Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökumətinə "kölgə iqtisadiyyatı" ilə mübarizəni gücləndirməyi tövsiyə edir. BVF rəsmiləri düşünür ki, "gizli iqtisadiyyat" real sektorun, özəlliklə də qeyri-neft sektorunun inkişafına mane olur.
Yeri gəlmişkən, bununla bağlı mübarizə yolu da açıqlanıb. Bu istiqamətdə əsas mübarizə yolu qeyri-leqal gəlirləri vergi sisteminə cəlb etməkdir. Ölkənin vergi administrasiyası həmin sahədə ciddi yoxlamalara başlayaraq fiskal siyasətdən kənarda qalan gəlirlərin büdcəyə ödənişini möhkəmləndirməlidir. BVF-nin hesablamalarına əsasən, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi 60 faizə yaxındır.
"Kölgə iqtisadiyyatı" və ya "gizli iqtisadiyyat" gəlirin qeydiyyatdan gizlədilən hissəsidir, əsasən vergi, gömrük yığımlarından, qanunsuz silah satışından, narkotik alverdən, fahişəlikdən və digər bölmələrdən əldə edilən vəsaitlərin hesabına formalaşır. Kölgə iqtisadiyyatı daha çox ticarət və xidmət sektorunda təsadüf olunur.
Fəqət "gizli iqtisadiyyat" bütün dünyanın ümumi problemidir və ən inkişaf etmiş ölkələrdə belə buna təsadüf olunur. Qərb ölkələrində kölgə iqtisadiyyatı ÜDM-də təxminən 20 faizə bərabərdir. Bu göstərici ABŞ-da 10 faiz, İtaliyada 18 faiz, Fransada 11 faiz, Böyük Britaniyada 9 faiz, Avropanın digər inkişaf etmiş ölkələrində isə 8-14 faiz arasında dəyişir. Dünyada ümumi iqtisadiyyatın təqribən 9-18 faizini "kölgə iqtisadiyyatı" təşkil edir. Bu və digər ölkələrdə bu faiz ya orta həddə, ya çox yuxarı, ya da çox aşağı olur. Onun çəkisi zaman-zaman arta və ya azala bilər, 20 faizdən aşağı təhlükəsiz hədd, yuxarı isə təhlükəli hədd hesab olunur.
İqtisadçı Nazim Məmmədovun fikrincə, ölkəmizdə bu rəqəm BVF-nin qeyd etdiyi həcmdə olmasa da, 20 faizə yaxındır. Qeyri-leqal iqtisadiyyat tikinti, nəqliyyat, ticarət, xidmət və hətta istehsal sahələrində də yüksək olaraq qalır. Bu bölmələrdə ikili mühasibatlıq hökm sürür. Yəni işçilər az maaş yazılan cədvələ qol çəkirlər, amma real əməkhaqları bundan 4-5 dəfə çox olur. İkili mühasibatlıq əksər idarələrdə, hətta dövlət idarə və müəssisələrində də geniş yayılıb.
Dövlət statistikasının hesablamaları
Dövlət Statistika Komitəsi də "gizli iqtisadiyyat"ın olmasını istisna etmir.
Komitənin sədri Arif Vəliyev bununla bağlı olaraq mətbuata açıqlamasında bildirib ki, gizli iqtisadiyyat qeyri-formal sahə kimi qəbul olunur və əsasən vergidən, statistikadan yayınaraq müxtəlif işlərlə məşğul olanlar bu sahəni formalaşdırır. A.Vəliyev deyib ki, ÜDM göstəricisi hesablananda bu sahə də qeyri-formal sahə kimi hesablanan göstəriciyə əlavə olunur. DSK gizli iqtisadiyyatın Ümumi Daxili Məhsulda çəkisini təxminən 8-10 faiz hesab edir.
DSK son dövrlər repetitor, daşınmaz əmlak bazarı, icarə işləri və s. fəaliyyət növləri ilə bağlı qeyri-leqal gəlirlərin artdığını da istisna etmir. Məsələn, ölkədə 200 mindən çox şagird təhsil alır. Onların 30 faizə yaxını, yəni 60 mini repetitorların yanına gedir. Bu fəaliyyətlə məşğul olan müəllimlərin bir şagirddən aldığı pulun həcmi bir ayda 4 fənn üzrə təxminən (1 fənn üzrə 50 manat) 200 manat təşkil edir, ildə isə 2400 manata bərabər olur. 60 min şagirddən əldə olunan vəsait isə 140 milyon manat təşkil edir. Evlərin kirayəsi, ofis və müxtəlif obyektlərin icarəsindən daxil olan vəsait isə ildə 100 milyon manatdan çoxdur.
Real hesablamalar başqa söz deyir
Mütəxəssislər deyirlər ki, BVF ilə DSK-nın rəqəmləri arasındakı fərq ikincinin metodologiyasının yanlışlığından qaynaqlanır. Çünki Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsi bütün hallarda dövlət büdcəsinin gəlirlərindən çoxdur. Beynəlxalq maliyyə qurumlarında Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsi ümumdaxili məhsulun (ÜDM) 1/3-ni əhatə etdiyi bildirilir. Nəzərə alsaq ki, 2009-cu ildə nominal olaraq 34,6 milyard manat ÜDM istehsal olunub. Faktiki olaraq, bu büdcənin gəlirlərindən 3 dəfə çox deməkdir.
İqtisadçı Zahid Məmmədov isə deyir ki, "gizli iqtisadiyyat" səhiyyə, təhsil, nəqliyyat, rabitə, bəzi dövlət strukturları bölmələrində yüksəkdir. Şadlıq evlərinin isə çəkisi bu sahədə xüsusi yer tutur. Ölkədə 800-ə yaxın şadlıq evi və restoran fəaliyyət göstərir. Təkcə Bakı şəhərində onların sayı 300-dən artıqdır. Şadlıq evlərində orta hesabla ilin 250 günü şənlik və toy mərasimləri keçirilir. Bir şadlıq evində iştirak edən məclis əhlinin orta sayı 300 nəfər təşkil edir. Bundan başqa, restoran xidmətləri və digər banket-şənlikləri də nəzərə alanda bu, ildə 100 min iştirakçı, yəni müştəri deməkdir. Bir müştəridən əldə olunan gəlir ən azı 15 manata bərabərdir. Ümumi rəqəm isə ildə 1,5 milyon manatı da ötür. Həmin vəsaitin gəlir vergisi isə 300 min manatdan çox edir. İqtisadçının dediklərindən məlum oldu ki, ölkə üzrə bütün şadlıq evləri və restoranların ümumi dövriyyəsi 1 milyard 250 milyon manatdan çoxdur və onların ödəməli olduğu vergilərin həcmi ən azı 250 milyon manat olmalıdır.
Ölkəmizdə vergi daxilolmalarının strukturunda isə şadlıq evləri və restoranların ödədiyi illik verginin həcmi qeyd olunan rəqəmdən 10 dəfədən də azdır. Bu isə şadlıq evləri və restoranların "kölgə iqtisadiyyatı"nda çəkisinin heç də az olmadığını göstərir.
Zahid Məmmədovun qeyd etdiyinə görə, ticarət sektorunda da bu rəqəmin məbləği yüksəkdir. Bazar və yarmarkalar, topdansatış və pərakəndə satış mərkəzləri, supermarketlər, küçə ticarət şəbəkələri vergi ödənişində qanunsuzluqlara yol verməklə, "kölgə iqtisadiyyatı"nın "çiçəklənməsinə öz töhfələrini" verirlər.
Onu da qeyd edək ki, gizli iqtisadiyyatın leqallaşması bütün pulların dövlət büdcəsinə köçürüləcəyi anlamına gəlmir. Ancaq indiki halda gizli iqtisadiyyatı leqallaşdırmaqla dövlət büdcəsini 4 milyard manat artırmaq mümkündür.