Avro çətin günlərini yaşayır
 |
Amma bunun Azərbaycana təsiri az olacaq
Şənbə, 08.05.2010
|
|
Yunanıstan böhranının dərinləşməsi və digər ölkələrə yayılması təhlükəsi avronu daimi təzyiq altında saxlayır. Birjalarda avronun dollara nisbətən kursu son bir ildə minimum həddə düşüb. Avro 1 manat 2 qəpikdir. Bu da 2009-cu ilin aprelindən ən aşağı həddir. Ekspertlər bunun son hədd olmadığını deyirlər. Ekspertlərin fikrincə, bunun əsas səbəbi iqtisadi problemlər - xüsusilə Yunanıstandakı vəziyyət və qitənin bəzi ölkələrində problemli borcların artmasıdır.
Dünya birjalarında avroməkanın yaşadığı böhran fonunda avronun ucuzlaşma tendensiyası Azərbaycanda da müşahidə edilib. İlin əvvəlində avronun manata nisbətən ucuzlaşması apreldə də davam edib. Mərkəzi Bankın məlumatına görə, 4 ay ərzində avro 8,1 faiz dəyər itirib. Bu isə o deməkdir ki, əlimizdəki hər 100 avro 4 ay ərzində dəyərini 9,3 manat itirib.
Son proqnozlara əsasən, Yunanıstan böhranının digər ölkələrə yayılma təhlükəsi realdır. Bu isə investorlarda narahatlıq yaradır. Xüsusilə də İspaniya ilə bağlı yayılmış xəbər avroya daha böyük zərbə vurub. Xatırladaq ki, İspaniyanın 280 milyard avro məbləğində yardım almaq üçün Beynəlxalq Valyuta Fonduna müraciət etməsi xəbəri yayıldı. Bu xəbər nəticəsində avro dollara nisbətən son 1 ildə ən aşağı həddə qədər ucuzlaşdı. İspaniya avroməkanda 4-cü ən böyük iqtisadiyyata malik ölkədir. Böhranın İspaniyaya yayılması son nəticədə avrozonanın dağılması ilə sonuclana bilər.
Artıq İspaniyada böhranın əlamətləri müşahidə edilir: 2009-cu ildə büdcə kəsiri yüksək olan ölkələrdən biri olub, işsizlik 20%-ə çatıb. Ona görə də hesab olunur ki, Yunanıstan avrozona üçün problem yaradıb, İspaniya isə onu dağıda bilər.
"Yunanıstanın böhrandan çıxmasını dəstəkləmək üçün təcili tədbirlər görülməsinin vaxtı çatıb", - deyə fondun rəhbəri Dominik Stross-Kann bildirir. Onun fikrincə, Avropa Birliyinin Yunanıstanla bağlı qəbul etdiyi qərarların həyata keçirilməsinə ləngimədən başlamaq lazımdır. Əks halda, Stross-Kann hesab edir ki, problemlər Avropanın digər ölkələrinə də keçə bilər. "Durum getdikcə daha da pisləşir və Yunanıstanın yaşadığı problem bütün Avropaya yayıla bilər", - qurumun rəhbəri belə düşünür.
Avropadakı vəziyyət və Yunanıstanın borc problemləri ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı zamanı da müzakirə olunub. Müzakirədə yunan hökumətinin iqtisadi çətinliyi dəf etməsi üçün "qətiyyətli addım" atması və BVF və AB tərəfindən "vaxtında yardım göstərilməsi" xüsusilə vurğulanıb.
Morgan Stanley bankı hesab edir ki, Yunanıstanın borc böhranı zəncirvarı reaksiya doğura və Almaniyanın avrozonanı tərk etməsi ilə nəticələnə bilər. "Yunanıstana maliyyə yardımı göstərilməsi və Avropa Mərkəzi Bankının öz qaydalarını pozması avrozonanın digər ölkələri üçün təhlükəli presedent yaradır. Bu isə avrozonanı getdikcə zəif valyuta və güclü inflyasiya təzyiqinə malik bədxərc zonaya çevirəcək", - deyə bankın analitik xidmətinin rəhbəri İoahim Fels bildirib.
Banka görə, Yunanıstana maliyyə yardımı böhranın qarşısını almaq üçün zəruridir. Ancaq bu, "gələcəkdə daha ciddi problemlər üçün toxum səpir" deyən Fels qeyd edib ki, zəif dövlət üçün Avropa maliyyə birliyindən çıxmaq asan deyil. Çünki bu dövlət yüksək dərəcə ilə cərimə ödəməli olacaq, avro ilə qiymətləndirilən borc müqavilələri ilə yüklənəcək və ola bilsin ki, kapital axınının qarşısını almaq üçün nəzarət mexanizmlərini həyata keçirməli olacaq. Prinsip etibarilə Almaniyada vəziyyət fərqlidir. Onun Avropa maliyyə birliyindən çıxışı monetar sabitliyi təmin etmək imkanı yaradacaq. "Görünür, bu son mərhələyə hələ ki çatmamışıq", - Fels yazır. Ancaq hadisələrin indiki gedişində avrozonanın dağılması mümkündür. Risk kifayət qədər yüksəkdir, bunun maliyyə bazarları üçün nəticəsi çox təhlükəlidir. İnvestorlar əbəs yerə dağılma riskini inkar edirlər.
İqtisadçı Samir Əliyev avronun ucuzlaşmasının davam edəcəyini də proqnozlaşdırır: "Yunanıstanda artıq cəmiyyət tərəfindən hökumətin antiböhran tədbirlərinə müqavimət var. Tətillər ölkəni bürüyüb. Bu vəziyyət hökumətin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirməsini şübhə altına alır. Çünki hökumət büdcə kəsirini 30 milyard avro ixtisar etməklə, 2014-cü ilə kimi ÜDM-in 3%-i həddinə endirmək niyyətindədir. Bunun üçün vergilərin qaldırılması, pensiya və maaşların ixtisarı nəzərdə tutulur. Yunan həmkarlar isə bununla razılaşmır. Üstəgəl İrlandiya, İspaniya, Portuqaliyada müşahidə edilən potensial böhran avronu uzun müddət təyziq altında saxlayacaq. Ola bilsin, müəyyən zaman kəsimlərində Avropa Birliyinin tədbirləri nəticəsində avronun kursunda artım baş versin. Amma bu çox çəkməyəcək. Ümumilikdə avro daha da dəyərsizləşəcək"
İqtisadçı hesab edir ki, avronun ucuzlaşması Azərbaycandakı qiymətlərə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanın xarici iqtisadi ticarətində avronun payı 15 faizi ötmür: "Bu baxımdan idxal mallarının ucuzlaşmasından söhbət gedə bilməz. Müəyyən ucuzlaşma qeyri-ərzaq mallarında, xüsusən də Almaniya və Fransadan gətirilən avtomobillərin qiymətində müşahidə edilə bilər. Amma bu çox cüzi ola bilər".
|
|
|
Oxşar xəbərlər:
"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
Azərbaycan mətbuatının neçə yaşı var?
Almaniya yığması Bakıya gəlir
|
|
|