Mənsum İbrahimov: "Mən nə həyatda, nə də səhnədə aktyorluq edirəm"
 |
Yalnız həqiqəti söyləməyə çalışır
Şənbə, 01.05.2010
|
|
O gün - 2008-ci il yanvarın 25-də - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının yüzüncü tamaşası oynanılmışdı. Üzeyir Hacıbəylinin bu möhtəşəm əsərini dünyanın hər bir yerindən olan, dilimizi bilməyən seyrçilər ayaq üstə alqışlayırdılar. Səhnəmiz çox Leyli və Məcnunlar görüb, amma yüzüncü tamaşada Məcnunu oynamaq həmsöhbətimə qismət olmuşdu. Onu "iki əsrin Məcnunu", "yeddi Leylinin Məcnunu" da adlandırırlar. Müsahibim Xalq artisti, Dövlət mükafatçısı, Opera və Balet Teatrının solisti, məşhur xanəndə Mənsum İbrahimovdur.
Mənsum İsrafil oğlu İbrahimov 1960-cı ildə Ağdam rayonunda doğulub. 1982-1987-ci illəldə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil almışdır. 1985-ci ildə Ü.Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə birinci dərəcəli diploma layiq görülən M. İbrahimov mərhum sənətkarımız Ş.Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnunu ifa edir.
"Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı istedadlı muğam ustasının böyük peşəkarlıqla yaratdığı obrazlar sayılır. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində layiqincə təmsil edir.
- Ağdamı necə xatırlayırsınız?
- Mən 21 yaşıma qədər Ağdamda yaşamışam. Bu torpaq mənim üçün hər şeydir. Sanki səsimi Tanrı mənə bu torpaqda doğulduğuma görə verib. Bilirsiz ki, bizim bölgədə hamının gözəl səsi olub. Gözümü açandan sənətkarların içində böyümüşəm, onların gözəl ifasını dinləmişəm. Yaşadığım kəndimiz çox mənzərəli olub.
Yaradıcı insanın formalaşmasında gözəl təbiətin böyük rolu var. Ağdama Qarabağın toy otağı deyirlər. Ağdam Qarabağın gözüdür. Xatirələr çoxdur, danışıram, həm də pis oluram, çünki doğma Qarabağımız düşmən tapdağı altındadır. Mən inanıram ki, biz torpağımıza qayıdacağıq.
- İnşallah, qayıdan kimi doğma torpaqda nəyi ifa etməyi arzulayırsınız?
- Bunu heç düşünməmişəm. Təki Ulu Tanrı bu günü bizə nəsib etsin, içimdən nə gəlsə, onu oxuyaram. Məncə, içimdəki o harayı ilk öncə "Qarabağ şikəstəsi" ilə çıxarda bilərəm.
- Ailənizdə sənətinizin davamçıları varmı?
- Adi bir Azərbaycan ailəsiyik. Həyat yoldaşım coğrafiya müəlliməsidir. Dörd övladım var, onların arasında sənətimi davam etdirən yoxdur. İki övladım Bakı Dövlət Universitetində tələbədir. Onları bir o qədər həvəsləndirmədim, heç özlərinin də həvəsi olmayıb. Təbii ki, hansısa övladımda fitri bir istedad duysaydım, ona mane olmazdım, əksinə, kömək edərdim. Övladlarım elm ardınca getdilər. Amma dörd yaşlı oğlum hələ çox kiçik olduğu üçün heç nə deyə bilmərəm, zaman göstərər. Sadəcə, mən onun əleyhinəyəm ki, "xanəndənin övladı gərək xanəndə olmalıdır", yaxud "həkimin övladı həkim olmalıdır".
- Mənsum müəllim bu sənətə gəldiyinə görə kimə borcludur?
- Tanrıya və sonra valideynlərimə. Mənə dəstək oldular, oxutdular. Onlar görürdülər ki, muğam ciddi sənətdir və mən də bu sənətə ciddi yanaşıram. Daha sonra mənə zəhmət çəkən müəllimlərimə borcluyam. Mərhum muğam müəllimim Vahid Abdullayev çox tez dünyasını dəyişdi. Mənə muğamın sirlərini öyrətdi. Gözəl xanəndəmiz Arif Babayevi hər zaman özümə mənəvi ustad hesab etmişəm.
- Bəs, Şövkət Ələkbərovanı necə xatırlayırsınız?
- 1985-ci ildə dahi Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibəti ilə müsabiqə idi. Onda üçüncü kurs tələbəsi idim, müsabiqədə iştirak etdim və qalib oldum. Gözəl və təmənnasız insan olan Şövkət xanım münsiflər heyətində idi. Tanış olduq. Həmin il Şövkət xanım mənə Opera və Balet Teatrında işləməyi təklif etdi...
|
|
|
Oxşar xəbərlər:
Alim Qasımov yenidən Məcnun olmaq istəyir
Fidan Hacıyeva Türkiyəyə opera günlərinə gedir
Milli teatr gələn mövsüm təhvil veriləcək
"Leyli və Məcnun"un 100-cü tamaşasının DVD versiyasına maraq
Fidan Hacıyeva Türkiyədən gələn təklifləri dondurub
|
|
|