Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Gürcüstanın iqtisadiyyat naziri Zurab Pololikaşvili ilə birlikdə Marneulidə təşkil edilmiş regional biznes-forumda iştirak edib. Məlumata görə, tədbiri giriş sözüylə açan Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze bu forumun Azərbaycan və Gürcüstan üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:
"Biz artıq bir sıra məsələləri müzakirə etdik. Onların çözüm yollarını və həyata keçirmək imkanlarını axtardıq. İnanıram ki, Azərbaycan və Gürcüstan hökumətləri burada biznesin inkişafı üçün istənilən şəraiti yaradacaqlar".
Forumda çıxış edən Gürcüstanın iqtisadiyyat naziri Z.Pololikaşvili azərbaycanlı həmkarının Marneuliyə gəlişini salamlayıb:
"Sizin gəlişiniz burada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətinə daha yaxşı təsir edəcək. Burada fəaliyyət göstərən Azərbaycan şirkətləri bizə bildirdilər ki, buradakı biznes mühiti rahatdır. Qeyd edim ki, hər iki ölkənin iqtisadiyyatının çiçəklənməsi üçün əlavə potensialımız var. Bu gün biz məmnunuq ki, bizimləsiniz. Burada bizim gələcək uğurlarımızın təməli qoyulur. Biz iki ölkə olaraq həm iqtisadi, həm də digər sahələrə dəstək göstərmək əzmindəyik".
Nazir Şahin Mustafayev Marneulidə keçirilən regional biznes-forumdakı çıxışında bildirib ki, Azərbaycan və Gürcüstan birlikdə bir sıra iri beynəlxalq layihələr həyata keçirir:
"Bu gün səmərəli layihələri müzakirə etdik. Burada Azərbaycan şirkətlərinin investisiya qoyuluşu ilə məşğul olduq. Dmanisidə Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü layihələrin səmərəli şəkildə həyata keçirildiyinin şahidi olduq. Bu rayonda süd emalı zavodunun təqdimatını həyata keçirdik. Bütün layihələr regionda iqtisadi inkişafa təkan verəcək" Ş.Mustafayev Azərbaycanda 80-ə yaxın gürcü şirkətinin fəaliyyət göstərəcəyini də qeyd edib:
"Biz onlara dəstək verəcəyik. Gürcüstanda 100-ə yaxın Azərbaycan şirkətləri fəaliyyət göstərir. Biz iş adamlarının təkliflərini Gürcüstanın rəsmi şəxsləri ilə müzakirə etdik. Bildirim ki, qaldırılan məsələlər öz həllini tapacaq. Gürcüstanda keçirdiyimiz bütün tədbirlər bizim iqtisadi siyasətimizə uyğun tədbirlərdir. Hökumətlərimizin bu tədbirə verdiyi önəm böyükdür. Düşünürəm ki, yaranmış biznes mühiti əməkdaşlığımıza yaxşı imkan yaradır. Bu, ümumi siyasətimizə xidmət edir".
Marneulidə keçirilən Gürcüstan-Azərbaycan regional biznes-forumdan sonra Azərbaycanın iqtisadi inkişaf naziri öz həmkarı Z.Pololikaşvili ilə Marneuli şəhərində Azərbaycan şirkətlərinin inşa etdiyi bir neçə tikiliyə baxış keçirib.
|