Mayın 20-də "40-cı qapı" bədii filminin təqdimat mərasimi keçiriləcək. Mərasimdən öncə axşam saatlarında KİV ilə 40 dəqiqəlik mətbuat konfransı olacaq. Bu barədə "Ayna"ya filmin rejissoru Elçin Musaoğlu danışaraq bildirdi ki, görüşdə filmin baş rollarının ifaçıları Həsən Səfərov, Gülər Nəbiyeva və Rövşən Ağayev, Mədəniyyət və Turizm Nazirliyi kino şöbəsinin təmsilçiləri və filmin prodüseri Xaqani Həşimov iştirak edəcəklər.
Mərasimdə "H.O.S.T" rok qrupunun filmə yazdığı "40-cı qapı" saundtrekti səsləndiriləcək, sonra muğam ustası Alim Qasımov, "Natiq" ritm qrupunun ifası dinləniləcək. Daha sonra filmin dünya festivallarındakı uğurlarından bəhs edən video-rolik göstəriləcək və ardınca filmin nümayişi başlanacaq. Belə ki, film çəkildikdən sonra bir sıra festivallara göndərilsə də, ölkə seyrçilərinin və kinoşünasların mühakiməsinə hələ də təqdim olunmayıb.
Mərasimdə Milli Məclisin üzvləri, nazirliklərin, səfirliklərin, Milli Elmlər Akademiyasının, Heydər Əliyev Fondunun təmsilçilərinin iştirakı gözlənilir.
|