Ötən həftə futbol üzrə Azərbaycan çempionatının həlledici mərhələsində ilk dövrə başa çatdı. Turun mərkəzi qarşılaşması - "Qarabağ" - "Neftçi" matçı Ağdamın Quzanlı qəsəbə stadionunda baş tutdu. Oyunda hesabı Georgi Adamiya açdı. O, ikinci hissədə Rauf Əliyevə məhsuldar ötürmə verməklə keçmiş komandasının məğlubiyyətində əsas rol oynadı.
İlk altılıqda əsas oyunlardan biri isə Lənkəranda keçirildi. Öz meydanında "Bakı"nı qəbul edən "Xəzər-Lənkəran" çempionatın lideri ola bilərdi. Bunun üçün paytaxt klubunu məğlub etmək lazım idi. Hər iki komandanın fərqlənmək üçün kifayət qədər imkanları olsa da, tamaşaçılar yalnız bir qolun şahidi oldular. Jabadan ötürmə alan Fabio Lius Ramim "Bakı"ya üç xal qazandıran qola imza atdı. Beləliklə, "Bakı" çempionluq uğrunda mübarizədə intriqanı artırmış oldu.
Yeri gəlmişkən, paytaxtın eyniadlı təmsilçisi 5 il idi "Xəzər-Lənkəran"la çempionat oyunlarında qələbənin nə olduğunu bilmirdi. Qeyd edək ki, bu rəqiblərin duellərində "Bakı" sonuncu dəfə 2005-ci ildə 3 xala sevinmişdi. O vaxtdan bəri keçən 1692 gün ərzində "Xəzər-Lənkəran" məğlubiyyət acısı dadmırdı. Bu müddətdə keçirilən 9 oyunda isə Lənkəran klubu 3 qələbəyə sevindiyi halda, 6 oyun heç-heçə nəticələnmişdi. Altılıqda baş tutan digər oyunda - "Qəbələ" - "İnter" görüşündə qalib müəyyən olunmadı.
Ötən turun nəticələri:
"Bakı" - "Xəzər-Lənkəran" - 1:0, "Turan" - "Karvan" - 2:0, "Qarabağ" - "Neftçi" - 2:0, "Qəbələ" - "İnter" - 1:1, "Muğan" - "Olimpik -Şüvəlan"- 2:1, "Standard" - "Simurq" - 3:1.
Bu gün Unibank Premyer Liqasının final mərhələsində ikinci dövrə başlanacaq. "Qəbələ" "Xəzər-Lənkəran"dan ilk dövrədəki böyükhesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Təbii ki, cənub təmsilçisinin ötən tur uduzması onu çempionluq uğrunda mübarizəsini davam etdirmək üçün mütləq qələbə qazanmağa sövq edəcək. "Qəbələ" bu görüşdə qələbə qazanacağı təqdirdə Avropa kuboku yarışlarına vəsiqə qazanmaq şansı da əldə edəcək.
Ağdamda Premyer Liqanın ən gənc baş məşqçiləri - Qurban Qurbanov (38 yaş) və onun türkiyəli həmkarı Cüneyt Biçər (35 yaş) üz-üzə gələcəklər. Turnir cədvəlində qonşu olan "Bakı" ilə "Qarabağ"ı cəmi 1 xal ayırması bu oyunun nəticəsinin nə qədər önəmli olduğunu göstərir. Çempionluq şansını saxlayan komandalar indi üçüncü yer uğrunda çarpışırlar.
"İnter" bu dəfə "Neftçi" ilə qarşılaşacaq. Bank təmsilçisi məğlub olacağı təqdirdə liderliyi əldən verə bilər. "Neftçi" isə bürünc medal qazanmaq və avrokuboklara çıxmaq şansını saxlamaq üçün "İnter"i mütləq yenməlidir.
Turun oyunları: "Qəbələ" - "Xəzər-Lənkəran", "Qarabağ" - "Bakı", "Karvan" - "Simurq", "Standard" - "Olimpik-Şüvəlan", "Muğan" - "Turan", "Neftçi" - "İnter".
|