Azərbaycan Bəstəkarlar İttifaqının plenumunun gündəliyinə əsasən, aprelin 29-da görkəmli tarzən, pedaqoq, Naxçıvan MR əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü Əkrəm Məmmədlinin "Azərbaycan muğamları" not nəşrinin təqdimatı, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kamera tərkibli I konserti, aprelin 30-da həmin orkestrin kamera tərkibli II konserti, mayın 1-də isə Azərbaycan Dövlət Uşaq və Gənclər Xalq Çalğı Alətləri Orkestrinin konserti və plenumun konsertlərinin müzakirəsi planlaşdırılır. Bu barədə Bəstəkarlar İttifaqının mətbuat katibinin xəbərində bildirilir.
Qeyd olunur ki, mayın 14-də əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqənin III turu, mayın 20-də məşhur poylak bəstəkarı Friderik Şopenin 200 illiyinə həsr edilən konsert, sənətşünas alim İbrahim Quliyevin SSRİ xalq artisti Əfrasiyab Bədəlbəyliyə həsr etdiyi kitabın təqdimatı, mayın 24-də Arnold Şonberqin "Ay Pierrosu" əsərinin ifası nəzərdə tutulub. Bundan başqa həmçinin iyun ayında əməkdar artist Arif Əsədullayevin "İnstrumental muğamlar" kitabının təqdimatı, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqənin yekun konserti və eləcə də Şəki şəhərində iyunun 26-dan 30-dək "İpək yolu" Beynəlxalq Musiqi Festivalının keçirilməsi də 2010-cu ilin II rübündə keçiriləcək tədbirlər planına daxildir.
|