Əməkhaqqı və pensiyalarda artım gözlənir
 |
Proqnozlara görə, bu, payızda baş tuta bilər
Şənbə, 17.04.2010
|
|
mətn ölçüsü |
|
|
|
Mayda dövlət büdcəsinə dəyişiklik ediləcəyi xəbəri təsdiqləndi. Milli Məclisin spikeri Oqtay Əsədov mayda 2010-cu ilin dövlət büdcəsinə yenidən baxılacağını bildirdi.
İqtisadçıların hesablamalarına görə, mayda dövlət büdcəsi gəlirlərinə 2,5 milyard manat əlavə olunacaq. Çünki neftin bazar qiymətinin proqnozlaşdırılandan çox olması büdcəyə təxminən 2,5 milyard manatın daxil olmasına imkan yaradır. Dünya bazarında neft yenidən bahalaşmaqdadır, ümumi daxili məhsulun, xarici ticarətin, eləcə də dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorunun rolu böyükdür. Xatırladaq ki, 2010-cu ilin büdcə xərcləri 11 milyard 264 milyon manat, gəlirləri isə 10,015 milyard manat proqnozlaşdırılıb. Büdcənin kəsiri isə 1,249 milyard manat həcmində nəzərdə tutulub. Ötən il olduğu kimi, cari ildə də büdcənin təqribən yarısı neft pulları hesabına formalaşacaq. Neft Fondundan dövlət büdcəsinə 4 milyard 915 milyon manat yönəldiləcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri bu qənaətdədirlər ki, dünya bazarında neftin qiymətində artımların müşahidə edildiyi vaxtda Azərbaycan hökumətinin, eləcə də parlamentin 2010-cu il büdcəsində neftin 1 barelini 45 dollardan müəyyənləşdirməsi büdcənin real proqnozlaşdırılmamasından xəbər verirdi. Hökumət nə 2009-cu ildə, nə də 2010-cu ildə dövlət büdcəsini real proqnozlaşdırdı. Yəni 2009-cu ildə dövlət büdcəsində neftin bir bareli 70 dollar nəzərdə tutuldu. Lakin il ərzində neftin dünya bazar qiyməti 56 dollar təşkil etdi. 2010-cu ilin büdcəsində isə neft 45 dollardan götürüldü. Halbuki bu ilin birinci rubündə neftin bazar qiymətinin orta hesabla 75 dollar olacağı güman edilir. Bu isə neftin dövlət büdcəsində proqnozlaşdırılan qiymətindən 30 dollar çoxdur.
Bu proses müsbət haldır
Ekspertlərin sözlərinə görə, neftin büdcədə qiymətinin aşağı götürülməsinin ən ciddi neqativ tərəfi - neft sektorundan büdcəyə daxil olan vergilərin əvvəlcədən proqnozlaşdırmağa imkan vermədiyidir. Bu yalnız neft sektorundan daxil olan vəsaitlərin deyil, eyni zamanda verginin proqnozlaşdırılmasına imkan vermir.
Neftin büdcədə qiymətinin aşağı götürülməsi hökumətə və parlamentə 2010-cu ildə büdcəyə daxil olan vergiləri öncədən doğru proqnozlaşdırmağa şərait yaratmadı. O baxımdan may ayında dövlət büdcəsinə yenidən baxılması, əlavə və dəyişikliklər qaçılmazdır.
Əslində bu proses ölkə üçün müsbət haldır. Xüsusilə, hökumət bunu əsas götürüb büdcədə neftin 1 barelinin proqnozlaşdırılan qiymətini artıra, bununla da kifayət qədər qənaət prinsipi ilə hazırlanan büdcənin gəlir və xərclər hissəsini çoxalda bilər.
İlkin ehtimala əsasən, büdcənin gəlirlər hissəsinin artırılacağı proqnozlaşdırılır. Buna uyğun olaraq xərclər hissəsi də artırılacaq. Bu halda daha çox vəsaitin investisiya layihələrinə yönəldilməsi gözləniləndir. Baxmayaraq, büdcəyə əlavə dəyişikliklərin edilməsi büdcəni daha real büdcəyə çevirəcək. Amma bu, arzuolunan deyil. İqtisadçıların fikrincə, may ayında büdcəyə dəyişikliklər edilən zaman dövlət büdcəsində neft sektorunun rolunun, payının azaldılması məqsədilə Neft Fondundan büdcəyə transfertlərin həcminin azaldılmasını məqbul sayır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin məlumatına görə, dəyişikliklər zamanı Neft Fondundan büdcəyə transfertlərin həcmi 4,9 milyard manatdan 2,4 milyard manata endirilməlidir. 2,5 milyard manat isə neftin dünya bazar qiymətinin qalxması nəticəsində dövlət büdcəsinə əlavə daxil olmanın hesabına örtülməlidir. Praktiki bununla həm dövlət büdcəsinin Neft Fondundan asılılığını aradan qaldırmaq mümkün olar, həm də hökumət lüzumsuz investisiya layihələrinə əlavə vəsait ayırmaz. Nəzərə almaq lazımdır ki, qlobal maliyyə böhranı investisiya proqramlarına vəsait ayırılan zaman ciddi maliyyə araşdırmalarının və maliyyə təhlillərinin aparılmasını tələb edir. O baxımdan arzuolunan deyil ki, büdcəyə əlavə və dəyişikliklər olunan zaman Neft Fondundan büdcəyə transfertlərin həcmi stabil saxlansın. Əgər əlavə və dəyişikliklərdən sonra fonddan büdcəyə transfertlərin həcmi 4,9 milyard manat səviyyəsində saxlansa, o zaman mayda büdcəyə olunan dəyişikliklər 2010-cu ilin ikinci yarısında ölkədə qiymətlərin qalxmasına gətirib çıxaracaq.
Amma ciddi inflyasiya doğura bilər
Amma mərkəzin ekspertləri, eyni zamanda, qeyd edirlər ki, dövriyyədə pul kütləsinin artması nəticə etibarı ilə qiymətlərin qalxması və 2010-cu ilin II yarımilində Azərbaycanda kifayət qədər ciddi inflyasiyanın yaranmasına səbəb ola bilər. Ona görə həm inflyasiyadan qaçmaq, həm vəsaitlərin xərclənməsinin səmərəliliyini saxlamaq, həm də dövlət budcəsinin Neft Fondundan asılılığını aradan qaldırmaq üçün fonddan transfertlərin həcminin 2,5 milyard manat azaldılması daha məqsədəuyğundur.
Büdcəyə əlavələr zamanı əməkhaqqı və pensiyaların bu il üçün nəzərdə tutulan məbləğində hər hansı dəyişikliyin gözlənilməsinə gəlincə, məlum olduğu kimi, bu istiqamətdə artımlar adətən ilin II yarısında reallaşdırılır. 2010-cu ildə ciddi əməkhaqqı və pensiya artımı gözlənilmir. Çünki hələlik büdcədə qənaət prinsipi tətbiq olunur. Bunula belə ekspertlər artımların olacağını güman edir. Buna prezidentin bununla bağlı açıqlaması da güman yaradır. Əgər büdcəyə dəyişikliklər olunarsa, Neft Fondundan transfertlər stabil saxlanılarsa, o zaman əməkhaqqı və pensiyalarda artımlar olacaq. Həmin artımlar 2010-cu ilin sentyabr, oktyabr aylarına təsadüf edəcək.
|
|
|
Oxşar xəbərlər:
Büdcəyə vergi daxilolmaları arta bilər
Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Neftin qiyməti yenə də qalxarsa...
Uşaqlara çəkilən xərclər artıb
Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər
|
|
|