Avropa Şurası ölkələri xarici işlər nazirlərinin mayın 11-də Strasburqda keçiriləcək yığıncağında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Bu barədə APA-ya XİN mətbuat katibi Elxan Poluxov məlumat verib.
Xəbərə görə, İsveçrənin xarici işlər üzrə Federal Departamentinin rəhbəri və Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) hazırkı sədri, xanım Mişelin Kalmi-Reyin rəhbərliyi altında keçiriləcək bu toplantıda əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin gələcəyi, Avropa Şurasının rolu və məsuliyyəti, Avropa Şurasının Gürcüstana dair fəaliyyəti, Avropa Şurası - Avropa Birliyi münasibətləri, Avropa Şurasında aparılan islahatlar prosesi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Toplantının sonunda AŞ NK-ya sədrlik növbəti altı ay müddətinə İsveçrədən Makedoniyaya keçəcək.
Bundan əlavə, Mişelin Kalmi-Rey öz ölkəsinin AŞ NK-də altı ay ərzindəki sədrliyi haqda hesabat verəcək, Makedoniya XİN-in rəhbəri isə bu quruma rəhbərlik edəcəyi dövr üçün öz ölkəsinin prioritetlərini açıqlayacaq.
|