Avtomobil - böyük şəhərlərin başının ağrısı
 |
Çıxış yolu - velosiped
Şənbə, 17.04.2010
Rasim İSMAYILOV, Azərbaycan Dövlət Neft Akademiyası |
mətn ölçüsü |
|
|
|
Hazırda Yer kürəsində 7 milyarda yaxın əhali yaşayır ki, bu da bütün bəşər tarixində Adəmdən bu vaxtadək yaşayanlardan çoxdur. 2050-ci ildə bu rəqəm 9,2 milyarda yaxınlaşacaq...
İnsanların sayının ümumi artımından onların şəhərlərdə toplaşması prosesi - urbanizasiyası daha intensiv gedir. Belə ki, 1779-cu ildə şəhərlərdə planetin ümumi əhalisinin 2%-i, 1957-ci ildə 20%-i, hazırda isə 50%-ə yaxını yaşayır. XIX əsrin əvvəllərində Avropada əhalisi 100 mindən artıq olan 20 şəhər var idisə, artıq XX əsrin ortalarına yaxın belə şəhərlərin sayı 1500 çatmışdı. Hazırda isə 2000-ə yaxındır.
Demoqrafların hesabatlarına görə, ola bilsin ki, bu əsrin sonuna kimi planetin bütün əhalisi şəhərlərdə yaşayacaq...
Əvvəllər urbanizasiya o qədər də təhlükəli sayılmırdı. Əlbəttə, onun nəticələrini qabaqcadan görmək çətin idi. Ətraf mühitin mühafizəsi təhlükəsi mövcud deyildi. İnsanlar hətta bu yaxınlara qədər öz şəhərlərinin böyüklüyü, nəhəngliyi ilə fəxr edirdilər.
Bəs indi?..
Bu gün şəhər, xüsusi ilə böyük, nəhəng şəhər havanın çirklənməsinin və bir çox digər spesifik problemlərin təhlükə mənbəyinə çevrilmişdir. Şəhər əhalisinin artımı ilə şəhər nəqliyyatı şəbəkəsi, fərqli nəqliyyat vasitələrinin sayı da artır. Şəhər nəqliyyatı və şəhər əhalisinin sağlamlığı bir-biri ilə sıx əlaqədardır.
Bir çox alimlər ağ ciyər xərçəngindən ölüm hallarının artmasının əsas səbəbini məhz şəhər nəqliyyatının inkişafında və uyğun olaraq şəhər havasının avtomobil qazları ilə çirklənməsində görürlər.
Bizim günlərdə avtomobil həyatımızın ayrılmaz hissəsi olub, əhalinin maddi rifahının və iqtisadi inkişaf səviyyəsinin göstəricisi hesab olunur. Hər bir ölkənin avtomobilləşməsinin əsas göstəricisi orta hesabla 1000 nəfər sakinə düşən minik avtomobillərinin sayı hesab edilir. Bu göstəriciyə görə dünyada birinci yeri ABŞ (600-dən çox avtomobil) tutur. Qərbi Avropanın bir çox ölkələrində, Kanada, Avstraliya, Yaponiyada hər 1000 nəfər sakinə 300-dən 500-ə qədər avtomaşın düşür. Rusiyada bu göstərici 100-ə yaxın, Çində isə onun böyük əhalisinə baxmayaraq cəmi 3 ədəd təşkil edir. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində isə, xüsusi ilə Afrika ölkələrində bu göstərici azdır.
Ölkəmizdə isə hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı təxminən 115 təşkil edir.
Avtomobilin insanların rahatlığından çox onların bəlasına çevrilməsini bəşəriyyət yalnız bu yaxınlarda başa düşməyə başlamışdır. Küçələrə nə qədər çox maşın çıxırsa, şəhər əhalisinə onların uğultusu, səsi və tüstülənən, yanıq qoxusu və atmosferə atılan işlənmiş qazları bir o qədər çox təsir edir və belə bir şəraitdə rahat yaşamaq getdikcə çətinləşir. Buna görə də avtomobil nəqliyyatı və onun fəsadları, ürəyi və bədəni yoran, üzən, baş gicəlləndirən və normal həyat tərzinə mane olan və xəstəliklərə səbəb olan bir sıra rəqəmləri gətirək.
İki tədqiqat
Amerika tədqiqat qrupunun rəhbəri, Harvard Universitetinin doktoru Şakira Franko Suqliya hesab edir ki, avtomobil nəqliyyatı ilə çirkləndirilən ətraf mühit uşaqların intellektinə neqativ təsir göstərir. Bu təsir onların analarının hamiləlik dövründə gündə 10 ədəd siqaret çəkəcəkləri zamanı dəyə biləcək zərərə bərabərdir. Suqliyanın sözlərinə görə, havanın çirklənməsinin orqanizmin ürək-damar və nəfəs sisteminin vəziyyətinə təsiri ətraflı öyrənilmişdir. Lakin şəhərin pis ekologiyasının əqli qabiliyyətə təsiri nisbətən az öyrənilmişdir. Bunu Suqliya və onun həmkarları Amerikan Epidemiologiya jurnalının nəşrində yazırlar. Alimlərin apardıqları tədqiqatda Bostonda yaşayan 8-11 yaşında 202 uşaq iştirak etmişdir. Alimlər testlərin köməyi ilə uşaqların dərketmə funksiyalarını müqayisə etmişlər və müəyyən olunmuşdur ki, intellektual testlərin nəticələri avtomobillərin işlənmiş qazları ilə çirklənmiş hava ilə nəfəs alan uşaqlarda daha aşağıdır.
Ukrayna ekoloqlarının məlumatlarına görə, avtomobillərin işlənmiş qazlarının təsirindən Sofiya kilsəsinin mozaikası çatlayır. Kilsənin ətrafında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması xahişi ilə "Kiyev Sofiyası" Milli Qoruğunun rəhbərliyi müraciətlə çıxış etmişdir. Milli qoruğun baş direktoru Kukovalskaya qeyd edir ki, "Kiyev Sofiyası" qoruğunun ərazisində və Sofiya kilsəsinin özündə işlənmiş qazların miqdarının mütəmadi ölçülməsi göstərir ki, ayrı-ayrı elementlərin miqdarı yolverilən normalardan 1,2-8 dəfə çoxdur.
Bunu nəzərə alaraq "Kiyev Sofiyası" qoruğunun rəhbərliyi paytaxtın küçələri üzrə yalnız piyada hərəkətinin təşkilinə çağırır. Çünki bu küçələrdə "Sofiya", "Mixaylov", "Qızıl qapılar" və "Andreyev" kilsəsi kimi tarixi abidələr yerləşir.
Ölkəmizdə avtomobillərin 90 faizi Bakıda cəmləşib
Bu gün Azərbaycanda avtomobillərin təxminən 90%-i paytaxtda cəmlənmişdir. Mərkəzdə yolların ensiz və buraxma qabiliyyətinin az olması nəticəsində hətta adi vaxtlarda belə avtomobil tıxacları yaranır. Avtomobilin konstruksiyası isə elə qurulmuşdur ki, ən çox qaz avtomobillər işıqforlarda və küçələrin kəsişmələrində, tıxaclarda, dayanacaqda yerindən tərpənəndə və tormozları işə saldıqda xaric edilir.
Yolların sıxlığını nəzərə alsaq, dünyanın heç bir şəhərində atmosferə bizdəki qədər qaz ayrılmır. Əksər maşınların isə köhnə olması, Avropa standartlarına cavab vermədiyi, avtomaşınlara texniki baxışların isə formal xarakter daşıması vəziyyəti bir qədər də ağırlaşdırır. Bu gün avtomobil parkının 70-75%-ni istismar müddəti 15 ildən çox olan avtomobillər təşkil edir. Şürkürlər olsun ki, Bakı "küləklər şəhəri"dir və küləkli günlərin sayının və küləyin sürətinin çox olması avtomobillərdən ayrılan qazların qarışdırılaraq, külək vasitəsi ilə yayılmasına səbəb olur.
Yaz, yay və payız aylarında (xüsusən də yayda) şəhərin mərkəzi küçələrində normal nəfəs almaq getdikcə çətinləşir. Təəssüflər olsun ki, şəhərdə aparılan tikinti işləri də müasir şəhərsalmanın tələblərinə qətiyyən cavab vermir. Yaşıllıqlar məhv edilir, köhnə binalar sökülərək, yeniləri tikilir və bu zaman ərazidən maksimum istifadə etmək üçün binalar bir-birinə həddindən artıq yaxın tikilir. Nəticədə bu hündür binalar küləyin qarşısında sipər rolunu oynayır və avtomobillərdən ayrılan qazların külək vasitəsilə qarışdırılaraq zərərsizləşdirilməsi çətinləşir.
Şəhərimizin havasının təmizliyinin qorunub-saxlanılmasında və əhalinin rahatlığının artırılmasında, piyadaların təhlükəsizliyinin təmin olunmasında yeraltı nəqliyyatın - metronun rolu əvəzolunmazdır. Bu cəhətdən şəhərimizdə metronun stansiyalarının sayının artmasını sürətləndirmək və bəzi avtobus marşrutlarını şəhər mərkəzindən kənarlaşdırmaq və ya mümkünsə, onlardan və ya bəzilərindən tamam imtina etmək lazım gəlir.
Dünyanı velosiped həyəcanı bürüyür
Vəziyyətdən çıxış yolu olaraq, bir çox şəhərlərdə velosipeddən daha çox istifadə etməyə başlamışlar. Nəhəng şəhər şəraitində velosiped artıq "sürünən" nəqliyyat növü hesab edilmir. Nəhəng şəhər şəraitində işə kim tez çatar? Avtomobilçi, avtobusun sərnişini, yoxsa velosipedçi? Dünyanın müxtəlif ölkələrində belə yarışlar az keçirilməmişdir və bir qayda olaraq bu yarışlarda velosipedçi qalib gəlir. Nəhəng şəhər üçün iki avtomobilin yerləşdiyi dayanacaqda 40 ədəd velosipedin yerləşə bilməsi də az əhəmiyyətli deyildir.
Son 50 ildə ABŞ-da velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edənlərin sayı 35,2 milyondan 150 milyonadək artmışdır. Amerikanı əsl velosiped həyəcanı bürümüşdü..
|
|
|
Oxşar xəbərlər:
Müğənnilərin avtomobili gözə gəlib
Müğənnilərin avtomobil yarışı
Hökumət idxal edilən avtomobillərə "yaş senzi"ni götür-qoy edir
Nəfəs almaq çətinləşir
Avtomobil idxalını artırmağa ehtiyac yox
|
|
|