İran rəsmiləri ölkənin çoxmillətli olduğunu çıxışlarında dəfələrlə bəyan ediblər. Ancaq fars olmayanların haqlarının təmini ilə bağlı, təəssüflər olsun ki, hələ də heç bir əməli addım atılmır. İranın keçmiş baş naziri, ötənilki prezident seçkisindən sonra formalaşmış müxalifətin liderlərindən biri, Mirhüseyn Musəvi bildirib ki, İran Ana Yasasında yer alan milli haqların təmini ilə bağlı maddələr də "icra olunmalıdır".
1997-2005-ci illərdə prezidentlik etmiş Məhəmməd Xatəmi də bir vaxt buna bənzər bəyanatla çıxış etmişdi. Amma o da verdiyi vədi yerinə yetirmədi. Bu baxımdan Musəvinin çıxışının daha çox milli haqların təminini istəyən qüvvələri "yaşıl hərəkata" cəlb etmək mahiyyəti daşıdığı ehtimalını söyləmək olar.
İslam Respublikasında fars olmayanların milli haqları ilə bağlı dünyanın çeşidli ölkələrində yığıncaqlar gerçəkləşdirilir.
Faxtə Zamani nələrdən danışıb
"Butovazerbaycanbirliyi"nin xəbərində bildirilir ki, London Universiteti "Şərq və Afrika Ölkələrini Araşdırma Mərkəzində İranda fars olmayan millətlərin hazırkı durumu və onların problemlərinə həsr olunmuş konfrans keçirilib. Toplantıda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsinin rəhbəri, əslən Güney Azərbaycandan olan hüquq müdafiəçisi Faxtə Zamani çıxış edib. Hüquq müdafiəçisi İslam Respublikasında dil, mədəniyyət, iqtisadiyyat və başqa sahələrdə mövcud olan ayrı-seçkiliyə, habelə fars irqçiliyi ilə bağlı məsələyə toxunaraq, Azərbaycan türklərinin milli haqlarının bütün sahələrdə pozulmasından və onlara qarşı yürüdülən assimilyasiya siyasətindən danışıb.
Faxtə Zamani təmsil etdiyi qurumun insan haqlarının müdafiəsi, İrandakı azərbaycanlı məhbusların hüquqlarının qorunması yönündə göstərdikləri fəaliyyət barəsində də toplantı iştirakçılarına məlumat verib. Ölkədə fars olmayanlara qarşı bütün sahələrdə yürüdülən ayrı-seçkilik siyasətinin keçmiş və hazırkı vəziyyəti barədə danışarkən demişdir:
"2006-cı ildə Azərbaycan türklərini təhqir edən məlum karikaturaya (söhbət 2006-cı ilin mayında Tehranda çıxan rəsmi "İran" qəzetində çap olunmuş materialdan gedir - S.S.) etiraz zamanı çoxlu sayda azərbaycanlı öldürüldü, yaralandı və minlərlə insan həbs olundu. Tehranda fəaliyyət göstərən və hakimiyyətin yanında duran "hüquq müdafiə təşkilatları" və şəxslər İran İslam Respublikası rəhbərliyi tərəfindən göstərilən bu amansızlığa və vəhşiliyə heç bir reaksiya vermədilər. Belələri özlərini Azərbaycanda heç bir hadisə olmamış kimi apararaq baş verənləri yalnız seyr etməklə kifayətləndilər. Onda biz Azərbaycan türklərinin haqlarını müdafiə edəcək bir qurum yaradılmasının zəruriliyini qəbul etdik. Bunun nəticəsi olaraq, Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsini yaratdıq".
Yığıncaqda ərəb dünyası, o cümlədən İran ərəblərinin tanınmış simalarından doktor Mussa əl-Həsəni, doktor İmadəddin Səburi, doktor Ləmis, doktor Qəffari, doktor Əbdüllətif, doktor Sami və başqaları çıxış ediblər. Bundan başqa toplantıya Misir, İraq, İordaniya, Əlcəzairdən olan ictimai, siyasi xadimlər qatılıb. Güney Azərbaycan türkləri və ərəblərlə yanaşı, bəlucların və türkmənlərin milli haqlarının təmin olunması uğrunda mücadilə edən təşkilatların təmsilçiləri də konfransda iştirak ediblər.
Toplantının gedişatı barədə "əl-Cəzirə" və "əl-Həvar" kimi tanınmış beynəlxalq televiziya şirkətləri geniş xəbərlər yayıblar.
Qeyd edək ki, konfransın təşəbbüsçüsü "Ərəb əl-Əhvaz" təşkilatı olub.
Güneydən iki xəbər
Güney Azərbaycanda türklüyə qarşı Tehran tərəfindən yürüdülən ayrı-seçkilik siyasətinə dair daha iki xəbərə toxunmaya bilmirik.
Bəlli olduğu kimi, son zamanlar Güney Azərbaycan türkləri idman ictimaiyyəti Təbrizin "Traktorquraşdırma" ("Tarktorsazi") futbol klubuna tərəfkeşlik edirlər. Buna isə Tehran hakimiyyəti milli don geyindirməyə çalışır. Ölkənin rəsmi informasiya vasitələrində, eləcə də bu sahəyə aid televiziya proqramlarında "Traktor"la bağlı süjetlərin efirə ötürülməsinə qısqanclıqla yanaşılır, yaxud türkləri aşağılayan çıxışlara yol verirlər. Təbriz Universitetinin tələbələri bu sayaq təhqirlərə etiraz bəyanatı yayıblar.
"GünAzTv"nin məlumatında bildirilir ki, mayın 2-də "Traktorsazi"nin Kirman əyalətinin "Mis" klubuna qarşı oyununda fars irqçilərinin Azərbaycan türklərinə qarşı aşağılayıcı şüarlarını ölkənin rəsmi telekanalları yayımlayıb. Azərbaycanlı tələbələr bu əməlin törədə biləcəyi problemlərlə bağlı hakimiyyəti xəbərdar edərək, İslam Respublikası teleradio şirkətinin bu əməlini "faşizm düşüncəsi" kimi dəyərləndirərək, baş vermiş irqçi hadisədən sonra yaranacaq istənilən olayın məsuliyyətini həmin çirkin əməli törədənlərin daşıyacağını bəyan ediblər.
Bəyanatda Buşəhr, İsfahan, Məşhəddəki fars irqçilərinin türklərə qarşı səsləndirdikləri şüarlardan örnəklər də verilib.
Məlumata görə, Güney Azərbaycanın Marağa və Əcəbşəhr şəhərlərinin seçicilərini İran parlamentində təmsil edən Yusif Nəcəfi məclisdə çıxış edərək bildirib ki, dinamik və davamlı inkişaf üçün "ədalət olmalıdır". Deputat deyir:
"Siyasi baxımdan ədalət həm də qüdrət və sərvətin bərabər şəkildə bölünməsidir. İnqilabdan 31 il keçsə də, ölkə Ana Yasasının 3, 15, 24, 30 və 31-ci maddələri hələ icra olunmur (uyğun olaraq, ictimai quruluş, etnik qrupların dil və mədəni haqları, mətbuat və nəşriyyat azadlığı, pulsuz təlim və tərbiyə, mənzil hüququ)".
Deputat ölkə sənayesində böyük şəhərlərin payının 70 faiz təşkil etməsini "ədalətsizlik" adlandırıb. O bildirib ki, bu məsələ "ayrı-seçkiliyin bariz örnəyidir".
Xatırladaq ki, İslam Respublikası rəhbərliyi BMT-nin hüquq müdafiəçilərinin ölkəyə gəlməsinə icazə verib. Qurumun bu sahə üzrə ali komissarı Navanethem Pilley ölkədə müxalifətə qarşı zorakılıqla bağlı dəfələrlə çıxış etmiş, bundan rahatsız oluduğunu bildirmişdi.
İran İnsan haqları üzrə şuranın baş katibi Məhəmmədcavad Laricani (parlament sədri Əli Laricaninin qardaşı) İsveçrə səfirliyindəki görüşdə N.Pilleyin məsələ ilə bağlı müraciət etdiyini təsdiqləyib. M.Laricani BMT ali komissarının İslam Respublikasına qarşı irəli sürdüyü iddiaları "operativ şəkildə cavablandırmağa hazır" olduqlarını söyləyərək, qurumun nümayəndə heyətini İrana dəvət edib.
|