Son günlər dərman preparatlarından zəhərlənmə hallarının sayı kəskin şəkildə artıb. Təəssüf hissi ilə qeyd etməliyik ki, dərmandan zəhərlənmə faktları ilə dünyasını dəyişən ölkə vətəndaşları az deyil. Ölənlərin arasında azyaşlı uşaqların olduğu da bildirilir. Ötən həftə 2 yaşlı uşağın dərmandan zəhərlənərək tələf olması da məhz bu məsələnin ciddiliyindən xəbər verir.
Belə ki, Binəqədi rayon prokurorluğunun yaydığı məlumata görə, Sulutəpə yeni yaşayış massivində yaşayan 2 yaşlı Əli Yusif oğlu Rəhimli aprelin 7-də dərmandan zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilib. Amma həkimlərin 8 günlük səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Dərmandan zəhərlənib ölənlərin sayı bununla bitmir. Təkcə bu ilin 4 ayı ərzində bu səbəbdən 10 ölüm faktı qeydə alınıb. Bənzər hadisəyə bölgələrdə də rast gəlinir. Məsələn, ötən həftə Lənkəran rayonunda bir qadının hamiləlik əleyhinə dərman qəbul etməsi onun həyatını itirməsinə səbəb olub. Eyni diaqnozla xəstəxanaların toksikologiya şöbələrində müalicə alanlar da kifayət qədərdir.
Bəs görəsən dərman preparatları niyə zəhərlənməyə yol açır? Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 2 milyon insan dərmandan zəhərlənir. Azərbaycan da bu sıradan geri qalmır. Bakı Baş Səhiyyə İdarəsinin baş toksikoloqu İsmayıl Əfəndiyev bildirib ki, dərmandan zəhərlənmə Azərbaycanda ən çox rast gəlinən zəhərlənmə növüdür. Keçən il toksikologiya şöbəsinə zəhərlənmə diaqnozu ilə daxil olan 1800 xəstənin yarıdan çoxu dərmandan zəhərlənmə ilə bağlıdır. Baş həkim bu tip zəhərlənmələrin baş verməsində səbəbi həm də özünəqəsd məqsədilə qəbul edilən preparatlarda görür. Ən çox zəhərlənmə isə uşaqların təsadüfi dərman qəbul etməsilə bağlıdır.
Baş toksikoloqun sözlərinə görə, vaxtı keçmiş və ya dərmanın lazımi şəraitdə saxlanılmadan qəbulu ötən illərə nisbətən azalıb. Bu həm də apteklərdə nəzarətin gücləndirilməsilə izah olunur. Son illər dərman içliklərinin azərbaycancaya tərcüməsi də işin xeyrinədir. Əgər həkim məsləhəti olmadan dərman almışsınızsa, dərmanın içliyi ilə mütləq tanış olmalısınız.
Əczaçılar satışda olan dərmanların 90-95 faizinin içliklərinin azərbaycancaya tərcümə edildiyini deyirlər. Təbii ki, dərman satışında hüquqlardan biri izahetmə hüququdur.
Qeyd edək ki, "Dərman vasitələri haqqında" qanuna əsasən, Azərbaycana gətirilən bütün dərmanlar dövlət reyestrindən keçməlidir. Bu qanuna görə, respublikaya gətirilən dərmanların idxal seriyası dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında yoxlanılır. Yoxlanma nəticəsində heç bir nöqsan aşkar olunmursa, ona SN tərəfindən uyğunluq sertifikatı verilir. Bundan sonra həmin dərman qoruyucu nişan olan holoqramla təmin olunur və ölkədə satışına icazə verilir.
Lakin əhali arasında firma dərmanları adı altında satılan dərman preparatları da az deyil. Bu kimi dərmanların heç də hamısı dövlət reyestrindən keçməyib. Bəlli səbəblərdən bir çoxlarının firma dərmanlarına qarşı aqressiyası da açıq-aydın görünür. Hətta reseptə firma dərmanları əlavə edən həkimə adətən ikinci dəfə belə müraciət olunmur. Təbii ki, həkimlərin firmalarla müqavilə bağlaması, gəlirdən faiz götürməsi də çoxlarına bəllidir. Keyfiyyət baxımından həmin malların qiymətinə uyğunsuzluğu narazılığa və bu kimi zəhərlənmələr kimi ağır nəticələrə də gətirib çıxarırsa, deməli, bu sahəyə nəzarət gücləndirilməlidir. Çünki dərmanın heç də həmişə dərdə dərman olmadığını görürük.
|