çap et  
Yerinə yetirilməyən islahatlar
Yerinə yetirilməyən islahatlar
Silahlı Qüvvələrdə bir sıra NATO standartlarının tətbiqində problemlər var
Şənbə, 10.04.2010

Cəsur Sümərinli

"NATO tərəfində Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (IPAP) çərçivəsində güc strukturlarının öhdəsinə düşən, lakin həyata keçirilməyən islahatlarla bağlı dəqiq məlumat var. Məlumatlar toplanır, yaxın vaxtlarda ölkənizə gələcək missiya üçün hesabat hazırlanır". Bu barədə "Ayna"ya eksklüziv olaraq NATO dairələrinə yaxın mənbədən məlumat verilib.

Bildirilir ki, IPAP-ın birinci və ikinci mərhələləri üzrə həyata keçirilməsi nəzərdə tutulan islahatlarla bağlı Azərbaycanın güc strukturları - Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti ilə mütəmadi əlaqələr saxlanılır. "Bəzən bu əlaqələr sorğu xarakteri daşıyır, bəzənsə dialoq şəklində olur", - deyə mənbə bildirdi.

"Ayna"nın əməkdaşı NATO ilə Azərbaycan arasında əsas əməkdaşlıq planında - IPAP-da nəzərdə tutulan, amma həyata geçirilməsi gecikdirilən bir sıra islahatlarla bağlı məlumatları təqdim edir.

Ordu üzərində mülki nəzarət problemi

IPAP-ın birinci və ikinci mərhələlərində xüsusi olaraq əksini tapan islahat müdafiə büdcəsinin şəffaflığı, mülki demokratik nəzarət məsələləri ilə bağlıdır. Əslində bu məsələ islahatlar prosesinin əsas detalı kimi nəzərdən keçirilməlidir. Bu xüsusda Azərbaycan müdafiə nazirinin mülki şəxs olması barədə öhdəlik də götürüb. Buna qədər isə Müdafiə Nazirliyində struktur islahatları tamamlanmalı, islahatlar nəticəsində nazirliyin bəzi strukturlarının rəhbərlərinin mülki şəxslərdən təyin olunması prosesi başa çatmalıdır.

IPAP sənədinə görə, islahatlar nəticəsində Müdafiə Nazirliyinin strateji planlaşdırma ilə məşğul şəxsi heyətinin mülki şəxslərlə komplektləşdirilməsi vacibdir. IPAP-da Azərbaycanın qarşısına qoyulan məqsədlərdən biri belədir: Müdafiə Nazirliyinin struktur baxımdan dəyişdirilməsi, mülki şəxsin MN aparatına cəlb olunması, Silahlı Qüvvələrin şəxsi heyətinin ixtisarı prosesinin aparılması, mülki heyətlə əvəz oluna biləcək vəzifələrin müəyyən edilməsi, bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər və əlavələr edilməsi.

Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) məlumatına görə, məhz IPAP islahatlarının əsas ziddiyyəti bununla əlaqələndirilməlidir. "Araşdırmalar göstərir ki, Müdafiə Nazirliyi rəhbərliyinin mülkiləşməsi barədə öhdəlikləri Azərbaycan tərəfi yerinə yetirməyə tələsmir. Bu, xüsusilə ölkənin Ermənistanla müharibə şəraitində olması ilə əlaqələndirilir. Lakin bunu yetərli arqument hesab etmək mümkün deyil", - deyə mərkəzin ekspertləri bildirir.

Əslində mülki demokratik nəzarət dedikdə təkcə müdafiə nazirinin və ya bəzi hərbi məmurların mülki şəxs olması kifayət görünmür. IPAP-da əksini tapan öhdəliklərdən biri də Silahlı Qüvvələr üzərində parlament nəzarəti mexanizminin tətbiqi, hərbi qanunvericilik sənədlərinin NATO standartlarına uyğunlaşdırılması və bu istiqamətdə qanunverici hakimiyyətin fəallaşma zəruriliyi ilə bağlıdır. Qeyd edilən istiqamətdə ciddi problemlər mövcuddur. Ən birincisi, bu günədək güc strukturlarının parlament qarşısında hesabatlılığı mexanizmi aydın deyil. Xüsusilə MN rəhbərliyinin parlament qarşısında hesabat verməsi halına rast gəlinmir. MM Təhlükəsizlik və Müdafiə Komitəsinin ordu quruculuğu proseslərinə müdaxilə etmək və IPAP çərçivəsində əksini tapmış islahatlara nəzarət imkanları məhduddur. Bu həm komitənin qanunla təsbit olunmuş səlahiyyətləri baxımından, həm də qurumda təmsil olunan deputatların bilik və təcrübələri baxımından özünü göstərir.

IPAP-da SQ üzərində icraedici səviyyədə məhkəmə nəzarətinin və ictimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı məqsədlər əksini tapsa da, Azərbaycan tərəfi bu istiqamətdə konkret addımlar atmağa, ictimai fəaliyyətə dəstək verməyə tələsmir. IPAP-da əksini tapan müdafiə məsələlərində cəmiyyətin geniş təbəqələrini fəallaşdırmaq, orduda islahatlarla bağlı cəmiyyəti məlumatlandırmaq məqsədləri yerinə yetirilməmiş qalır.

IPAP-a görə, Azərbaycan Respublikasının məqsədi müdafiə və büdcə sistemini təkmilləşdirməkdir. Müdafiə planları aspektində maliyyələşdirmədə sabitlik, şəffaflıq və gerçəklik əsas götürülür. Bu məqsədlə Azərbaycan bu sahədə ekspert sistemini təsis etmək niyyətindədir. Bu, Strateji Müdafiə İcmalının gerçəkləşməsinə, eləcə də komanda nəzarəti, təchizat və arxa təminat sahəsində Silahlı Qüvvələrin yaxşılaşmasına dəlalət edəcək. Bütün bu islahatların həyata keçirilmə prosesində problemlərin olduğu şübhəsizdir.

Kadrların yeniləşdirilməsində ciddi problemlər

Azərbaycan tərəfinin yerinə yetirməkdə çətinlik çəkdiyi islahatlardan biri kadrlarla bağlıdır. IPAP öhdəliklərinə görə, Müdafiə Nazirliyi kadrlarının (hərbi və mülki heyət) idarəedilməsi sisteminə yenidən nəzər salmalı, hazırkı komanda heyəti və komanda-nəzarət prosedurları diqqətdən keçirilməlidir. Eyni zamanda SQ-də avtomat idarəetmə sistemləri tətbiq etmək, heyəti idarəetmə sistemini təkmilləşdirmək vacibdir.

IPAP sənədinə görə, islahatlar nəticəsində Azərbaycanda Müdafiə Nazirliyi Baş Qərargahdan ayrılmalıdır. Bu məqsədin həyata keçirilməsi vəziyyəti islahatların əsas ziddiyyətini ortaya çıxarır. Nəzərə alınmalıdır ki, 2007-ci ildən etibarən Azərbaycan SQ-nin aşağı səviyyələrində (tabur - briqada - korpus) ştat-struktur islahatlarının həyata keçirilməsinə başlanılıb. Həmin islahatlar nəticəsində orduda idarəetmə qaydalarında bir sıra dəyişikliklər həyata keçirilib: komandirin maddi-texniki təminat (MTT) və tərbiyəvi işlər üzrə müavini vəzifələri ləğv edilib. MTT və tərbiyəvi işlər üzrə məsul zabitlər komandirin müavinin - qərargah rəisinin köməkçiləri təyin olunublar. Müşahidələr göstərir ki, bu islahat ordunun çevik idarə olunması baxımından mühüm əhəmiyyətə malikdir, amma özü ilə çoxsaylı sosial problemlər də gətirib.

Nəzərə alınmalıdır ki, məhz adıçəkilən islahat nəticəsində Azərbaycan SQ-nin yüzlərlə zabitinin vəzifəsi aşağı salındı, bununla bahəm onların məvacibləri də endirildi, karyeraları məhdudlaşdırıldı. Bunların əvəzində onlara heç bir maddi təzminat ödənmədi. Bu isə SQ-nin çoxsaylı zabitlərində IPAP sənədində əksini tapmış islahatlara qarşı qeyri-müsbət fikirlərin ortaya çıxmasına səbəb oldu.

2009-cu ilin ortalarında MN-in mərkəzi aparatında və SQ Baş Qərargahında bir sıra ştat-struktur islahatları aparıldı, departamentlər formatında yeni idarələr yaradıldı. Amma bu islahatlar IPAP-da əksini tapan əsas hədəflərin reallaşması ilə nəticələnmədi: MN Baş Qərargahdan ayrılmadı, MN-in strateji planlaşdırma ilə məşğul olan şəxsi heyətinin mülki şəxslərlə komplektləşdirilməsi prosesi həyata keçirilmədi. Ən diqqətçəkən ziddiyyət ordunun yuxarı səviyyələrində islahatların Y (Yoint) və G (General) sistemlərinə uyğunluğu ilə bağlıdır. MN rəsmilərinin açıqlamalarından görünür ki, Azərbaycan əvvəlcə orduda Y sisteminin tətbiqinə razılıq versə də, sonradan həm Y, həm də G sistemlərinin olduğu qarışıq sistemin tətbiqini daha məqsədəuyğun hesab edib. Araşdırmalar göstərir ki, islahatların bu hissəsi heç də IPAP-da əksini tapan müddəalar üzrə həyata keçirilmir.

Məlumatlara görə, Azərbaycan tərəfi MN-in mərkəzi aparatında və SQ-nin Baş Qərargahında IPAP üzrə həyata keçirilməsi planlaşdırılan islahatların (Y sistemi üzrə) təxirə salınması məsələsini qaldırıb və bunu Ermənistanla müharibə şəraiti ilə əlaqələndirib. Diqqətçəkən məsələ odur ki, Azərbaycanda hələ də müdafiə nazirinin baş qərargah üzərində hərtərəfli dominantlığı davam edir və bu istiqamətdə islahatların aparılmasına hazırda güc strukturunda rəhbər mövqe tutan şəxslərin əngəl törətdiyi istisna deyil.

Qeyd edək ki, IPAP-ın ikinci mərhələsində əksini tapan öhdəliklərdən birinə görə, MN "Y" strukturlu qərargahda, o cümlədən gələcəkdə yaradılacaq Strateji Planlaşdırma və Siyasi Hərbi İdarədə (Y5) çalışmaq üçün milli ekspertlərin hazırlanması işini davam etdirməlidir. Bu istiqamətdə işlərin nə yerdə olduğu bəlli deyil.

İslahatlar qanunsuzdur?

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, SQ-də IPAP çərçivəsində həyata keçirilmiş islahatların daha bir ziddiyyəti onların qanunvericilik əsasının olmaması ilə bağlıdır. "Belə ki, islahatlar nəticəsində baş vermiş dəyişikliklər ölkənin hərbi qanunvericiliyində əksini tapmır, bir qədər kobud desək, bu islahatlar hazırda "qanunsuz"dur. Konkret olaraq orduda yeni sistem üzrə hər bir ştat üzrə dəqiq funksiyalar, hər vəzifədə xidmət müddəti, ehtiyata göndərilənə qədər rütbədə olma müddəti ilə bağlı dəqiq çərçivələr hələ də işlənilməyib", - deyə "Doktrina" mərkəzi bildirir.

Mərkəz ekspertləri hesab edir ki, ştatlar (hərbi və mülki heyət üçün) üzrə standart mükafatlandırılma (və ya töhmət) sistemi yaradılmayıb, onlar üçün təhsil və dərs standartları hazırlanmayıb, ordudan tərxisolunma prosedurları dəqiq deyil, islahatlar nəticəsində vəzifələrini itirən, məvacibləri azalan hərbi qulluqçuların, ehtiyata buraxılanların yerləşdirilməsi və onların sosial müdafiə məsələləri (o cümlədən pensiya və mənzil təminatı) hələ də problematikdir.

Ekspertlərin diqqətini cəlb edən məsələlərdən biri də bu gün Müdafiə Nazirliyinin öz əsasnaməsinin olmamasıdır. Ümumilikdə bu gün SQ-nin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, əsasnamələrin, nizamnamələrin əksər hissəsi sovetdən qalmadır və Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesi ilə ziddiyyət təşkil edir.

Orduda insan haqları pozulur

Bu gün Azərbaycan SQ-də demokratik islahatlar prosesi, insan hüquqlarının müdafiəsi IPAP-ın bütün mərhələlərində əksini tapan vacib öhdəliklərdən biri hesab edilir. Azərbaycan rəsmiləri etiraf edirlər ki, NATO ilə əməkdaşlıq kontekstində demokratiya və insan hüquqları olduqca vacib məqamlardır. Lakin bu sahələrin NATO-nun özünün bilavasitə məsuliyyətinə aid olan sahələr olmadığı qeyd edilir. Bu fikir belə əsaslandırılır ki, NATO-nun beynəlxalq katibliyində insan hüquqları və demokratiya üzrə, demək olar, mütəxəssis yoxdur. Rəsmilərin çıxışlarından belə görünür ki, Azərbaycan NATO ilə əməkdaşlığında məsələni belə qoyur ki, Azərbaycan Avropa Şurası, ATƏT və digər əlaqədar institutlarla insan hüquqları və demokratiya sahəsində çalışır və müəyyən öhdəlikləri var.

Araşdırmalar göstərir ki, məsələnin bu şəkildə qoyulması və orduda insan haqları ilə bağlı problemlərin həllinin Azərbaycanın NATO ilə əməkdaşlıq münasibətlərindən kənarda saxlamaq səyləri islahatlar prosesinə əngəl olan məqamlardan biridir. Son illər Azərbaycan SQ-də insan haqları ilə bağlı problemlərin artdığı aşkar görünür. Proses 2003-2004-cü illərdən etibarən daha da sürətlənib. Müşahidələr göstərir ki, bu gün Azərbaycan SQ-də ortaya çıxan insan haqlarının pozulma problemlərinin həll mexanizmləri sona qədər işlənilməyib.

Konseptual sənədlərin qəbulu gecikdirilir

IPAP-da Azərbaycanın konseptual sənədlərinin inkişafı ilə bağlı konkret müddəalar əksini tapıb. Buraya Milli Təhlükəsizlik Konsepsiyasının, Hərbi Doktrina və Strateji Müdafiə İcmalının qəbulu daxildir. Lakin sözügedən sənədlərdən yalnız birincisi qəbul edilib. 2007-ci ilin may ayında ölkə rəhbəri tərəfindən təsdiq olunmuş sənədin hazırlanma prosesində ictimaiyyət nümayəndələri iştirak etməyib. Halbuki IPAP-da bu tip sənədlərin ictimai müzakirələr nəticəsində qəbuluna üstünlük verildiyinə işarə edilir.

Növbəti sənədlərin - Hərbi Doktrinanın və Strateji Müdafiə İcmalının yaxın dövrlərdə qəbulu prosesi real görünmür və bu proses gecikdirilir. Müşahidələr göstərir ki, sənədlərin qəbulunun gecikdirilməsi daha çox Azərbaycanın xarici siyasət problemləri ilə bağlıdır.

Beləliklə, proses göstərir ki, IPAP-da əksini tapan mühüm bir öhdəliyin yerinə yetirilməsi prosesi də ləngiyir.