Azərbaycan üzərindən Əfqanıstana ötürülən NATO-ya məxsus humanitar yüklərə məhdudiyyətin tətbiqi barədə məlumatlar həqiqəti əks etdirmir. Bunu APA-ya açıqlamasında bir sıra xarici KİV-lərdə Azərbaycanın ölkə ərazisindən, TRACECA dəhlizi vasitəsi ilə Əfqanıstana ötürülən humanitar yüklərə məhdudiyyət tətbiq etməsi barədə yayılan məlumatlara münasibət bildirən TRACECA Azərbaycan milli katibliyinin rəhbəri Akif Mustafayev bildirib.
Qeyd edək ki, bu günlərdə xarici və ölkə mətbuatı NATO-nun Əfqanıstana gedən yüklərinə Azərbaycanda yasaq qoyulması ilə bağlı məlumatlar yayıb. Bunun səbəbi kimi isə ABŞ - Azərbaycan arasında münasibətlərin kəskinləşməsi göstərilir.
A.Mustafayevin sözlərinə görə, hazırda hər ay TRACECA-nın Gürcüstan və Azərbaycanı əhatə edən mərkəzi dəhlizi vasitəsi ilə Əfqanıstana NATO-ya məxsus humanitar yüklərdən ibarət 1000-1500 konteyner ötürülür. Eyni zamanda yüklərin böyük bir qismi də Rusiya ərazisindən keçir.
"Mən müntəzəm olaraq Azərbaycanın müvafiq qurumları - dəmiryol, Xəzər Dəniz Gəmiçiliyi və limanla əlaqə saxlayıram. Əfqanıstan üçün göndərilən NATO yüklərinin azalması barədə heç bir məlumat yoxdur", - deyə A. Mustafayev vurğulayıb.
A.Mustafayev onu da qeyd edib ki, Əfqanıstana göndərilən NATO yüklərinin bir hissəsinin TRACECA-nın mərkəzi dəhlizinə cəlb edilməsi nəticəsində dəhlizdə yükdaşımanın həcmi cari ilin birinci rübündə 30% artıb.
Qeyd edək ki, Azərbaycan üzərindən humanitar yüklərin Əfqanıstana ötürülməsinə 2009-cu ilin əvvəllərindən başlanıb. Yüklər iki istiqamətdə - Qara dəniz - Poti - Bakı - Aktau və Qara dəniz - Poti - Bakı - Türkmənbaşı marşrutları ilə Əfqanıstana çatdırılır.
|