Prokurorluq kriminal avtoriteti həbs etdirə bilmədi
 |
"Rövşən Lənkəranski", "Kuvalda", "Lotu Süleyman" müttəhimlər kürsüsündə
Şənbə, 01.05.2010
|
|
Kriminal aləmdə "Kuvalda" ləqəbi ilə tanınan Natiq Hüseynlinin barəsində olan cəzanın ağırlaşdırılması ilə bağlı Bakı şəhər Prokurorluğunun apellyasiya protestinə baxılıb.
İttihama görə, Natiq Hüseynli 1995-ci ildə soyğunçuluq etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra alver etmək məqsədilə Rusiya Federasiyasına yollanıb. 2002-ci ildə Rusiyada zorlama ittihamına görə 5 il azadlığın məhdudlaşdırılması cəzası alıb. Həmin cəzanı çəkdiyi zaman Natiq Hüseynli Azərbaycan vətəndaşları Rövşən və Ramiz Cavadovlarla cinayət əlaqəsinə girərək, 2002-ci ilin sonlarında Rusiyanın Novokizençk şəhərində iki Rusiya vətəndaşını qətlə yetirib və Azərbaycana gələrək burada gizlənib. Onun dəstəsinin üzvləri - Rövşən və Ramiz Cavadovlar 2004-cü ildə avtomobil qəzasında ölüblər. Natiq Hüseynlini isə Azərbaycan hüquq-mühafizə orqanları tutmuşdur.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Natiq Hüseynlinin barəsində olan cinayət işi məhkəmə tərəfindən sübuta yetirilməyib. Rusiyada üç nəfəri öldürməkdə ittiham olunan "Kuvalda" ləqəbi ilə tanınan Natiq Hüseynli məhkəmənin hökmü ilə bəraət alıb. Hüseynlinin hökmündən prokurorluq şikayət verib və onun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Şirvan Apellyasiya Məhkəməsində Natiq Hüseynlinin hökmündən Bakı şəhər Prokurorluğunun verdiyi apellyasiya protesti üzrə qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilməyib və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü qüvvədə saxlanılıb.
Prokurorluq daha bir kriminal avtoritetin həbs edilməsi ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə apellyasiya protesti yazıb. Protestə əsasən, bir neçə ay əvvəl Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ağır cinayətlərdə ittiham olunan, kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Rövşən Canıyevin 12 il azadlıqdan məhrum edilməsi tələb edilir.
Canıyev məhkəmənin hökmü ilə 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin cəza Canıyevin həbsdə yatması ilə hesablanaraq, məhkəmə zalından azad edilib. Canıyev ötən il dekabrın 3-də Kiyevdə həbs edilib və dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.
Bakı Apellyasiya Məhkəməsində adam öldürməyə cəhddə ittiham olunan, kriminal aləmdə "Lotu Süleyman" ləqəbi ilə tanınmış Süleyman Şirinovun barəsində çıxarılmış hökmdən apellyasiya protesi üzrə məhkəmə isə davam edir.
Məhkəmə 2000-ci ilə kimi qüvvədə olan CM 94,1.6-cı (ölümə sui-qəsd) maddəsi ilə ittiham olunan Süleyman Şirinovun cinayətinin sübuta yetirilmədiyi qənaətinə gəlib və onun barəsində bəraət hökmü çıxarılması barədə hökm elan edib. Məhkəmə eyni zamanda işin ibtidai istintaqını aparan müstəntiqlərin barəsində tədbir görülməsi üçün Baş Prokurorluğa təqdimat göndəriləcəyini elan edib.
İttihama görə, Şirinov 1997-ci il noyabrın 19-da adam oğurluğu ilə məşğul olan Abuzər Abuzərovu öldürmək məqsədilə "Makarov" markalı tapançadan atəş açaraq onu yaralayıb. 11 il istintaqdan yayınan Şirinov 2008-ci ildə həbs edilib...
|
|
|
|
|
|
|