![]() |
çap et |
|
|||
Höccətülislam Qulamrza Həsəni "pankürdçülüyün qarşısında ancaq pantürkçülüyün dayana" bildiyini söyləyib. "Baybak"ın məlumatında bildirilib ki, Güney Azərbaycanın Nəğədə (əsl adı - Sulduz) şəhərinin imam cüməsi, İranın ali rəhbəri ayətulla Xamneyinin yerli nümayəndəsi höccətülislam Həsəni ötən həftəki çıxışında Azərbaycanın milli düşüncəli insanlarını, özəlliklə Sulduz gənclərini dəstəklədiyini vurğulayaraq deyib ki, kürd terrorçuluğuna qarşı "güclü milli düşüncə gərəkdir".
Xatırladaq ki, höccətülislam Qulamrza Həsəni İranda "Molla Həsəni" kimi məşhurdur. İslam inqilabının ilk illərində kürdlərin Azərbaycana, özəlliklə Sulduz bölgəsinə silahlı hücumlarının qarşısında dayananlardan sayılır. O zaman Molla Həsəni və silahdaşlarının mücadiləsi nəticəsində islam inqilabına qarşı çıxan kürd terrorçuları geri çəkilsə də, o illərdə xeyli Azərbaycan türkünü vəhşicəsinə qətlə yetirmişlər. Mənbənin bildirdiyinə görə, Molla Həsəni həmin olaylarla bağlı "Sulduz həmasəsi" ("qırğını"- S.S.) adlı bir kitab yazıb. O, kitabında yaraqlı kürdlərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən söz açıb: "Vəhşilik o həddə olub ki, bunu yazmaqla bitməz". "Baybak"ın yazdığına görə, bu cinayətlərin məsuliyyətini Kürdüstan Demokrat Partiyası daşıyır. 1979-80-ci illərdə hazırlanan kürd terrorçuları, o zaman İran hakimiyyəti məsullarının yardımı ilə bölgədəki polis şöbələrinin bir çoxunu və hərbi bazanı ələ keçirərək, ağır silahlara sahib olmuşdular. Həmin silahlarla silahlanmış bu kürdlər Azərbaycan torpağına hücum edərək, "Böyük Kürdüstan" qurmağa qalxmışdılar. Ancaq o illərdə Sulduz şəhərində Azərbaycan türkləri həmin yaraqlı kürdlərə niyyətlərini gerçəkləşdirməyə imkan verməmişdi. Mənbənin məlumatına əsasən, həmin illərdə Molla Həsəni də kürdlərin vəhşiliyinin qarşısını alanlardan sayılır. "Baybak" əlavə edib ki, onun həmin dövrdəki mücadiləsi Azərbaycan torpağından başqa islam inqilabı ideyalarının bərqərar olması üçün idi. Yeri gəlmişkən onu da qeyd edək ki, o illərdə sünni kürdlər şiə farslara düşmən sayılırmış. Bu günlərdə ölkə məsullarının toplantısında Molla Həsəni çıxış edərək deyib: "Bəziləri bölgədə pantürkçülüyün genişləndiyini iddia edərək, bu prosesin qarşısının alınmasının vacibliyini söyləyir. Onlara deyirəm ki, kürdçülüyün qarşısında yalnız pantürkçülük dayana bilər". Bütün bu işlərdə bir cəhət də var ki, Tehran hakimiyyəti fars olmayan etnik qrupları bir-birinə qarşı qoymaqdadır. Bu siyasətə ən çox uyan İran kürdləridir. Tehran onları cəsarətləndirir, bu yandan isə Azərbaycan türklərini onlara qarşı qaldırmağa cəhd göstərməkdədir. İllər uzunudur ki, gəlmə kürdlər Azərbaycanın qərb bölgəsindəki şəhər və kəndlərə türklərin dədə-baba torpaqlarından sıxışdırılması hesabına yerləşdirilir. İran rəhbərliyinin bu süni köçdə, heç şübhəsiz, əli var. Hakimiyyət yerli türklərin bu kimi məsələlərə həssaslığından istifadə edərək, bölgədə Azərbaycan türklərini kürdlərə qarşı qaldırmağa səy göstərir. Ölkə rəhbərliyi, görünür, bunun fərqindədir ki, Amerikanın Orta Şərq siyasətində bir alət olan kürd əşirətləri İran üçün böyük təhlükə halına gətirilməkdədir. Zatən bu təhlükə artıq formalaşdırılmışdır. İran hakimiyyəti bu siyasəti pozmağa nə dərəcədə müqtədirdir - bu bəlli deyil. Amma Azərbaycan türkü onların artan iştahasını küsdürə bilər. Tehranda oturanların niyyətləri bəlkə buna hesablanıb? Bir türk məsəlində buna "ilanı Seyid Əhməd əli ilə tutmaq" deyilir. |