Yanukoviç saatını Moskva vaxtı ilə qurmağa hazırlaşır?
 |
Və bunun əlamətləri
Şənbə, 01.05.2010
T.VƏLİXANLI |
mətn ölçüsü |
|
|
|
Strateji müttəfiq kimi bildiyimiz Ukraynada siyasi ab-hava yenidən gərginləşməkdədir. Növbədənkənar parlament seçkiləri tələbi yeni inqilabi əhval-ruhiyyənin formalaşmasını göstərir. Viktor Yanukoviçin simasında isə Rusiya hələ ki digər qonşu dövlətlərə əzələ nümayiş etdirir kimi görünür. Azərbaycan üçün siyasi əhəmiyyət kəsb edən daha vacib məsələ Ukrayna prezidentinin GUAM-a münasibəti və tanınmamış separat strukturları tanımaq istəyi ola bilər. Bu baxımdan Ukraynadakı siyasi proseslərin diqqətlə izlənməsi və məntiqi nəticə çıxarılması vacibdir.
Ukrayna prezidenti Viktor Yanukoviç bu il martın 29-da "Qara Dəniz Donanmasının Ukrayna ərazisində yerləşməsi barədə Ukrayna və Rusiya Federasiyası arasında razılaşmanın ratifikasiyası" haqqında qanuna imza atdı. Bundan əvvəl isə müxalifətdən olan deputatların müqavimətinə baxmayaraq, Ali Rada da Rusiya ilə həmin razılaşmanı ratifikasiya etdi.
Beləliklə, Qara Dəniz Donanmasının Krımda yerləşdirilməsinin vaxtı 25 il, nə az nə çox - düz 2042-ci ilə qədər uzadıldı. Bunun əvəzində Moskva Kiyevə satdığı qazın qiymətini 30 faiz aşağı saldı.
İlkin hesablamalara görə, bundan sonra Ukrayna büdcəsi ildə 4 mlrd. dollara qənaət edəcək, lakin bir şərtlə - qazın alışı 40 mlrd. kubmetrdən az olmamalıdır. Bu razılaşma 2017-ci ildə qüvvəyə minəcək. O da bildirilir ki, Rusiyanın təkidi ilə qazın qiymətinin ucuzlaşdırılması ayrıca müqavilə ilə yox, məhz dəniz donanması ilə bağlı razılaşmaya salınıb. Bu o deməkdir ki, donanma barəsində razılaşma olmasaydı, qazın qiymətində endirim də olmayacaqdı.
Viktor Yanukoviçin fikrincə, Qara Dəniz Donanması barədə razılaşma Ukrayna qarşısında duran yetərincə qlobal problemləri həll edəcək:
- birincisi, RF ilə münasibətlərin normallaşması və bunun müqabilində ölkəni sosial-iqtisadi uçurum həddinə gətirən qaz haqqında əvvəlki müqavilələrin dəyişdirilməsi;
- ikincisi, hər bir ukraynalının sosial rifahının yaxşılaşdırılması, ölkə iqtisadiyyatının dərin böhrandan çıxmasının başlanması. Daxili siyasət innən sonra yoxsulluqla, korrupsiyayla mübarizə kursu kimi qəbul edilməlidir;
- üçüncüsü, Avropanın enerji təhlükəsizliyinə zəmanət alınması. Artıq Rusiyadan Ukrayna ərazisi vasitəsi ilə Avropaya enerji daşıyıcıları nəqlində problem olmayacaq;
- və nəhayət, ölkə başçısı ilə baş nazir arasında qarşıdurmaya son qoyulması. Parlamentdə güclü koalisiya formalaşması.
Büdcənin qəbul olunması. Bir sözlə, Ukraynada hökm sürən xaosa son qoyulur və ölkə çoxdan gözlədiyi stabilliyə nail olur.
Lakin bu doğrudan da belədirmi?
Ukrayna müxalifətinin hərəkətlərinə və bəyanatlarına diqqət etsək görərik ki, stabilliyə hələ çox var. Qorxulu olan budur ki, hazırda Ukrayna inqilabi proseslərin yeni mərhələsinin və ölkənin parçalanmasının astanasındadır.
Ukrayna müxalifəti artıq ölkədə növbədənkənar parlament seçkiləri tələbi ilə çıxış edir və bu istiqamətdə müəyyən işlər aparmaqdadır. Əsas məqsəd - parlament seçkilərində demokratik qüvvələrin üstünlüyü ilə qalib gəlmək və Yanukoviçə qarşı impiçment proseduru başlamaqdır.
Söyləmək olmaz ki, müxalifət qarşıya qoyduğu məqsədə çatmağı bacarmayacaq. Nəzərə alsaq ki, müxalifətin bu təşəbbüsü "Ukraynanı xilas edək!" şüarı altında keçəcək, onda, şübhəsiz, Yanukoviç əleyhdarlarının uğur qazanacağına şübhə etməyə dəyməz. Digər tərəfdən, müxalifətin Ukraynanın müstəqilliyini itirmək qorxusu olduğunu deməyə müəyyən əsasları var.
Bundan əlavə, Ukrayna Konstitusiyasının normaları, konkret olaraq 17-ci maddəsi pozulub. Həmin maddəyə əsasən, Ukrayna ərazisində hər hansı xarici dövlətin hərbi bazasının yerləşdirilməsi qəti qadağandır. Müxalifətin fikrincə, indiki hakimiyyətin real addımlarından açıq-aydın görünür ki, Yanukoviç ruslaşmaya və milli maraqların ziddinə kurs götürüb. Belə gedərsə, Yanukoviç komandası ruslara Ukraynanın digər strateji resurslarını təhvil verməyə hazırdır.
Bir sözlə, bu gedişlə Yanukoviç hakimiyyəti Ukrayna cəmiyyətini parçalayacaq və müxalifəti birləşdirəcək. Lakin ölkədə etiraz əhval-ruhiyyəsinin güclənməsi gec-tez öz növbəsində elitaya da sirayət edəcək. Bütün bunlar Ukraynanın zəifləməsinə səbəb olacaq ki, bu da Rusiyanın ikiqat qələbəsi kimi görünəcək.
Digər tərəfdən, yeni hakimiyyətin Qərbin Ukraynada demokratik islahatların həyata keçirilməsi cəhdlərinə də zərbə endirəcəyi gözləniləndir. Bu isə öz növbəsində ölkənin enerji sektorunda islahatlar aparılmasını əngəlləyəcək və oliqarxlar arasında kəskin mübarizəni daha da qızışdıracaq.
Prezidentin addımları
Çox maraqlıdır ki, prezidentliyinin ilk günlərindən Yanukoviç nümayişkaranə olaraq rusiyayönlü addımlar atmağa başladı. Birincisi, Ukraynanın NATO-ya qəbuluna hazırlıq məsələsinə dair komissiyanı ləğv etdi. Digər fərmanı ilə prezident avroatlantik inteqrasiya məsələləri üzrə milli mərkəzin fəaliyyətini dayandırdı. Bununla da Yanukoviç təsdiq etdi ki, onun ölkəsi NATO-ya qəbul olunmaq fikrində deyil. Son hadisələr isə onu göstərdi ki, Rusiya minimum 30 il ərzində Krımda hərbi iştirakını təmin etməklə Ukraynanın özünə NATO-nun qapılarını uzun müddət bağlamış oldu. Aydındır ki, ərazisində xarici dövlətin hərbi bazası yerləşdirilən ölkəni Alyansa qəbul etmirlər.
Həmçinin NATO-nun Yaxın Şərqdə və Mərkəzi Asiyada potensial rəqiblərinə qarşı Qara dənizdən baza qismində istifadəsi əngəllənmiş oldu.
Məsələn, Pentaqon elə güman edirdi ki, İrana yönəlmiş raket əleyhinə müdafiə sisteminin bir qismini gəmilər vasitəsilə Qara dənizdə yerləşdirəcək.
İkincisi, Yanukoviç bəyan etdi ki, 1930-cu illərdə mövcud olan aclıq heç də soyqırım kimi qiymətləndirilə bilməz. Ondan öncə eks-prezident Viktor Yuşşenko Qolodomor mövzusunu çox aktiv şəkildə aktuallaşdıraraq soyqırım kimi təqdim edirdi ki, bununla da Kremlin qəzəbinə tuş gəlmişdi.
Üçüncüsü, yeni prezident Ukraynada rus dilinin göz bəbəyi kimi qorunacağına söz verdi.
Nəhayət, Yanukoviçin GUAM-la bağlı fikirləri daha diqqətçəkici oldu. O, bu qurumun əleyhinə çıxdı. Xatırladaq ki, GUAM-ın yaranması təkcə Avrasiya nəqliyyat dəhlizi proyekti xətti ilə Avropaya neft daşınması ilə bağlı deyildi. Belə ki, Azərbaycan üçün önəmli prinsiplərdən biri tanınmamış separat strukturlar olan Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ, Dnestryanı ilə bağlı ciddi fikir ayrılıqlarının GUAM çərçivəsində həll imkanlarının olması idi.
Ukrayna 2005-ci ilə qədər prezident Leonid Kuçmanın mövqeyinin təsiri altında Rusiya ilə müvazinətli siyasət aparmağa çalışırdı. Bu o deməkdir ki, Ukrayna həm Rusiya, həm də NATO dövlətlərinin maraqlarını nəzərə alır və ehtiyatlı siyasət yürüdürdü.
Məsələn, Ukrayna rəhbərliyi GUAM nəzdində sülhməramlı batalyon yaradılmasının əleyhinə çıxaraq qurumun təhlükəsizlik sferası çərçivəsində fəaliyyətinə də xitam verdi. Halbuki 1999-cu ilə qədər QUAM nəzdində sülhməramlı batalyon yaradılması həllini tapmış məsələ sayılırdı.
Lakin Ukrayna rəhbərliyinin apardığı hazırkı siyasət onu nümayiş etdirir ki, nəinki təhlükəsizlik məsələləri, hətta artıq onun maraqları strateji səviyyədə Qərbi Avropaya Qara dəniz ərazisindən neftin nəqlini nəzərdə tutan və ABŞ, Türkiyə, Gürcüstan və Azərbaycan tərəfindən dəstəklənən Avrasiya nəqliyyat proyekti ilə də üst-üstə düşmür.
ABŞ və Avropa birliyi üçünsə GUAM çərçivəsində formalaşmış münasibətlər çox böyük əhəmiyyət kəsb edirdi.
Əvvəla ona görə ki, GUAM çərçivəsində Rusiyadan kənar enerji koridorları proyektlərinin həyata keçirilməsi nəzərdə tutulurdu. Rusiya siyasətçiləri və ekspertləri radikal münasibət bəsləyərək bu qurumun fəaliyyətinin antirusiya kontekstindən çıxış etdiyini vurğulayardılar. O ki qaldı Ukraynaya, GUAM-dan imtina etməklə Moskva ilə hər hansı prinsipial məsələdə danışıqlarda təsir qüvvəsi rolu oynaya biləcək bir meydandan imtina etmiş oldu.
Abxaziya və Cənubi Osetiyanı tanıyacaqmı?
Nəhayət, Yanukoviçin son bəyanatlarından məlum olur ki, Ukrayna Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanımaq niyyətindədir. Bu isə öz növbəsində Gürcüstanın narahatlığına səbəb olmaya bilməz.
Brüsselə səfəri zamanı da Yanukoviç Rusiya siyasətçilərini məmnun edəcək ifadələrdən istifadə etdi: "Biz qətiyyən ikili standartların əleyhinəyik. Müstəqilliyin verilməsi kriteriyalarının müəyyənləşdirilməsi və dondurulmuş münaqişələrin həll yollarının tapılmasının vaxtı çatıb. Ukrayna dondurulmuş münaqişələr ərazisində yaşayan xalqların hüquqlarını tanımağa hazırdır".
Məsələnin təhlükəli tərəfi ondadır ki, Yanukoviçin timsalında Rusiya digər qonşu dövlətlərə də öz təsir imkanlarını bərpa etmək gücündə olduğunu nümayiş etdirməklə, bu istiqamətdə daha radikal addımlar ata biləcəyini göstərir.
Ələlxüsus da Qırğızıstanda baş verən son hadisələr - yenə üsyan nəticəsində Kremlin bəyənmədiyi hakimiyyətin devrilməsi buna örnək ola bilər.
Rusiya siyasi dairələrində elə düşünə bilərlər ki, artıq uğur onların tərəfindədir. Amma siyasi proseslərin hansı məcrada inkişaf edəcəyini zaman göstərər...
|
|
|
Oxşar xəbərlər:
Sənətçilərimizin Ukraynada silsilə konsertləri
Səfir Boris Klimçuk: "2009 ikitərəfli münasibətlərdə uğurlu il oldu"
Ukraynalı "Eurovision"çunun namizədliyi geri götürüldü
Mənsum İbrahimov muğamı simfonik orkestrlə birgə səsləndirib
|
|
|