Əmanətlər bu il də qaytarılmayacaq
 |
Son ümid puç oldu
Şənbə, 24.04.2010
|
|
Əhalinin sovet dövründə banklarda batmış əmanətlərinin qaytarılması məsələsi yenidən gündəmə gəlib. "Ölmüş əmanətlər"in məbləği 4,8 milyard sovet rubluna bərabərdir. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu var.
Millət vəkili Əli Məsimli bildirib ki, mayda büdcəyə yenidən baxılaraq neftin büdcədəki qiyməti ilə real qiyməti arasındakı fərq nəticəsində daxil olan artıq vəsaitlərlə bağlı qərar verilməlidir. Bu zaman həmin qərarın pensiya və əməkhaqlarının artırılmasını, əmanətlərin qaytarılmasını əhatə etməlidir. İki il əvvəl Milli Məclisə əmanətlərin diversifikasiyası ilə bağlı qanun layihəsi təqdim etdiyini vurğulayan Əli Məsimlinin sözlərinə görə, məsələnin yaxın vaxtlarda gündəmə gəlib-gəlməyəcəyi may ayında büdcəyə yenidən baxılıb-baxılmayacağından asılıdır.
Digər millət vəkili Nazim Məmmədovun dediyinə görə, hökumət həmin vəsaitləri daxili borc kimi tanısa, əmanətlərin qaytarılması ilə bağlı qərar qəbul olunsa, 2010-cu ilin dövlət büdcəsinə yenidən baxılan zaman bunun üçün vəsait ayırmaq olar. N.Məmmədov əmanətlərin strukturuna uyğun indeksasiya aparılmasını da təklif edib. Bildirib ki, 2 min rubla qədər olan əmanətlərin yarısını, 2 mindən 6 minə qədər olanın 3-də birini, 6 mindən 10 minə qədər olanın 4-də birini qaytarmaq olar. Millət vəkilinin hesablamalarına əsasən, bu - 1,2 milyard vəsait edir ki, həmin vəsait də 5-6 ildə ayrıla bilər. İqtisadçı Vüqar Bayramovun fikrincə, əmanətlərin 2010-cu ildə qaytarılması mümkün deyil. Çünki öncə əmanətlərin qaytarılması ilə bağlı qanunun qəbulu vacibdir. Yəni əslində prosedur qaydalarına görə, bunu bu il etmək mümkün deyil. Başqa tərəfdən, əmanətlərin verilməsi ilə bağlı bir sıra məsələlər açıq qalıb:
"Məcburi köçkünlərin əmanətlərinin hesablanma və ödənilmə mexanizmi yoxdur. İndeksasiya ilə bağlı hər hansı layihə yoxdur. Rublun manata necə indeksasiya edilməsi aydın deyil. Eyni zamanda, əksər əmanətlər üzrə arxivin olmaması da problem yaradır".
İqtisadçı deyir ki, əslində problem heç də vəsaitin olub-olmamasi ilə bağlı deyil. Məsələ ondadır ki, əmanətlərin qaytarılma prosesi olduqca çətin və mürəkkəbdir. Məhz buna görə də icra qurumları prosesə başlamağa tərəddüd edirlər. Onun sözlərinə görə, mayda dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi əmanətlərin qaytarılması üçün baza yaratmayacaq:
"Nəzərə alsaq ki, 2007-2008-ci illərdə büdcənin imkanları kifayət qədər geniş idi. Amma əmanətlər qaytarılmadı, deməli, problem maliyyə ilə bağlı deyil. Buna görə də bu il əmanətlərin qaytarılması mümkün deyil və buna da zəmin yoxdur". Ekspertin sözlərinə görə, əmanətlərin qaytarılma mexanizmi aydın şəkildə işlənməlidir. Əks halda, Ukraynada olduğu kimi, bizdə də əmanətlərin qaytarılması ilə bağlı narazılıqlar Avropa Məhkəməsinədək uzana bilər. Hazırda əmanətlərin qaytarılma mexanizmi ilə bağlı ən çox Litva təcrübəsi önə çəkilir. Litva prosesə SSRİ dağılandan qısa müddət sonra başlayıb. Bu ölkədə əmanətlərin qaytarılması vəsaitin birbaşa əhaliyə ödənilməsi şəklində həyata keçirilib. Litva hökuməti öz vətəndaşlarına 1 milyard litdən artıq vəsait ödəyib. Rusiyada əmanətlərin ödənilməsinə 1995-ci ildən başlanılıb və ilk növbədə 1950-ci ilə qədər doğulanların pulları qaytarılıb. Daha sonra isə əlillərə, veteranlara vəsait ödənilib. Qırğızıstanda əmanətlərin ödənilməsi ilə bağlı fərman 1997-ci il iyunun 2-də imzalanıb. Həmin qanuna görə əmanətlər 4 qrup üzrə təsnifləşdirilib: 2500 rubladək əmanətlərə 1 rubla 1 som 2501-5000 rubladək olan əmanətlərə 20 rubla 1 som, 5001-10000 rubladək olan əmanətlərə 30 rubla 1 som, 10000 rubldan çox əmanətlərə 40 rubla 1 som. Moldovada əmanətlərin qaytarılmasına 2003-cü ildən başlandı. Qanunla 1000 rubladək əmanətlərin 1 rubluna 1 ley, 1000 rubldan yuxarı olan qalıq əmanətlərin hər 2,5 rubluna 1 ley qaytarılıb. Qazaxıstanda 1996-1997-ci illərdə sosial cəhətdən zəif olan təbəqələrinə əmanətlərin qaytarılması həyata keçirilib. 2003-cu ildəsə qalan əmanətlər nağd deyil, çeklər şəklində əhaliyə qaytarılıb. Azərbaycanda əmanətlərin qaytarılma mexanizmi necə ola bilər? sualına gəldikdə mütəxəssis deyir ki, Azərbaycanda sovet dövrü əmanət bankına yatırılan əmanətlərin strukturu onların indeksləşdirilməsini asanlaşdırır. Belə ki, əmanətlərin 60 faizə qədəri 2000 rubladək olan əmanətlərdir. Dəyəri 10 000 rubldan çox olanların xüsusi çəkisi isə 15 faizdən azdır. Belə olan halda isə istər sosial ədalət, istərsə də əmanətçilərin hüquqlarının qorunması baxımından ilk 1000 rubladək olan əmanətlərin indeksləşdirmədə rubl/manat asılılığının böyük olmaması əsas şərtlərdəndir. Çünki əks halda, əhalinin az həcmdə əmanətlərinə sahib olan hissəsinin prosesdən faydalanma imkanları məhdudlaşacaq.
V.Bayramov əmanətlərin indeksləşdirmə sistemi ilə bağlı konkret sistem təklif edir:
"1000 rubladək olan əmanətlər hər 2 rubla 1 manat, 1000-2000 rubl arasındakı əmanətlərə hər 4 rubla 1 manat, 2000-5000 rubl arasındakı əmanətlərə hər 6 rubla 1 manat, 5000-10000 rubl arasındakı əmanətlərə hər 8 rubla 1 manat, 10000 rubldan artıq əmanətlərə hər 10 rubla 1 manat. Əmanətlərin qaytarılması bu sistemə uyğun həyata keçirilsə, tələb olunan məbləğ 900 milyon manat, prosesin icra müddəti 3 il təşkil edəcək".
İqtisadçı alim düşünür ki, sovet dövründə əmanət banklarına qoyulan əmanətlərin interval şəklidə əhaliyə qaytarılması kifayət qədər vacibdir. Məsələ ondadır ki, bununla əhalinin az əmanətə malik olan hissəsinin prosesdən faydalanmasını təmin etmək olar. Vahid dərəcələrin təyin edilməsi isə ilk minliyə sahib olanların hüquqlarının qorunmasına gətirib çıxarar. Prosesin başqa tərəfi ödənişlərin hansı formada aparılmasıdır:
"İstər MDB ölkələrinin təcrübəsi, istərsə də Azərbaycanda son illər İstehlak Malları İndeksinin artması əmanətlərin yalnız nağd formada qaytarılmasını mümkünsüz edir".
Bununla belə V.Bayramov Azərbaycanda əmanətlərin bir hissəsinin istiqrazlar vasitəsi ilə ödənilməsi yönündə müzakirələr aparılsa da, hələlik bununla bağlı real mexanizmin işlənilib hazırlanmadığını diqqətə çatdırır. Bundan başqa, qiymətli kağızlar bazarının inkişafındakı durğunluq da istiqrazların reallaşmasına əsas əngəllərdən hesab edilməlidir. Məsələ ondadır ki, Azərbaycanda istiqrazların dövriyyəsi olduqca məhduddur və bu da əmanətlərin istiqrazlar kimi verilməsinə neqativ təsir göstərir. Eyni zamanda, əhali arasında istiqrazlara, bütövlükdə qiymətli kağızlara inamın aşağı səviyyədə olması prosesin uğursuzluğuna səbəb ola bilər. Amma bu heç də əmanətlərin istiqrazlar şəklində qaytarılmasına maneə ola bilməz. Çünki bütün hallarda əmanətlərin nağd şəkildə qaytarılması ölkədə inflyasiya səviyyəsinin artmasına gətirib çıxara bilər.
|
|
|
Oxşar xəbərlər:
Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir
Bazara yeni istiqrazlar buraxılacaq
Bəzi banklar ipoteka krediti limitini başa vurub
İpoteka kreditləşməsində növbəti fasilə yarana bilər
Maliyyə Nazirliyi əmanətləri qaytarmaqda maraqlı deyil
|
|
|