"Vətən mənə nə verəcək" yox, "mən Vətənə nə verəcəyəm"...
 |
"İnsanlar mənə nə verəcək" yox, "mən insanlara nə verəcəyəm"...
Şənbə, 15.05.2010
|
|
Professor Gövhər Baxşəliyeva ilə dörd-beş il öncə bir beynəlxalq toplantıda tanış olduq. Diqqətimi çəkən iri gözləri, sadə, səmimi davranışı, sakit, amma güclü xarakteri oldu. Və onun həm universitetdə, həm də Milli Məclisdə bacarıqlı olduğunu; işlərini böyük bir ciddiyyət və həssaslıqla yerinə yetirdiyini dərk etdim. Gövhər xanım ilə söhbət edərkən yadıma yeniyetməlik illərində atamızdan eşitdiyimiz sözlər düşdü: "Ağıllı, bilgili, işini əla bilən insanlar sərgilədikləri müvazinətli duruşla özünü o dəqiqə bəlli edər".
- Azərbaycana çox böyük xidmətlər göstərən, 18 il maliyyə naziri olan bir atanın qızı olaraq necə bir çocuqluq illəri yaşadınız?
- Çox xoşbəxt uşaqlıq illəri yaşamışam. Atam, dediyiniz kimi, 18 il Azərbaycanın maliyyə naziri olub. Lakin çox böyük dövlət vəzifəsi daşımasına, işlərin çoxluğuna baxmayaraq, öz ailəsinə böyük diqqət yetirirdi. Uşaqlarına daim nəzarət edir, təhsilimizə çox böyük önəm verir, həmişə dərslərimizlə, uğurlarımızla maraqlanırdı.
Atam bizi tez-tez doğma Bərdəyə aparırdı. Yadımdadır, yaz vaxtı düzlərdə saatlarla lalə yığardıq, dincələrdik. Biz uşaqlıqda çox gözəl günlər keçirmişik.
Bakıda atam bizi dram teatrının, şəhər sirkinin tamaşalarına aparırdı. İldə bir dəfə onun məzuniyyət vaxtında Yessentukiyə istirahətə gedirdik. Bundan əlavə Moskvaya büdcə məsələlərinin müzakirəsi ilə bağlı ezmaiyyətə gedərkən bizi də özü ilə aparırdı. Əlbəttə, bunlar hamısı uşaqlığın unudulmaz anlarıdır. Bunlar üçün öz valideynlərimə minnətdaram.
- Elmi həyata gedən yolunuz necə başladı? Ərəb filologiyası üzrə təhsil almağınız üçün sizə nə kimi təsirlər oldu?
- Mən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olanda düşünürdüm ki, hansı dil üzrə sənəd verim - ərəb, yoxsa fars dili bölməsinə? O vaxt atamın tövsiyəsi ilə məhz ərəb dilini seçdim. Çünki ərəb dili daha geniş regionda işlənir. 18-dək ərəb ölkəsi var.
Bundan başqa, ərəb dili İslamın, müqəddəs Quranın dili olduğuna görə bütün müsəlman ölkələrində geniş yayılıb. Azərbaycanın orta əsərlər elmi də ərəb dilində öz əksini tapıb. Bütün bunlar ərəb dilini seçməyimə səbəb oldu.
Şərqşünaslıq fakültəsinin ərəb bölməsini bitirəndən sonra harada işləyəcəyim, çalışacağım barədə düşünürdük. Birmənalı şəkildə özüm də, atam da belə qərara gəldik ki, Azərbaycan Elmlər Akademiyasında çalışacaq və elmlə məşğul olacağam. Odur ki, akademiyanın Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsində işə qəbul olundum. Çox keçmədi elə həmin institutun qiyabi aspiranturasına daxil oldum. Mövzum "Müasir Suriya ədəbiyyatında vətənpərvərlik" idi. Sankt-Peterburq Dövlət Universitetinin aparıcı alimlərindən Anna Akkadyevna Dolinina elmi rəhbərim təyin olundu. Tez-tez elmi rəhbərimlə görüşmək üçün Sankt-Peterburqa gedib-gəlirdim. Orada kitabxanalarda aylarla işləyir, elmi işim üçün məlumat toplayırdım. Moskvada xarici ədəbiyyat kitabxanasında da çox işləyirdim.
- "Elm - elm bilməkdir, elm - kəndin bilməkdir, Sən özünü bilməzsən, bu necə oxumaqdır", - Yunus Emre elmə belə qiymət verirdi. Sizə görə elm nədir? Ziyalı kimdir?
- Mənə görə elm cəmiyyət, insan, onu əhatə edən bütün aləm, cərəyan edən bütün hadisələr haqqında doğru-dürüst bilik almaq vasitəsidir. Ziyalı kimi elmə yiyələndikcə başa düşürsən ki, hələ sən heç nə bilmirsən. Öyrəndikcə bu həvəs daha güclənir və insan daha da çox öyrənmək istəyir. Ziyalı ziya sözündəndir - işıq, nur deməkdir. Ziyalı ilk növbədə işıqlı, nurlu insana deyilir. Türklər ziyalılara aydınlar deyirlər. Yəni ziyalılar o insanlardır ki, çox yüksək daxili mədəniyyətə malikdirlər və eyni zamanda çox gözəl təhsil alıblar. Ziyalılar öz bilikləri, savadları ilə digərləri ilə daim paylaşmaq həvəsində olur və daim cəmiyyətin inkişafına öz töhfəsini verirlər. Ziyalı təmənnasız öz xalqına, insanlara xidmət etməlidir.
- Azərbaycan Respublikası Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru olarkən Türkiyə ilə bağlı görülən bir çox çalışmalar var. Örnək olaraq: Cəlaləddin Rumi, Yunus Emre, Qaracaoğlan, Rəşad Nuri Güntəkin, Nazim Nikmət, Ömər Seyfəddin, Tofiq Fikrət, Melih Cevdet Anday, Sədri Ertem, Səbahaddin Ali, Orxan Hancerioğlu, Orxan Kamal, Yaşar Kamal, Əziz Nesin kimi bir çox dəyərli yazarların həyatı və əsərləri haqqında kitablar yayınlanmışdır. "Müasir Türkiyənin aktual problemləri", "Atatürk və Türkiyədə mədəni inqilab", "Şərqi Anadolu Ağqoyunludan Osmanlı imperiyasınadək", "Türkiyənin xarici ticarət siyasəti" adlı kitablarında "Türkiyədə sənaye kadrlarının hazırlanması", "Türkiyədə şəhərləşmənin sosial-iqtisadi problemləri" kimi bir çox tezis çalışmaları olduğunu bilirəm. Şərqşünaslıq İnstitutunun direktoru olarkən bu gün Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı üçün görmək istədiyiniz fəaliyyətdən söz edərmisiniz?
- Türkiyənin və türkdilli xalqların tarixi, mədəniyyəti, ictimai fikri, ədəbiyyatı, dili ilə bağlı tədqiqatlar institutumuzda önəmli yer tutur. Azərbaycan - Türkiyə tarixi, mədəni, ədəbi əlaqələrinin tədqiqinə xüsusi diqqət yetirilir. Hazırda Şərqşünaslıq İnstitutunda bu mövzularda 30-a yaxın tədqiqat işi aparılır.
Müasir Türkiyənin iqtisadi inkişafı ilə bağlı ölkəmizdə özəlləşdirmənin həyata keçirilməsinin xüsusiyyətləri, Türkiyənin iqtisadi inkişafının xüsusiyyətləri və onun Azərbaycan üçün əhəmiyyəti kimi mövzularda tədqiqatlar aparılır..
|
|
|
|
|
|
|