Mayın 14-də Azərbaycan Dövlət İncəsənət Muzeyində yeni nəşrin təqdimatı keçirilib. Kitab Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən "Vətənimizi öyrənək" layihəsi çərçivəsində işıq üzü görüb. Layihə iştirakçılarının bildirdiyinə görə, kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin təsviri sənəti, dekorativ-tətbiqi sənəti və memarlığı haqqında məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensiklopediya xarakteri daşıyan bu kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. İncəsənətimizin tarixinə düşmüş sənət inciləri və onların müəllifləri barəsində kifayət qədər sadə və uşaq dili ilə söhbət açılır. Materiallar əsasən incəsənətin rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət və memarlıq sahələrini əhatə edir.
Xəbərdə bildirilir ki, kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilib. Topluya daxil edilən rəngli təsvir materialları isə yazılanların əyani və dolğun qavranılmasına kömək edir. Bu səpkili çap məhsulunun ölkəmizdə uşaqlar üçün hazırlanmadığını nəzərə alsaq, kitabın əhəmiyyətini bir daha körmək mümkündür. Qeyd edək ki, kitab 2500 nüxsə ilə buraxılıb. Yeni nəşrin Bakıda və regionlarda olan kitabxanalara və məktəblərə pulsuz olaraq paylanması nəzərdə tutulub.
|