40 milyon dollar əlavə vəsaitin daxil olması anlamındadır. İndiki qiymət isə büdcədə 1 milyard manatdan çox profisitə səbəb olacaq. Bu halda, təbii ki, büdcəyə yenidən baxmaq zərurəti yaranır.
Qanunvericiliyə görə, büdcəyə yenidən baxılmasına Maliyyə Nazirliyi təşəbbüs göstərməlidir. Maliyyə Nazirliyi Nazirlər Kabinetinə müraciət etməli, təkliflər Prezident Administrasiyasında baxıldıqdan sonra Milli Məclisə göndərilməlidir. Yəni bu, uzun bir prosedurdur. Amma neftin mövcud qiymətləri büdcəyə yenidən baxılmasını zəruri edir. Bəlli olduğu kimi, 2010-cu ilin büdcəsi təsdiqlənərkən ötən illərdə görünməyən həddə kəsir nəzərdə tutulub. MM İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli bizimlə söhbətində dedi ki, ola bilsi, büdcədə yaranmış profisit bu kəsirin azaldılmasına yönələ bilər: "Ola bilər ki, hökumət buna getməsin. Dövlət büdcəsinin kəsiri əvvəlki kimi saxlansın, yaranmış profisit sosial məqsədlərə yönəldilsin. Təbii ki, bununla bağlı müzakirələr aparmağa ehtiyac var". Həm 2008-ci ilin, həm də 2009-cu ilin dövlət büdcəsində büdcə təşkilatlarında çalışanların - müəllimlərin, həkimlərin, elm, mədəniyyət, incəsənət işçilərinin maaşlarının artırılması nəzərdə tutulurdu. Amma qlobal böhran başlanandan Azərbaycanın gəlirləri azaldı. Nəticədə hökumət bu planını reallaşdıra bilmədi. 2010-cu ilin dövlət büdcəsində də büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması nəzərdə tutulmur. Təbii ki, büdcədən maliyyələşən təşkilatlarda maaşların 3 ildir artırılmadığı yaxşı hal deyil. Nəzərə alsaq ki, bu təşkilatlarda çalışanların böyük bir hissəsinin maaşları təxminən 200 manatdır, onda vəziyyətin ağırlığını təsəvvürə gətirmək olar. Əli Məsimli hesab edir ki, hökumət bu kateqoriyadan olanların maddi şəraitinin yaxşılaşdırılması üçün büdcədə yaranmış profisitdən sosial məqsədlər üçün istifadə etməlidir. Yəni büdcə təşkilatlarında çalışanların əmək haqları artmalıdır: "Artıq neçə ildir pensiyalarda da artım qeydə alınmır. Bunu nəzərə alaraq büdcə profisitindən bu məqsədlə də istifadə oluna bilər. Məncə, bu istiqamətdə addımlar atılması vacibdir. Mənbə var və bundan istifadə olunmalıdır". Fəqət dünya bazarında neftin qiymətinin qalxması Azərbaycanın gəlirlərinin artması ilə yanaşı, özü ilə mənfi tendensiyalar da gətirir. Doğrudur, əslində neftin qiymətinin müəyyən həddə qədər qalxması Azərbaycan üçün müsbət amildir. Qiymətlərin müəyyən həddən yuxarı qalxması isə mənfi təzadlar doğurur. Hesablamalara görə, iqtisadiyyatın indiki dövründə Azərbaycan üçün neftin ədalətli qiyməti 70-80 dollardır. Neftin bir barelinin qiymətinin 80 dollardan bir qədər yuxarı olması da ciddi fəsadlar doğurmaz. Bu gün dünyada ayrı-ayrı ölkələrin iqtisadiyyatının neftin qiymətinə reaksiyası ilə bağlı təhlillər hazırlanır. Həmin təhlillərə əsasən, neftin bir barelinin qiyməti 200 dollara da qalxsa, Çin iqtisadiyyatı buna tab gətirər. Amma digər ölkələrin iqtisadiyyatı bunun nəticələrini aradan qaldırmaq iqtidarında deyil. Təsəvvür edin ki, 2008-ci ilin yayında neftin bir barelinin qiyməti 147 dollara çatdı, dünya iqtisadiyyatında ciddi kataklizmlər müşahidə olundu. Qlobal iqtisadi böhran başladı. Neftin qiymətinin 90 dollardan yuxarı qalxması dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərə bilər. Bunun səbəbi çox sadədir. Sirr deyil ki, Azərbaycanın əsas ixrac etdiyi məhsul neftdir. Son hesablamalara görə, Azərbaycanın xaricə çıxardığı məhsulların 92 faizi neft və neft məhsullarıdır. Əli Məsimli deyir ki, ölkə nefti satıb onun puluna ölkəyə texnologiyalar gətirir. Neftin qiyməti baha olanda xaricdən aldığımız texnologiyaların da qiyməti bahalaşır. Çünki neftin qiymətinin baha olması xarici ölkələrdə hazır məhsulların bahalaşmasına gətirib çıxarır. Neftin qiyməti bahalaşdıqca inflyasiya da artır - fikrinə münasibətini açıqlayan iqtisadçı millət vəkili deyir ki, inflyasiya bazardakı proseslərdən asılıdır. Xatırlatdı ki, 2008-ci ildə ölkədə inflyasiya səviyyəsi 21 faizə çatmışdı. 2009-cu ildə bu göstərici cəmi 1,5 faiz oldu: "Amma bu il üçün inflyasiya bir az artacaq. Amma yenə də ikirəqəmli olmayacaq. Fikrimcə, Azərbaycanda illik inflyasiya 5-6 faiz ətrafında dəyişəcək". |