Xalq artisti Əminə Dilbazi ötən gün 91 yaşında dünyasını dəyişib. Rəqqasənin oğlu Mikayıl bəyin bildirdiyinə görə, Əminə xanım 40 gün əvvəl ikinci insult keçirmişdi və son günlər özünü çox pis hiss edirdi:
"Yeməkdən kəsilmişdi, sərbəst danışa bilmirdi. Həkim nəzarətində idi. Anam 3 il əvvəl daha bir insult keçirmişdi. Amma o vaxt bu xəstəlikdən qalxa bildi. Budəfəki xəstəlik onu yıxdı. Nə qədər çalışsaq da, onu həyata qaytara bilmədik".
Qeyd edək ki, əfsanəvi rəqqasə ilə vida mərasimi bu gün günorta saatlarında Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Vida mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, dövlət və incəsənət xadimləri iştirak edəcəklər. Daha sonra mərhum Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, sənət aləmində öz orijinal professionalizmi ilə sənətşünaslar tərəfindən yüksək qiymət almış, rəqs sənətinin zirvəsinə yüksəlməyi bacarmış, sənəti ilə Qalina Ulanova, Mayya Plisetskaya, Mükərrəmə Turqunbayeva kimi bu yaxın keçmişimizdə rəqs sənətinin ən populyar simaları ilə müqayisə edilən Əminə Dilbazi, eyni zamanda, mənsub olduğu Dilbazilər nəslinin adlı-sanlı yetirmələrindən olub. Zamanında tək Azərbaycanda və Sovetlər Birliyi hüdudlarında deyil, həm də dünyanın çox yerlərində ölkəsini tanıtmış, incəsənət tariximizə Azərbaycan xalq rəqslərinin tədqiqatçısı, bərpaçısı və bir çox yeni rəqslərin yaradıcısı kimi daxil olmuşdur.
Rəqqasəlik fəaliyyətinə 1936-cı ildə, hələ orta məktəbdə oxuyarkən başlayan Əminə xanımın ilk müəllimi baletmeyster İlya İliç Arbatov olub. Əminə xanımın azərbaycanlı qızların səhnədə rəqs etmədiyi bir vaxtda mühafizəkar qohum-əqrəbanın buna nə deyəcəyini düşünən anası ona iki gün tərəddüd etdikdən sonra icazə verib. Beləliklə onun üçün "tamamilə naməlum olan bu sənət sahəsinə" qədəm basmış olur və uzun illər Arbatovla işləyir.
Ə.Dilbazinin rəqslərin əsrarəngiz dünyasına vəsiqəsi onun həmişə çox böyük sevgi ilə ifa etdiyi milli "Tərəkəmə" rəqsi olub. Bundan başqa o, "İnnabı", "Vağzalı-Mirzəyi", "Turacı", "Naz eləmə" rəqsləri ilə də məşhurlaşıb.
Allah rəhmət eləsin!