Xalçaçı-rəssam Eldar Mikayılzadə gələn il Bakıda ilk fərdi sərgisini təşkil edəcək. Sərgidə onun bir çox xalçaları və tabloları nümayiş olunacaq. Rəssam bu sərginin keçirilməsini çox arzuladığını deyir. Əsərləri müxtəlif dünya muzeylərində sərgilənən və şəxsi kolleksiyalarda saxlanılan bu xalçaçı-rəssamın heç bir fəxri adının olmamasına gəlincə, E.Mikayılzadə bu barədə danışmaq istəmədiyini söyləyib:
"Hesab edirəm ki, buna ehtiyac da yoxdur. Əsas sənətdə olan işdir. Fəxri ad olsa da olar, olmasa da. Biri mənə yaxınlaşıb dedi, "çox sağ olun ki, bizi nağıllar aləminə saldınız". Mənim üçün bu, ən böyük dayaqdır". Eldar Mikayılzadə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət İnstitutunu bitirib, 1984-cü ildən xalçaçı-rəssam kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdə London, Paris, İstanbul və Brüsseldə fərdi sərgiləri keçirilib. Farnkfurt sərgisində "Yaranış" xalçası qızıl medala layiq görülüb. Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı və Küveytdə şəxsi kolleksiyalarda saxlanır.
|