İngiltərə yığmasının sabiq futbolçusu Toni Adams Azərbaycanda çalışacaq. "Arsenal" klubunun 44 yaşlı əfsanəvi futbolçusu "Qəbələ"nin baş məşqçisi vəzifəsinə təyin olunub. Adam artıq Qəbələ klubu ilə 3 illik müqavilə imzalayıb.
Futbolçu kimi bütün dünyada məşhur olan ingilisin karyerası həddən artıq zəngindir. 1966-cı il doğumlu Adams futbol aləmində mərkəz müdafiəçisi kimi tanınıb. 1980-ci ildən "Arsenal"la müqavilə bağlayan arxa xətt oyunçusu karyerasını bitirdiyi 2002-ci ilə qədər komandasına sadiq qalıb. 1983-cü ildə əsas komandaya cəlb olunan futbolçu 669 oyuna 48 qol vurub.
Adams 1988-ci ildə 22 yaşında "Arsenal"ın kapitanı olub. Futbolçu düz 14 il, karyerasının sonuna kimi London klubunu meydançaya kapitan sarğısı ilə çıxarıb. 1988/89, 1990/91, 1997/98 və 2001/02-ci illərdə İngiltərə Premyer Liqasının çempionu olan Adams 3 fərqli onillikdə bu titula sahib çıxmaqla rekorda imza atıb. O, 1993, 1998 və 2002-ci illərdə İngiltərə kubokunu, 1987 və 1993-cü illərdə Liqa kubokunu, 1991, 1998 və 1999-cu illərdə Superkuboku başı üzərinə qaldırıb. 2000-ci ildə UEFA kubokunu qazanmasına isə "Qalatasaray" imkan verməyib.
Adams ölkəsinin gənclər və yeniyetmələrdən ibarət yığmalarında oynadıqdan sonra 1987-ci ildə əsas milliyə dəvət alıb. 66 matçda 5 qol vurduğu komanda ilə 3 dəfə Avropa (1988, 1996, 2000), 1 dəfə dünya (1998) çempionatlarının final mərhələsində iştirak edib. Adams bir müddət İngiltərə yığma komandasının da kapitanı olub.
Toni 1996-cı ildə Avropa çempionatında bürünc medal qazanıb. Adams 6 il əvvəl bütün xidmətlərinə görə Britaniya İmperiyasının ordeni ilə təltif olunub. 2003-cü ildən məşqçilik fəaliyyətinə başlayan Toni Adams əvvəlcə üçüncü dəstədə çıxış edən "Uikomb Uonderers"də, daha sonra yüksək liqada mübarizə aparan "Potsmut"da çalışıb. Lakin "Potsmut" turnir cədvəlinin son pilləsində qərarlaşdığında istefaya göndərilib.
Artıq 15 aydır işsiz olan veteran futbolçu bundan sonra "Qəbələ" klubunun uğurları üçün çalışacaq. Klubun təşkil etdiyi təqdimetmə mərasimində Toni Adams yeni təyinatı ilə bağlı bunları deyib:
"Qəbələ" klubunda 10 il işləməyə hazıram. Qarşıdakı 5-10 il ərzində Çempionlar Liqasının qrup mərhələsinə çıxarıqsa, bunu məşqçi karyeramın uğuru sayacağam".
Sonda qeyd edək ki, Toni Adams Azərbaycan futbolunda çalışacaq ilk ingilis mütəxəssis olacaq.
|