İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan Vasif Yusifzadə, İntiqam Qasımov, İlham Gözəlov, Rasim Atakişiyev, Hümbət Talışov, Nəvai Həmidov, Cahangir Quliyev, Şahmar İmranov, Nəsib Həsənov, Zülfüqar Əsədov və Vasif Həsənova hökm oxundu.
İttihama görə, dəstənin üzvlərindən ilk olaraq 20 yaşlı Vasif Yusifzadə və 23 yaşlı İntiqam Qasımov saxlanılıblar. Onlar Şüvəlan qəbristanlığında 806 qram heroini satarkən ələ keçiblər. İstintaq bu narkotiklərin İlham Gözəlov adlı şəxsə məxsus olduğunu sübuta yetirib. Bundan sonra Bakı şəhər sakini 33 yaşlı İlham Gözəlov Əhmədli qəsəbəsindəki evində həbs olunub. Əməliyyat-axtarış tədbirlərini davam etdirən polis əməkdaşları Füzuli rayon sakinləri - 41 yaşlı Rasim Atakişiyev və 26 yaşlı Vasif Həsənovu da yaxalayıblar. Vasif Həsənovun evindən 10 kiloqram, Rasim Atakişiyevin evindən isə 1 kiloqram həşiş tapılıb.
İstintaqla müəyyən olunub ki, narkotik maddələr Azərbaycana İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Hümbət adlı şəxs tərəfindən gətirilir. Keçirilmiş tədbirlər nəticəsində Beyləqan rayon sakini, 51 yaşlı Hümbət Talışov da həbs edilib. Onun mənzilindən sonuncu dəfə İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi 20 kiloqram həşiş və 1 kiloqram heroin aşkarlanıb. İstintaqa ifadəsində Hümbət Talışov narkotiki Rasim Atakişiyevin sifarişi ilə gətirdiyini bildirib.
Qeyd edək ki, transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olduqca məxfi şəraitdə fəaliyyət göstəriblər. Təsadüfi deyil ki, onların bir çoxları hətta bir-birlərini tanımayıblar. Dəstə üzvləri narkobaron Nadir və Rasim Atakişiyev tərəfindən təlimatlandırılaraq fəaliyyət göstəriblər.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vasif Yusifzadə 8 il, İntiqam Qasımov 6 il, İlham Gözəlov 8 il, Rasim Atakişiyev 14 il, Hümbət Talışov 14 il 6 ay, Nəvai Həmidov 9 il, Cahangir Quliyev 7 il, Şahmar İmranov 7 il, Nəsib Həsənov 11 il, Zülfüqar Əsədov 13 il, Vasif Həsənov 14 il müddətinə azadlıqdan məhrum edildi.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Rusiya vətəndaşına da hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Şükürov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xaçmaz Gömrük İdarəsinin Yalama Gömrük Postunda gömrük baxışı keçirilən zaman həmin qatarda sərnişin olan Rusiya vətəndaşı Şahin Şükür oğlu Şükürova məxsus kostyum çexolunun içərisində 2 ədəd bağlamada 6 kiloqram 120 qram narkotik vasitə - həşiş qətranı gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərin apeliyasiya şikayəti təmin edilib. Şirvan Apeliyasiya Məhkəməsində İran vətəndaşı Behruz Rəvanbud və Astara rayon sakini İsrafil Muqdilovun apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin təqsirləndirilən şəxslərin hər birinin barəsində təyin etdiyi 14 il azadlıqdan məhrum etmə cəzası dəyişdirilib və onların hər birinə 13 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Təqsirləndirilən şəxslər ötən il mayın 21-də həbs ediliblər. Onlardan 81 kiloqram 236 qram tiryək aşkar edilərək götürülüb.
|