Azərbaycandan Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan - Rusiya vətəndaşı, Həştərxan şəhər sakini Yunus Bediqov, Xaçmaz rayon sakinləri Şirzal Fətullayev, Firuz Fətullayev və Ədalət Dadaşovun cinayət işi üzrə keçirilən məhkəmə prosesi başladı.
Ötən il sentyabrın 17-də MTN və Baş Prokurorluğun birgə tədbirləri nəticəsində Azərbaycan ərazisindən Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan Yunus Bediqov, Ədalət Dadaşov, Şirzal və Natiq Fətullayevlər Xaçmazda, dəniz sahilində yaxalanıblar.
Mütəşəkkil dəstə üzvlərindən 1 milyon dollar məbləğində müxtəlif ceşidli qiymətli əşyaların qablaşdırıldığı 110 ədəd qutu aşkar edilərək götürülüb.
Dəstə üzvləri qiymətli əşyaların qablaşdırıldığı qutuları gizli qaydada Azərbaycandan Rusiya ərazisinə aparmağa cəhd göstəriblər. Amma onlara qarşı xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib.
2009-cu il sentyabrın 17-də, saat 23:30 radələrində Xaçmazın dəniz sahilində Firuz Fətullayevin idarə etdiyi "01 BX 554" dövlət nömrə nişanlı "Qazel" markalı yük avtomaşını ilə həmin əraziyə gələrək, qutuları iki rezin qayıq vasitəsilə Rusiya tərəfdən sərhədi pozaraq Azərbaycanın ərazi sularına daxil olmuş yüksək sürətli, 8 metr uzunluğu olan katerə daşıyıb yüklədikləri vaxt cinayət başında yaxalanıblar.
Əməliyyat keçirilərkən mütəşəkkil dəstə üzvləri MTN-in "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin tabe olmaq barədə tələblərinə əməl etməyib, əksinə, odlu silahdan atəş açmaqla müqavimət göstəriblər. Nəticədə cavab atəşi ilə Natiq Fətullayev zərərsizləşdirilib, dəstənin digər üzvü Yunus Bediqov isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Məhkəmə prosesində ifadə verən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Məhkəmə davam edir.
|