Gənclər terrora yox deyirdilər...
 |
Lakin paytaxt polisinin sərt rəftarı ilə üzləşdilər
Şənbə, 01.05.2010
|
|
Gücləndirilmiş polis dəstələri və mülki geyimli şəxslər dünən səhər saatlarından Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 2-ci korpusunun ərazisini mühasirəyə alaraq kimsənin ərazidən keçməsinə imkan verməyiblər.
Polis bu tədbirləri 30 aprel 2009-cu ildə bu ünvanda baş vermiş müdhiş terror hadisəsi qurbanlarının xatirəsini sivil qaydada anmaq istəyən tələbə-gənclərin qarşısını almaq məqsədilə görmüşdü. Əməliyyata isə şəxsən Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Yaşar Əliyev rəhbərlik edirdi. Beləliklə, polis əllərində qərənfil tutaraq ADNA-nın binasına tərəf Azadlıq prospekti istiqamətindən irəliləmək istəyən gənclərin qarşısını aldı. Nəticədə bir neçə gənc də həbs edildi...
Gəncləri metronun "28 May" stansiyası istiqamətinə sıxışdıran polis buradakı avtomobilləri də evakuatorlarla yığışdırdı. Daha sonra metronun bu stansiyasına giriş-çıxış da məhdudlaşdırıldı. Demək olar ki, şəhərin bütün mərkəzi küçələri polis və naməlum mülki geyimlilərin nəzarətində idi. Terror qurbanları olan tələbələrin xatirəsini anmağa əllərində qərənfil tutaraq gələn gənclərin bu addımlarının belə radikallıqla qarşılanması heç də anlaşılan olmadı.
"Turan"ın informasiyasına görə, rəsmi məlumatlara baxmayaraq Neft Akademiyasında heç bir tədbir keçirilməyib. Yalnız foyedə həlak olanların portretləri asılıb, vəssəlam.
Habelə polis önləyici tədbirlər görmək üçün srağagündən fəallaşıbmış. Belə ki, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı srağagün izlənilərək həbs edilib. Qohumlarının sözlərinə görə, o, saat 11-də evdən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanıb, onu zorla avtomobilə əyləşdirərək aparıblar. Axşam DİN nümayəndəsi Ehsan Zahidov bildirib ki, Abbaslı ictimai asayişi pozduğuna görə saxlanıb. Amma "ictimai asayiş" mövzusunun nədən ibarət olduğu açıqlanmayıb.
Hüquq-mühafizə orqanlarının ciddi cəhdlərinə baxmayaraq Neft Akademiyası ətrafında gənclərin aksiyası baş tutmuş hesab edilə bilər. Belə ki, icazəsiz aksiyada yüzdən çox gənc saxlanılıb. Hadisə yerindən "Turan"ın müxbirlərinin verdiyi məlumata görə, bir neçə nəfərdən ibarət gənclər qrupları toplaşaraq terror əleyhinə şüarlar səsləndirməyə başlayırlar. Bu taktika polisləri çıxılmaz vəziyyətə salır, onlar növbəti aksiya iştirakçıları qrupunun haradan çıxacağını bilməyiblər.
Bir qrupu saxlayıb avtobuslara basana qədər digər qrup peyda olur və şüarlar səsləndirməyə, plakatlar qaldırmağa başlayıb. Proses təxminən saat 13.00-da başlayıb və Cəfər Cəbbarlı meydanı ərazisində fasiləsiz davam edib. Polis metrodan çıxışı bağlayıb və çıxmaq istəyən hər kəsi geriyə qaytarıb.
Bu arada, təhsil naziri Misir Mərdanov Neft Akademiyasına gəlib, lakin başqa heç kim binaya buraxılmayıb. Polis aksiya zonasının yaxınlıqdakı meydanları və metro stansiyalarını da əhatə edəcəyini ehtimal edərək, bu əraziləri də nəzarət altına götürüb.
Xatırladaq ki, dünən ADNA-da 13 nəfərin həyatına son qoyan faciənin bir ili tamam oldu (onlardan 12-si tələbələr və müəllimlər idi). 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov ADNA-nın ikinci korpusunun binasına daxil olaraq, tapançadan qarşısına çıxan hər kəsə atəş açıb, sonra isə özünü öldürüb. Həmin hadisədən bir il keçib, lakin istintaq hələ də cinayətin səbəblərini müəyyən etməyib. Açıqlanan təfsilatlar qaneedici deyil və çoxlu əlavə suallar doğub.
Faciədən dərhal sonra Prezident Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov cinayətin siyasi motivlərini təkzib edərək, onu "faciəvi təsadüf" adlandırıb. Cinayət işi 120.2.2 (xuliqanlıq niyyətilə adam öldürmə); 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 228.1-ci (qanunsuz silah saxlama) maddələri ilə açılıb. 4 nəfər həbs edilib - Qədirovun qohumları və həmkəndliləri. Bu zaman əsas diqqət Qədirovun psixi xəstə olmasına yönəldilib (bu barədə DİN rəhbəri Ramil Usubov bildirib). Eyni Zamanda hüquq-mühafizə orqanları Qədirovun əslən erməni olan şəxslərlə əlaqələri olduğunu bildirib. Xüsusən, Qədirov tapançanı Gürcüstanda erməni Qriqoryanın köməyi ilə əldə edib. Hüquq-mühafizə orqanlarının qarmaqarışıq məlumatlarından cinayətin motivini anlamaq olmur. Bu ya dəlinin aksiyası, ya planlaşdırılmış aksiya idi. Bu il aprelin 12-də bu iş üzrə məhkəmə prosesi başlayıb, prosesdə yenə də "erməni izi" üzə çıxıb.
"Turan"ın məlumatına görə, məhkəmə qarşısına Gürcüstan vətəndaşları Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov çıxarılıb. Cinayət işinin materiallarına artıq yeni maddələr əlavə edilib: 214 (terrorizm), 206 (qaçaqmalçılıq), 234 (qanunsuz narkotik saxlama) və s. Müttəhimlər bir ağızdan bildiriblər ki, istintaq zamanı işgəncələrə məruz qalıblar.
İttiham aktına əsasən, Gürcüstan vətəndaşı, Marneuli rayonunun Şulaver kəndindən Mardun Qumaşyan qonşu Daştəpə kəndində yaşayan müttəhimlərlə sövdələşməyə girib. Qumaşyan onları və Fərda Qədirovu Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. Qumaşyan bütün müttəhimlərə 50 min dollar vəd edib. O, əvvəlcədən Qədirova 5 min manat ödəyib. Fərda Qədirov Tbilisidə silah mağazalarından birindən "Makarov" tipli tapança və güllə alıb. Qumaşyan qalan pulları terror aktı törədildikdən sonra ödəyəcəyini vəd edib.
Belə ki, ADNA baş verən terror aktının sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib. Bu barədə "Turan"a Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Qumaşyan barəsində axtarış elan edilməklə məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib və cinayət işinin materiallarından ayrıca icraata ayrılıb, hazırda həmin iş üzrə istintaq tədbirləri davam etdirilir. Lakin Eldar Sultanov Azərbaycan hakimiyyətinin Qumaşyanın ekstradisiyası çağırışı ilə Gürcüstana müraciət edib-etmədiyini bildirməyib.
Dünən axşam saatlarında isə Sülh və Demokratiya İnstitutu bəyanat yayaraq saxlanılan onlarla gəncin Nəsimi rayon Polis İdarəsində döyüldüyünü bildirdi. Məlumatda saxlanılanların ümumi sayının 150 nəfəri keçməsi, onların Nəsimi rayon Polis İdarasinin bölmələrinə döyülərək aparıldıqları qeyd olunur.
"Nəsimi rayon Polis İdarəsində, o cümlədən 21-ci bölmədə 13 nəfər, 20-ci bölmədə 10 nəfər, 19-cu bölmədə 7 nəfər saxlanılırdı. Nəsimi rayon Polis İdarəsində mülki geyimli şəxslər olis rəisi Məmməd Mikayılovun gözləri qarşısında saxlanılanları döyüblər", - deyə bəyanatda qeyd olunur.
|
|
|
Oxşar xəbərlər:
Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır
Tehranda yeni kortəbii nümayişlər
Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir
İsrail səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhd edənlərin məhkəməsi başlayıb
|
|
|