Muğam ifaçısı, əməkdar artist Simarə İmanova bir sıra yeniliklər edir. Bildirdiyinə görə, hazırda yeni albom üzərində çalışır. Sayca beşinci olan bu albom 2 həftəyə işıq üzü görəcək. Lakin toplunun necə adlanacağı hələ də tam dəqiq deyil:
"Bir neçə ad üzərində düşünürəm. Ona görə də hələ müəyyənləşdirə bilmirəm. Amma albom üzərindəki hazırlıq işləri yekunlaşmaq üzrədir. Topluya bir neçə muğam, xalq, bəstəkar mahnıları, təsniflər daxil edilib. Onu da deyim ki, albom Türkiyədə hazırlanır". Alboma təqdimat mərasiminin keçirilməsinə gəldikdə, xanəndə bu barədə dəqiq məlumat verməsə də, belə bir fikrinin olduğunu söyləyib:
"Əlbəttə ki, albom hazırlamaq bu gün üçün böyük bir işdir, zəhmət tələb edir. Ancaq mənim üçün solo konsert daha önəmli idi. İmtahan sayılırdı. Martın 5-də filarmoniyada ilk solo konsertim oldu. "Yar bu gecə" mahnısı ilə tanındığım üçün konsertin adını da belə qoymuşdum. Düşünürəm ki, pis olmadı, sənətçilər tərəfindən də bəyənildi". Simarə İmanova gələn ay iki qastrol səfərinin də gözlənildiyini bildirdi.
|