Polşanın Azərbaycan Səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi gənc pianoçuların Frederik Şopen festivalını keçirəcəklər.
Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətindən verilən açıqlamaya görə, 11-13 may tarixlərinə planlaşdırılan bu festival dünya şöhrətli polyak bəstəkarı Frederik Şopenin 200 illik yubileyinə həsr olunub. Festivalda Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edəcəklər.
Festival iki - 13, 14-17 yaş qrupu üzrə keçiriləcək. Hər iki qrup üzrə iştirakçıların seçimi iki mərhələdən ibarət olmaqla onların dinlənilməsi yolu ilə baş tutacaq. Festivalda gənc pianoçular İ.S.Baxın iki və ya üç səsli invensiyasını, Y.Haydn, V.A.Motsart və L.V.Bethovenin sonatalarını, F.Şopenin mazurka, polonez, prelüd və valslarını, Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcəklər. Bu zaman bütün əsərlər əzbərdən ifa olunmalıdır.
Dinlənilmə prosesi, o cümlədən laureatların konserti keçiriləcək. Hər iki yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən qaliblər müvafiq diplom və hədiyyələrlə təltif olunacaqlar. Laureatların konserti ilə festivala yekun vurulacaq. Xüsusi mükafat olaraq festivalın ən yaxşı ifaçısı müəllimi ilə birlikdə Polşanın Azərbaycan səfirliyinin hesabına Poznan şəhərində Frederik Şopen Beynəlxalq Müsabiqəsinə dəvət olunacaqlar.
|