Ötən həftəsonu bir qrup kino adamı İrana yollanıb. Məqsəd - Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsala buraxılan "Tərsinə çevrilmiş dünya" filminin çəkilişlərindən ibarətdir. Kinostudiya mətbuat əlaqələndiricisinin bildirdiyinə görə, filmin ilk çəkilişləri məhz İranda aparılacaq.
Öyrəndik ki, filmin ssenari müəllifi Çingiz Abdullayev, rejissoru Ənvər Əblucdur. Onun ekranlaşdırdığı film detektiv janrındadır və bu, Azərbaycanın qəhrəman polislərinə həsr edilib:
"Filmin bir hissəsinin İranda ekranlaşdırılması təsadüfi deyil. Bu, müştərək bir filmdir. Hazırda çəkilişlər Tehranda, daha sonra Ənzəli şəhərlərində aparılacaq. Kino adamları 10 gün ərzində İranda səfərdə olacaqlar. Azərbaycanda nəzərdə tutulan çəkilişlərə isə mayın ikinci həftəsində start veriləcək".
Mətbuat əlaqələndiricisi qeyd etdi ki, film müştərək olduğundan burada yerli aktyorlarla yanaşı, iranlı aktyorlar da çəkilir. Baş rol iranlı Məhəmməd Firutənəyə həvalə edilib. Yerli aktyorlardan isə xalq artistləri Rasim Balayev, Fuad Poladov filmdə rol alıblar. Qeyd edək ki, "Tərsinə çevrilmiş dünya"nın çəkilişləri bu ilin iyununda bitəcək və oktyabrda təhvil veriləcək.
|