Mayın 17-dən 21-dək Astara şəhərində Uşaq muğam ifaçılarının V respublika müsabiqəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətindən verilən bilgiyə görə, müsabiqə Azərbaycan xalqının mədəni sərvətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi, Azərbaycan musiqi xəzinəsinin nadir incilərindən olan muğamın, xalq mahnıları və təsniflərin ayrı-ayrı regionlarda geniş təbliğ olunması, yeni istedadlı gənc muğam ifaçılarının üzə çıxarılması və mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması məqsədi daşıyır.
Xəbərdə bildirilir ki, müsabiqənin münsiflər heyətində respublikanın xalq artistləri Canəli Əkbərov (sədr), Səkinə İsmayılova, Mənsum İbrahimov, Ağaverdi Paşayev, əməkdar artistlər Gülyaz Məmmədova və Gülüstan Əliyeva təmsil olunublar. Müsabiqənin I mükafatı - 500 manat, I dərəcəli diplom və laureat adı, II mükafat - 300 manat, II dərəcəli diplom və laureat adı, III mükafat - 250 manat, III dərəcəli diplom və laureat adı, IV mükafat - 200 manat, IV dərəcəli diplom və laureat adından ibarətdir.
Hər biri 150 manat olmaqla 5 həvəsləndirici mükafat da təsis edilib. Müsabiqənin I turu mayın 11-dək şəhər və rayon mədəniyyət evlərində, II turu isə mayın 17- dən 21-dək Astara şəhərində keçiriləcək. Bu turda müsabiqənin qalibləri müəyyən olunacaq.