Bakıda boks üzrə gənclərin dünya çempionatı başa çatdı. Azərbaycan boksçuları 96 ölkənin 500-dək idmançısının iştirak etdiyi birinciliyi 2 qızıl, 1 bürünc medalla başa vurdular.
Boksçularımız arasında yüksək əyarlı ilk medala Salman Əlizadə (48 kq) layiq görülüb. Salmanın ardınca daha bir boksçumuz - Şaban Şahpələngov (51 kq) final döyüşünü udaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Adını mükafatçılar sırasına yazdıran üçüncü həmyerlimiz isə çempionatı üçüncü yerdə başa vurub: Elvin İsayev (57 kq) yarımfinalda uduzaraq, bürünc medalla kifayətlənib. Hər üç boksçumuz avqustun 14-dən 26-dək Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Gənclər arasında boks üzrə dünya çempionatında milli komandamız uğurlu nəticəyə imza atıb. Yığmamız ümumi komanda hesabında 96 ölkə arasında ikinci olub. 2 qızıl, 1 bürünc medalla 31 xal toplayan millimiz yalnız 38 xala malik Kubadan (3 qızıl, 1 gümüş, 1 bürünc) geri qalıb. 1 gümüş, 2 bürünc medal qazanan Rusiya 3-cü yerlə kifayətlənib. Ümumilikdə dünya çempionatında 11 dəst medala cəmi 30 ölkə sahib olub.
Şaban Şahpələngov dünya çempionatının ən yaxşı boksçusu sayılıb. Bokçumuz bütün görüşlərində yüksək texnika, baxımlı mübarizə və inamlı qələbələr əldə etdiyi üçün Beynəlxalq Həvəskar Boks Assosiasiyası tərəfindən xüsusi mükafata layiq görülüb. Qeyd edək ki, Şaban Şahpələngov dünya çempionatında 6 görüş keçirib. O, Braziliya, İrlandiya, Çin, Hindistan, Rusiya və Puerto-Rika boksçularını məğlub edib. Şaban Şahpələngov bütün görüşlərini böyük hesablı qələbələrlə başa vurub.
|