Sabah paytaxtımızda boks üzrə gənclər arasında dünya çempionatı başlanır. Turnirə maraq həddən artıq böyükdür. Çünki çempionatın qalibləri təkcə dünya birinciliyinin medallarına deyil, habelə Sinqapurda Yeniyetmələr Olimpiadasına vəsiqəyə də layiq görüləcəklər.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev "azerisrort.com"a müsahibəsində yarışla bağlı düşüncələrini bölüşüb.
- Dünya çempionatının tarixinin dəyişdirilməsi hazırlıq işlərinə təsir göstərdimi?
- Ciddi təsir göstərmədi. Biz əvvəlcədən bilirdik ki, Ümumdünya Həvəskar Boks Federasiyası (AİBA) çempionatı aprelin 25-də keçirəcək.
- Yarışın tarixinin dəyişdirilməsi təşəbbüsü AİBA-dan gəldi?
- Bəli. Məsələ bundadır ki, Şimali və Cənubi Amerikanın əksər komandaları Bakıya Londandan uçmaqla gəlirlər. Bildiyiniz kimi, son günlər Avropanın hava məkanında problemlər yaşanır. Artıq Norveç, Almaniya və bir sıra başqa Avropa ölkələri komandaları Bakıya gəlməkdə çətinlik çəkiblər.
- Dünya çempionatında Azərbaycan yığma komandasının əsas məqsədi nədən ibarətdir və boksçularımız neçə medal qazana bilərlər?
- Bizim üç çəki dərəcəsində medal qazanmaq şansımız var. Yığmada yeniyetmələr və gənclər arasında dünya çempionatının mükafatçıları var. Odur ki, bizim boksçuların mükafatçılar sırasına düşmək şansı böyükdür.
- Hansı komandaları Azərbaycan yığmasına əsas rəqib görürsüz?
- Dünya çempiontında bizə müqavimət göstərə biləcək komandaların sayı kifayət qədərdir. Rusiya, Ukrayna, Kuba, Fransa, İngiltərə, İrlandiya, İtaliya, Qazaxıstan, Özbəkistan, Çin, Tayvan, Meksika, Puərto-Riko yığmaları kifayət qədər güclü heyətlərdir.
- Avropanın hava məkanında yaranan problemi də nəzərə alsaq, çempionatda neçə komandanın iştirakını gözləyirsiz?
- İştirakçı ölkələrin sayı 80-ə yaxındır. Özü də elə komandalar var ki, Bakıya gəlmək üçün bir neçə reys dəyişməli olublar. Təsəvvür edin ki, hətta Sakit okean adalarından, Polineziyadan Bakıya gəlmək istəyən komandalar var. Odur ki, iştirakçıların coğrafiyası mənim özümü heyrətə salıb.
|