çap et  
Gölü qurudub, yerində dəvə saxlayacaqlar
Gölü qurudub, yerində dəvə saxlayacaqlar
Narahatlığa istehzalı cavab
Şənbə, 24.04.2010

S.Sədi

Şərqi Azərbaycan vilayət kənd təsərrüfatı idarəsinin təmsilçisi Mənuçehr Bağbani Urmiya gölünün qurudulacağından doğan narahatlıqlara istehza ilə yanaşıb: "Urmiya gölü qurusa idi, burada dəvə saxlayardıq. Buranın havası və iqlimi dəvə saxlamaq üçün əlverişlidir". "GünAzTv"nin qənaətincə, ölkə rəhbərliyi Güney Azərbaycan türklərinin "əsəbi ilə oynayır".

Bu azmış kimi Tehran hakimiyyətinin yerli rəsmisi əlavə edib: "Dəvə çətin şəraitə, aclığa dözümlü heyvandır. Urmiya gölü quruyandan sonra orada çıxacaq tikanlarla çoxlu sayda dəvə yetişdirmək olar".

Yerli müşahidəçilərin fikrincə, Mənuçehr Bağbani bu istehzanı azərbaycanlıların Urmiya gölünün qurudulmasına qarşı keçirdiyi toplantıdan iki həftə sonra söyləməsi hakimiyyətin məsələyə xəbis münasibətinin açıq-aşkar örnəyidir. Bu isə gölün qurudulması ilə bağlı planların qüvvədə qaldığının göstəricisi kimi dəyərləndirilir.

"Ayna"nın ötən sayında xəbər vermişdik ki, İran hökumətinin iclaslarından birində Mahmud Əhmədinejadın başçılığı altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradılıb. Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhiminin dediyinə görə, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır :

"Yaranan komissiya tarixi gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün biz əlimizdən gələni edəcəyik".

Urmiya gölünün qurudulması ilə bağlı addımlar atılmaqdadır. Yaxın gələcəkdə "Venyar" adlı su anbarı işə düşəcək.

Ekoloqlara istinadən, ötən 14 ildə gölün səviyyəsi 6,5 metr düşüb. Bununla belə hakimiyyət bu su hövzəsinin qurudulmasının qarşısını almaqdansa, əks fəaliyyəti davam etdirir. Mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətinin məsələyə dair uyğun qurumları yeni bəndin istifadəyə veriləcəyini söyləyiblər. Deməli, gölə axan çayların suyu kəsiləcək. Göl qurumaqda davam edəcək. Bunun ekoloji ziyanı tək özləri üçün deyil, Türkiyə və Azərbaycan dövlətlərinin həmhüdud bölgələrinə də dəyəcəkdir.