Cazmen və bəstəkar Şahin Növrəsli:
 |
"Düşünürəm ki, hər musiqiçidə istedad 10 % olur, qalanı zəhmətlə qazanılır"
Şənbə, 24.04.2010
|
|
Şahin Növrəslini dünya cazının yeni ulduzu adlandırırlar... Qısa müddət ərzində Şahin caz musiqisinin məğzini və onun çoxobrazlı imkanlarını o qədər dərindən mənimsəmişdir ki, özünün ABŞ və Avropada beynəlxalq festivallarda çıxışları ilə ən mahir biliciləri və professionalları heyrətə salmışdır.
Rusiya paytaxtındakı çıxışı ərəfəsində Moskva cazmenləri onu bu cür təntənəli epitetlərlə qiymətləndirmişdilər: "Dahi həmvətəni Vaqif Mustafazadənin davamçısı", "Dünya caz səhnəsinin yeni ulduzu". Bu gün üçün Şahini Azərbaycan cazının vizit kartı adlandırmaq olar. Ona Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərinin əlverişli sintezi müyəssər olmuşdur. O öz musiqisində iki böyük mədəniyyəti - Qərb və Şərq mədəniyyətini birləşdirə bilmişdir.
Ekzotik melodiyaların sakit-sakit fırlanaraq toxunuşu, iti harmoniya, şıltaq Şərq ritmləri və elə oradaca döngədə super sürətli qaynar amerikan cazı - bu, Şahin Növrəslinin musiqisilir.
Şahin Növrəsli 1977-ci ildə Bakıda doğulmuşdur. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamış və hələ 11 yaşında ikən Azərbaycan Dövlət Filarmoniyasında sinfonik orkestrin solisti kimi çıxış etmişdir. Müəllimlərin israrına görə öz təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmiş və oxuduğu illər ərzində klassik musiqi ilə dərindən və ciddi məşğul olmuşdur. 18 yaşında Ş.Növrəsli Raxmaninovun İkinci Konserti ilə çıxış etmiş və münsiflər heyətinin ən yükksək qiymətinə layiq görülmüşdür. Bakı Musiqi Akademiyasında oxuyarkən musiqiçi özünü tamamilə klassik və caz musiqisinə həsr etmişdir. Həmin vaxtdan daimi qastrollar, turlar, beynəlxalq festivallar onun həyatının ayrılmaz hissəsi olub.
Səfərlərdən və konsertlərdən sonra nadir istirahət dəqiqələrində Şahin yeni layihələr üzərində işləyir. Saz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Masin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranan "Əbədi yol" adlı layihə belə ərsəyə gəlmişdir. Daha bir proyekt isə saz solo proyekt və klassik solo proyekt "Slajamu"dur. (proqram Mosart və Bax kimi klassik bəstəkarların əsərləri əsasında tərtib olunmuşdur).
Şahin Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə çıxışlar etmiş və albomlar yazdırmışdır.
Şahin Növrəsli Türkiyə, Fransa, Rusiya, Azərbaycan və konsertlərlə çıxış etdiyi ölkələrin universitetlərində və məktəblərində ustad dərsləri verir.
- İstərdik ki, sizin yaradıcılıq planlarınızdan başlayaq...
- Bildiyiniz kimi, bmr müddət əvvəl Avropa turnesindən qayıtmışam. Sonuncu konsert Londonda baş tutdu. Bizi çox gözəl qarşıladılar. Planda isə ABŞ-ın əsas ştatlarında, Nyu-York, Las-Veqas, Los-Anceles və s. şəhərlərdə 20 konsert proqramı ilə çıxış etmək var. Bu, ayyarımlıq turnedir. Proqrama gəlincə, yenə də öz əsərlərimi ifa edəcək və həmçinin konsertlərdə bir xanəndə kimi iştirak edəcəyəm.
- Bəs muğamda, sazda sizin ustadlarınız kimlər olub?
- Mən hər şeyi əsasən lent yazılarından öyrənmişəm. Muğamla Əbülfət Dərya ilə məşğul olmuşam. Və əlbəttə, Vaqif Mustafazadənin sazda qoyduğu muğam ocağından bəhrələnirəm və mən də bir yenilik yaratmağa can atıram. Vaqif Mustafazadənin elə əsərlərini ifa etmişəm, hansıların ki, heç notu olmayıb və ondan başqa bu əsərləri heç kəs ifa etməyib.
- Bəs sənətçilər sizə "Vaqif Mustafazadəni yamsılayırsan" iradını tutublar?
- Məncə, mən yalnız fəxr edə bilərəm, əgər məni belə bir sənətkarla müqayisə etsələr.
- Siz dörd qardaş, dördünüz də musiqiçisiniz və verilişlərin birində qeyd etdiniz ki, gündə 14 saat royal arxasında məşq etdiyiniz hallar olub. Sizcə, sənətdə sizə bu qədər çalışqanlıq, yoxsa istedadınız kömək etdi?
- Sonuncu dəfə mən 14 saat hardasa bir 10 il əvvəl məşğul olmuşam, son illərdə isə mənə 2-3 saat məşq etmək kifayət edir. Çünki nə əldə edirsən, elə məktəb illərində əldə edirsən. Düşünürəm ki, hər bir musiqiçidə istedad 10% olur, qalanı zəhmətlə qazanılır.
- Sizə hansısa bir konsertdə, məclisdə iştirak etmək dəvəti gələndə, onu o dəqiqə qəbul edirsiz, yoxsa seçim edirsiniz?
- Sonuncu dəfə Alim Qasımovla bərabər Yaşıl Teatrda konsert vermişdim. Ondan sonra Bakıda konsertim olmayıb. Dəvətləri, əlbəttə, qəbul edirəm, böyük layihələrdə iştirak edirəm. Sadəcə, son zamanlar çıxışlarım, konsertlərim daha çox xaricdə olduğu üçün Bakıda çıxış etməyi çatdırmıram.
- Artıq yetərincə təcrübəniz var, bəs tələbələriniz necə, varmı?
- Hələ onun üçün hövsələm yoxdur, amma bəlkə biz az gec tələbələrim də oldu.
- Səhv etmirəmsə, baxmayaraq ki, oğlunuz balacadır, artıq musiqiyə böyük meyli var?
- Bəli, onun iki yaşı var və o, iki aylığından musiqi ilə məşğul olur. Yoldaşım Natavan Növrəsli vokalçıdır.
|
|
|
|
|
|
|