Belçikada fəaliyyət göstərən Belçika Azərbaycan Evi fransız dilində daha bir kitab nəşr edib. "Folklore et Coutumes Azerbaidyanais" ("Azərbaycan Folkloru və ənənələri") adlı kitab məcmuə xarakteri daşıyır. Belçika Azərbaycan Evi mətbuat xidmətindən verilən xəbərə görə, kitabda Azərbaycan folkloru, xalq inancları, ədəbiyyatı, aşıq ədəbiyyatı, milli musiqisi, rəqsləri, xalq mahnıları, muğamı, toy və yas ənənələri, bayramları, mətbəx mədəniyyəti, qonaqpərvərliyi, milli geyimləri və Azərbaycan xalçaları haqqında məlumat və fotoşəkillər yer alıb. Azərbaycanın Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə nəşr olunan kitabın müəllifləri Belçika Azərbaycan Evinin sədri Bülent Gürcam və Səidə Manafovadır. Xəbərdə qeyd olunur ki, kitabı nəşr etməkdə əsas məqsəd folklorumuz, milli adət-ənənələrimiz haqqında fransızdilli ölkələrə müəyyən bilgilər verməkdir. Kitab Belçika başda olmaq üzrə digər fransızdilli ölkələrdə satışa çıxarılacaq, eyni zamanda müəyyən qurumlara hədiyyə ediləcək. Qeyd edək ki, bundan öncə Belçika Azərbaycan Evi bir diaspora qurumu olaraq, fransız dilində "Cuisine Nationale Azerbaidyanaise" ("Azərbaycan Milli Mətbəxi") və "Terre Occuree-Le Naut Karabakh" ("Əsir Torpaq Qarabağ") adlı daha iki kitab nəşr edib. Qurumun fransız dilinə verdiyi üstünlüyün başlıca səbəbi fəaliyyət göstərdiyi ölkənin ana dilinin fransız dili olması ilə əlaqədardır.
|