Unibank Premyer Liqasında 276 gün davam edən marafon yekunlaşmaq üzrədir. Ötən il avqustun 14-də başlanan XVIII milli çempionatımıza sabah yekun vurulacaq.
Sonuncu turun qarşılaşmaları çempionatın qızıl, gümüş və bürünc medallarının sahiblərini müəyyən edəcək. Bu oyunlar ərəfəsində 27 xalı olan "Xəzər-Lənkəran"la yanaşı, bir xal az toplayan "İnter" və "Qarabağ", eləcə də 25 xala malik "Bakı" da bütün əyarlı mükafatlara ümid edə bilər.
Hamının diqqəti bugünkü oyunlara yönələcək. Məhz bu gün yeni ölkə çempionunun adı məlum olacaq və bu, çox güman ki, Lənkərandakı oyunda bilinəcək. Hər halda, hər şey "Xəzər-Lənkəran" futbolçularının öz əlindədir və komanda doğma meydanda "Bakı"ya qalib gəlsə, tarixində ikinci dəfə qızıl medallara qovuşacaq.
İlk dəfə 2007-ci ildə indiki baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında ölkə çempionu olan Lənkəran klubu yenə buna nail olarsa, rəqibini birbaşa Avroliqanın 2-ci təsnifat mərhələsinə çıxaracaq. Çünki qaydaya görə, çempion ölkə kubokunu da qazanarsa, finalçı nəinki avtomatik avrokuboklara çıxacaq, ilk təsnifat mərhələsindən də azad olacaq. Xatırladaq ki, ölkə kuboku uğrunda mayın 23-də baş tutacaq final matçında məhz bu iki komanda üz-üzə gələcək.
Son turun oyunları:
15 may. "Neftçi" - "Qarabağ", "Xəzər-Lənkəran" - "Bakı", "İnter" - "Qəbələ", 16 may. "Karvan" - "Turan", "Olimpik-Şüvəlan" - "Muğan", "Simurğ" - "Standard".
Bu həftə Unibank Premyer Liqasında axırıncıdan sonuncu tura yekun vurulub. Tur Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların adlarını rəsmiləşdirib. Son turun və ölkə kubokunun final qarşılaşmasının nəticələrindən asılı olmayaraq, "Xəzər-Lənkəran", "Bakı", "İnter" və "Qarabağ" qitəmiqyaslı klub turnirlərində mübarizə aparacaq. İlk altılıqda mübarizə aparan "Neftçi" və "Qəbələ" isə bu dəfə avrokuboklara düşə bilməyiblər. Qeyd edək ki, "Neftçi" ardıcıl ikinci ildir avrokuboklara vəsiqə qazana bilmir.
"İlk altılıq"da turun ən maraqlı qarşılaşması Ağdamda olub. Lider "Xəzər-Lənkəran"ı çətinliklə məğlub edən "Qarabağ" ikinci pilləyə şərik çıxıb. 3 xal itirməsinə baxmayaraq, Lənkəran komandası birinci pillədə yerini qoruya bilib. Buna səbəb cənub klubunun ən yaxın izləyiciləri "İnter"lə "Bakı" arasında oyunun heç-heçə bitməsidir.
Turun nəticələri: "Qəbələ" - "Neftçi" - 0:0, "İnter" - "Bakı"- 0:0, "Qarabağ" - "Xəzər-Lənkəran" - 2:1, "Standard" - "Karvan" - 6:0, "Muğan" - "Simurğ" - 3:1, "Turan" - "Olimpik-Şüvəlan" - 0:0.
|