"Eurovision-2009"da Azərbaycana 3-cülüyü qazandıran Aysel Teymurzadə repertuarını yeni mahnı ilə təzələyib. O, bəstəsi Kamal müəllimə, sözləri Baba Vəziroğluna məxsus olan "Sən" adlı hərəkətli mahnı ifa edib.
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun "Ayna"ya bildirdiyinə görə, müəlliflərin və ifaçının birgə qərarı ilə mahnı iki versiyada yazılıb. Tezliklə bunun ekran həllinin olacağı gözlənilir.
"Klip çəkilişi üçün qərar verilib, amma kimin çəkəcəyi hələ bəlli deyil. Bu barədə fikirləşirik" - deyə Baba Vəziroğlu bildirdi.
Onun əlavəsinə görə, "Sən" adlı mahnı üslub etibarı ilə Aysel Teymurzadə üçün yenilik sayılır. Mahnının söz müəllifi kiçik musiqi əsərinin müasir ritmlər üzərində yazıldığını diqqətə çatdırdı.
Müəlliflərlə əməkdaşlığından danışan Aysel Teymurzadə isə fikrini belə izah edib:
"Mən çox şadam ki, Kamal müəllim və Baba Vəziroğlu kimi yaradıcı insanlarla əməkdaşlıq etmişəm və ümid edirəm ki, bu son deyil. "Sən" yayın ritminə uyğun məhəbbət mahnısıdır və onun publika tərəfindən seviləcəyinə inanıram. Yaxın günlərdə mahnı radio dalğalarında səsləndiriləcək və onun klipi də olacaq".
|