![]() |
çap et |
|
|||
Həftənin əvvəlində İranın dini lideri Əli Xamneyi bir qrup tələbəni qəbul edərək, ölkədəki fars olmayan "etnik qrup"ların dilinin yamsılanmasının "haram" olduğunu söyləmişdir. İran mətbuatının yaydığı xəbərə görə, Əli Xamneyi deyib:
"Cəmiyyətdə yayılmış pis adətlərdən biri etnik qrupların ləhcəsini (!? - S.S.) yamsılamaqdır. Ləhcəsi yamsılanan bu insanlar son yüz ildə ölkədə baş vermiş mühüm olaylarda xarici düşmənin qarşısında dayanıblar. Düşmənə qarşı müqavimət göstərən bölgələrdən biri Gilan, o biri Xorasan və Azərbaycan əyalətləridir. Onların ləhcəsinin yamsılanması haramdır". İranın ali rəhbəri, türk əsilli Əli Xamneyi "ləhcə" dedikdə nəyi nəzərdə tuturmuş? Görəsən, 30 milyona yaxın insanın ünsiyyət vasitəsi və böyük bir tarixi olan türk dili niyə fars dili kimi "zəban" deyil, sadəcə, "ləhcə" imiş? Əslində Xamneyinin məsələyə bu sayaq yanaşması hakimiyyətin ölkədə milli-mədəni məsələlərə həssaslığından irəli gəlir. Onun Azərbaycan türkcəsini "ləhcə" adlandırması isə fars şovinistlərinin "Azərbaycan türkcəsi fars dilinin bir ləhcəsidir" kimi bir zaman avropalıların onlara aşıladığı, indi isə kif atmış tezisindən doğan düşüncədir. Görünür, İran lideri fars şovinistlərinin bu 80 illik təbliğatından qurtulmaqda hələ də zorluq çəkir. Türkcə dükan adı - pantürkizmin əlaməti... Tehran hakimiyyətinin bütün təmsilçiləri, o cümlədən prezident Mahmud Əhmədinejad çıxışlarında Azərbaycanın "ülvi dəyərlər diyarı" olduğunu deyir. Güney Azərbaycanın Urmiya şəhərinə səfəri zamanı prezident söyləmişdi: "Azərbaycan bizim üçün nemət və bərəkətdir. Bu diyar, o cümlədən Qərbi Azərbaycan ülvi dəyərlər məkanıdır. Bu əyalət müsəlman İranın müstəqilliyini, mədəniyyətini qoruyan layiqli, imanlı və mehriban sərhədçilərdir. Onlar həmişə güvənli bir dayaq kimi İran xalqının yanında olublar. Qərbi Azərbaycan əyalətinin səması parlaq ulduzlarla doludur. Bu ulduzlar torpağın cəmiyyət üçün yetişdirdiyi pak, fədakar və faydalı insanlardır... Bu yurdun tarixi ədəb, hünər və fədakarlıqla doludur, insanları həmişə böyük iradə və güclü əllərlə İranın inkişafı uğrunda böyük rol oynayıblar...". Azərbaycan türklərini tərifləyən İran rəhbərləri Güney Azərbaycanda yerli əsnafın öz dükanlarına türkcə adlar qoymasına icazə vermir. Bunu nəylə izah edə bilərlər, görəsən? Bir müddət öncə, Ərdəbil əyalətinin Germi bölgəsində iş adamları yerli inqilab məhkəməsinə çağırılıb. "Çənlibel" adlı mağazanın yiyəsi Şəhruz Əsədiyə məhkəmədən deyiblər ki, bu adı qoymaqla o, "İran dövlətçiliyinə qarşı fəaliyyət göstərir" və dükanın adını dəyişməlidir. ETTELAAT əməkdaşları onun dükanının qarşısındakı türkcə reklam lövhələrini sökərək, özünü qurumun təcridxanasında saxlayıb, sorğu-suala tutmuşdular. Bundan başqa - "Ana", "İlqar", "Sarıtel", "Ayatay", "Türk" kimi adlar qoyulmuş ticarət obyektləri və müəssisələrin adları artıq dəyişdirilib. Azərbaycanlı iş adamları şirkət və dükanlarına türkcə ad qoyduqları üçün ötən illərdə də məhkəməyə cəlb olunurdular. Məsələn, 2009-cu ilin 9 ayı ərzində bu mövzuda türk milliyyətindən olan iş adamlarına münasibətdə 600 "cinayət işi" açılmışdı. Çağdaş dünyanın heç yerində belə bir faşizm vəhşəti yoxdur. Qayda belədir: Türk adı seçənlərin iş yerlərinə məktubla xəbərdarlıq edilir, buna əməl etməyənlərə məhkəmənin qərarını göndərirlər. Həmin məktublarda sahibkarlardan dükan və şirkətlərinin adlarının türk dilindən farscaya tərcümə edilməsi tələb olunur. Sahibkarların çoxu bu qərarı icra etsə də, 50 mağaza yiyəsi hakimiyyətin tələbinə boyun əyməyib. Buna görə həmin şəxslərin dükanları və şirkətləri qapadılıb. Bu da sizə adi faşizm... Fəqət islam libasında... Çünki bu ölkənin başçıları İranı islami dəyərlər ölkəsi sayırlar. Türkcə nəşrlər qarşısında dəhşət hissi Türkdilli nəşrlər də bənzər problemlərlə üzləşir. Azərbaycanlı tələbə-gənclərin türklərin tarixi, dili və ədəbiyyatından yazan "Ulus", "Nəsim", "Araz", "Özlük", "Oyanış", "Səttar xan", "Kimlik", "Yoldaş", "Yağış", "Qıpçaq", "Günəş", "Yarpaq", "Telenger", "Çənlibel", "Yaşıl yol", "Ana yurdu", "Səhər", "Açıq söz" və "Sayan" adlı tələbə dərgiləri qapadılan türkdilli mətbu orqanlar sırasındadır. Ötən il Yəzd Universitetində xələc, avşar, qaşqay türk soylarından olan tələbələrin birgə buraxdığı "Xələc" adlı tələbə dərgisinin nəşrini universitet rəhbərliyinin mədəniyyət idarəsi yasaqlayıb. Ali təhsil ocağının "alimnüma" rəhbərliyi bunu dərginin "pantürkçülüyü və bölücülüyü" təbliğ etməsi ilə "əsaslandırıb". Cəmi 2 sayı işıq üzü görmüş "Xələc"in sonuncu sayında Güney Azərbaycan türklərinin dil, mədəniyyət və tarixi haqda yazılarla yanaşı, "Məşrutə hərəkatı", "İrqçilik və ariçilik", "Hindistanda qurulmuş Xələc-Babur imperiyası" və doktor Cavad Heyətin "21 Azər - Azərbaycana qarşı mədəni soyqırım günü" adlı məqalələr çap olunubmuş. İslam Respublikası rəhbərliyinin bu kimi ədalətsiz, haqsız və qanunsuz davranışları etirazsız qalmır. Heysiyyətli, doğma dilini sevən, tarixi keçmişinə sayğılı olan türk gəncliyi İran islam rejiminin hər cür qeyri-insani təzyiqlərinə məruz qalsalar da, susmurlar və susmayacaqlar. Müqayisə İranda bu gün say etibarilə faktik olaraq milli azlıq durumuna düşmüş farsların dili isə xüsusi hörmətə malikdir. Ölkədə mədəniyyətin inkişafına yönəldilən maddi vəsaitlər yalnız bu dilin tərəqqisinə sərf olunur. İranda bir "Fars Dili və Ədəbiyyat Akademiyası" var, bu qurum vaxtaşırı olaraq fars dilinə yeni sözlər əlavə edir, onu təkmilləşdirir. Qurumun başçısı isə İran parlamentinin keçmiş sədri Qulaməli Həddad Adildir. Bu istiqamətdə irəli gedən hakimiyyət Latın Amerikasından tutmuş, Rusiyaya qədər bütün dünyada fars dili və ədəbiyyatını təbliğ edir. Onlar bununla həm də İranın farsdilli ölkə və onun bu etnik qrupa mənsub olduğunu beynəlxalq ictimaiyyətin nəzərinə sırımağa cəhd göstərirlər. Bu il martın əvvəllərində İran hüquq-mühafizə qüvvələrinin təmsilçisi Bəhmən Kargər jurnalistlərə açıqlamasında polisin adının dəyişdirildiyini bildirib. Onun dediyinə görə, "polis" sözü yalnız sərhədlərdəki giriş və çıxış məntəqlərindəki məmurlara deyiləcək. Məlumata əsasən, Kargər bundan sonra ölkənin hər yerində "polis" sözü yerinə "pasvər" kəlməsindən istifadə ediləcəyini söyləyib: "3 il əvvəl ayətulla Xamneyi Polis Akademiyasında görüş keçirərək Avropa dillərindən alınmış "polis" sözünün yerinə fars sözlüyü seçilib işlənilməsini tapşırmışdı. Biz bu sözün əvəzinə təklif olunmuş 1550 sözdən 114-nü seçib, müzakirə etdik. Nəhayət, "pasvər"in üzərində dayandıq". Ümumiyyətlə, son illər fars dili mütəxəssisləri yeni sözlər tapıb, farscanı gəlmə sözlərdən təmizləyir. Həmin sözlərdən bəzilərini diqqətinizə çatdırırıq. "Pasvər" (polis) gözətçi, qarovulçu; demokratiya - "mərdomsalari"; kompüter - "rayani"; subsid - "yarani" (yardım, pay); mitinq, konfrans - "həmayeş" (birlik, toplantı); helikopter - "balgərdan" (fırlanan qanad); avtomobil, maşın - "xodro" (özügedən); faks - "durnüma"(uzaqdan göstərilən); mobil telefona əvvəllər "mobail" deyirdilər, indi - "həmrah" (yoldaş); reaksiyaya əvvəllər "əksül-əməl" deyirdilər, indi -"vakoneş"; aksiyaya isə "əməl" deyərdilər, indi "koneş"; "mürtəce" -"vagera". İlk baxışdan burada qeyri-adi bir hal da yoxdur, öz dilləridir, özləri bilərlər. Fəqət Türkiyə-İran-Azərbaycan üçbucağında və bəzi qonşu ölkələrdə toplam 130 milyona yaxın insanın danışdığı və çox gözəl anlaşdığı türk dilini də "ləhcə" adlandırmaq cəsarətində olmasınlar. Onu boğmağa qalxışmaq, Don Kixotun yel dəyirmanı ilə mücadiləsini xatırladır. Ayıbdır, cənablar. |