çap et  
Tehranın tükənməz erməni sevgisi
Tehranın tükənməz erməni sevgisi
və türklüyə dərin nifrəti
Şənbə, 08.05.2010

S.Soltan

Ötən həftə Ermənistanın elm və təhsil naziri Armen Aşotyan Tehranın Yerevan səfiri Seyid Əli Saqaiyanla görüşüb. Saqaiyan erməni naziri İrana dəvət edib. Armen Aşotyanın sözlərinə görə, bu səfər iki ölkə arasında ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək.

Nazir İran və Ermənistan universitetlərinin diplomlarının qarşılıqlı tanınması probleminə diqqəti yönəldib. İranlı diplomat səfər zamanı bu məsələnin də çözüləcəyinə ümidvar olduğunu bildirib.

İslam Respublikasındakı ermənidilli məktəblərdən danışaraq, Seyid Əli Saqaiyan xatırladıb ki, təkcə Tehranda 24 ermənidilli məktəb var, amma Təbriz, Urmiya, İsfahanda da erməni məktəbləri fəaliyyət göstərir.

Keşiş Təbrizdə dəfn olundu

Ötən həftə erməni keşişi, Şərqi və Qərbi Azərbaycan (ermənilər bu ərazini "Atrpatakan" adlandırır) erməni kilsəsinin öndəri Nişan Topuzyan ölüb. Onu Təbrizdə dəfn ediblər. Keşiş İrəvanda "Müqəddəs Qriqori" xəstəxanasında keçinib...

Xatırladaq ki, 44 yaşlı Nişan Topuzyan Livan əsilli olub. 1991-ci ildən Təbrizə göndərilərək, Azərbaycan yeparxiyasının başçısı vəzifəsinə təyin edilib. Topuzyan türk, fars və ərəb dillərində danışa bilirmiş.

Azərbaycan əraziləri "erməni torpaqları" elan edilir

Tehran hakimiyyəti ermənilərin 1918-ci ilin martında Güney Azərbaycanda türklərə qarşı törətdikləri soyqırımın üstündən ya üstüörtülü keçir, ya da xatırlamaq istəmirlər. Həmin illərdə Güney Azərbaycanın çeşidli bölgələrində İran təbəəsi olan 100 mindən çox türk qətlə yetirilib. Biz bunu bilirik, sadəcə, İran İslam Respublikasının rəhbərliyi üçün xatırladırıq.

İslam Respublikası rəhbərliyinin bu etnik azlığa tükənməz sevgisi, onların nazı ilə oynaması təzə söhbət deyildir. O dərəcədə ki, bir sıra tarixi mədəniyyət abidələrinin erməniləşdirilməsinə belə göz yumurlar. Görünür, bunun sonrasını fikirləşmirlər.

"newsarmenia" saytının xəbərində bildirilir ki, erməni arxitekturasını araşdıran ictimai təşkilat bu ilin yayında "İrandakı erməni tarixi abidələrinin araşdırılmasına başlayacaq". Bu haqda təşkilatın İrəvan şöbəsinin başçısı Samvel Karapetyan deyir. Onun sözlərinə görə, işlər ayyarımdan sonra başlanacaq.

Xəbərdəki bu hissəni olduğu kimi diqqətinizə çatdırırıq : "Bu irimiqyaslı proqram Ermənistanın tarixi torpaqlarındakı, o cümlədən Qaradağ, Xoy, Salmast (əslində Salmasdır - S.S.) (erməni mənbəsinin qeyd etdiyi bu bölgələr Azərbaycanın qədim torpaqları, Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətidir - S.S.), eləcə də İrandakı başqa ərazilərdə erməni abidələrini araşdıracaq".

Göründüyü kimi, bu saat İranın yurisdiksiyası altında olan tarixi Azərbaycan torpaqlarını artıq "Ermənistanın tarixi ərazisi" kimi təqdim etməkdən belə çəkinmirlər. Bəlkə İranın bu torpaqlardan əlini üzdüyündən xəbər tutublar, yoxsa belə cəsarətlə danışmazdılar.

Samvel Karapetyan qeyd edib ki, layihə Tehrandakı "Vaçe Ovsepyan" dövlət muzeyi əməkdaşlarının birgə iştirakı ilə gerçəkləşdiriləcək. Onun sözlərinə görə, əvvəllər təşkilat özünümaliyyələşdirmə hesabına bu sayaq layihələr icra edirdisə, indi bu proqram Ermənistanın dövlət büdcəsi hesabına həyata keçiriləcək.

Karapetyan belə layihələri ötən il Gürcüstan və "Dağlıq Qarabağın azad olunmuş ərazisində" gerçəkləşdirdiklərini söyləyib: "Hazırda biz Dağlıq Qarabağ hakimiyyəti (!? - S.S.) ilə birlikdə Artsaxın (!?-S.S.) azad edilmiş yerlərindəki kənd qəbristanlığını öyrənməklə məşğuluq. Qəbristanlıqlar yerli sakinlərin bir növ pasportudur" və s.

Bu bir erməni təşkilatı şöbə başçısının dediklərindən örnəklərdir. Bu sayaq uydurmalara və saxtalaşdırma metodlarına yaxşı bələdik. Bu kimi işlərin "səsi sonra çıxır".

Şirin İbadi İrəvanda nələrdən danışıb

Ötən ayın ortalarında İrəvanda Beynəlxalq İnsan Haqları Təşkilatının toplantısı keçirilirdi. Həmin yığıncaqda Nobel mükafatı laureatı Şirin İbadi İslam Respublikasında etnik azlıqların hüquqlarında yaşanan problemlərindən danışıb.

"Novosti-Armeniya"ya istinatdən məlumatda bildirilib ki, İran parlamentinin erməni deputatları Gevork Vardan və Robert Bəgləryan Nobel mükafatçısının dediklərini təkzib ediblər.

Erməni deputatların bəyanatına görə, əksinə, son on illərdə Ermənistan-İran əlaqələrində inkişaf müşahidə edilir, eləcə də iki ölkənin xalqları arasında təmas və etimad yaranıb: "Təbii ki, mövcud şəraitdə anlaşma, dəyərlərə, biri-birinin maraq və hədəflərinə hörmət qarşılıqlıdır".

Vardan və Bəgləryan Şirin İbadinin İrəvandakı seminarda İranda yaşayan dini və etnik azlıqların problemləri barəsində dediklərinin "həqiqətə uyğun olmadığını" bildirərək, təəssüfləndiklərini bəyan ediblər: "Biz bu sayaq bəyanatları qınayırıq. Biz belə məsələlərə mülki və hüquqi sahələrdə fəaliyyət göstərənlərin daha çox diqqət ayıracaqlarını gözləyirik".

Bir sözlə, Tehranın tükənməz erməni sevgisi göz önündədir. Onların təhsil və dini hüquqları təmin edilib, erməni əsilli deputatlar vəziyyətdən razıdırlar. Türkün dükanının adının türkcə olması, türkcə təhsil almaq arzusu isə qorxulu bir təzahür kimi görülür və - terror, işgəncə, həbs, həqarət, dar ağacları işə düşür...