Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin birinci ordu korpusu üzrə şöbənin rəis əvəzi, mayor Yaşar Həbibovun apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
...Mayor Həbibov 2007-ci il martın ortalarında tanışı Qasımov Vüqar Arif oğlu ilə Bərdə şəhərində sonuncunun işlədiyi mağazada görüşüb və ondan borc kimi 7.800 manat alıb. Lakin vəd etdiyi müddətin başa çatmasına baxmayaraq, həmin pulu qaytarmayıb. O, təkrarən Qasımova atasını işə düzəltmək bəhanəsi ilə 17.000 manat pul lazım olduğunu deyib və on gün müddətinə borclarını qaytaracağını bildirib. Həbibov müxtəlif vaxtlarda Qasımovdan təkrarən 3.500, 4.000, 2.000, 2.500, 4.431, 7.500 manat, yəni umumilikdə 22 min manatdan çox pulun alaraq mənimsəyib.
Daha sonra Həbibov təkrarən - 2007-ci il aprelin son günlərində yaxın tanışı, Tərtər rayonu Hacıqərvənd kənd sakini Allahverdiyev Əli Qənbər oğlunun yaşadığı evə gələrək yalandan öz işi ilə əlaqədar olaraq ona 10.000 dollar borc pul lazım olduğunu bildirib. O, təxminən 2-3 gün sonra yenidən həmin ünvana gəlib və 15-20 günə pulu qaytarmaq şərti ilə Allahverdiyevdən 10.000 dollar alıb. Həmin ilin sentyabr ayının son günlərində Tərtər şəhər avtovağzalının yanında Allahverdiyev onunla görüşüb və 10.000 dolları geri qaytarmasını xahiş etdikdə, o hazırda pulu olmadığını deyib. Həbibov həmin pulun əvəzinə sonuncunun oğlu Zauru Milli Təhlükəsizlik Nazirliyində işə düzəldəcəyini, bir il müddətinə oxumaq üçün kursa göndərəcəyini vəd edib. Bunun müqabilində əlavə olaraq ondan 5.000 dollar təhsil haqqı keçirmək lazım olduğunu bildirib. Allahverdiyev bununla razılaşdıqda, Həbibov noyabrın son günlərində onun yaşadığı ünvana gələrək, ailə üzvlərinin yanında 5.000 dolları ondan götürüb.
Həbibov 2008-ci ilin martında Allahverdiyevə zəng edərək Zauru həkim komissiyasından müayinədən keçməsi üçün Bakı şəhərinə çağırıb. Həmin günün səhəri Allahverdiyevə yenidən zəng edərək oğlu Zauru həkim komissiyasından keçirmək üçün 1.500 dollar lazım olduğunu bildirib. Sonuncu onunla razılaşdıqda, həmin pulu Zaurdan alıb. Lakin komissiyanın başqa vaxta təxirə salındığını bildirməklə onu aldadıb. Allahverdiyev Həbibovun öhdəsinə götürdüyü işi düzəltmədiyini görüb və 2008-ci ilin aprel ayının son günlərinə qədər onunla bir neçə dəfə telefon əlaqəsi saxlayıb, ondan götürdüyü cəmi 16.500 dolları tələb etsə də, "əks-kəşfiyyatçı" onu müxtəlif bəhanələrlə aldadaraq, pulu qaytarmayıb.
Bundan başqa, Həbibov Milli Təhlükəsizlik Nazirliyinə işə düzəltmək adı ilə Tərtər rayon sakini Məmmədov Saleh Həmid oğlundan 27.000, Bərdə şəhər sakini Quliyeva Tamara Fətəli qızından 2.545 ABŞ dolları alaraq mənimsəyib.
Həbibovdan zərərçəkmişlər məhkəmənin hökmündən narazı qalıblar. Onlar məhkəmənin hökmündən apellyasiya şikayəti verərək, pullarının geri qaytarılması, Həbibovun cəzasının ağırlaşdırılmasını istəyiblər. Həbibov isə məhkəmənin hökmünün sərt olduğunu və hökmün dəyişdirilərək, həbs olmadam cəza verilməsini istəyib.
Gəncə Apellyasiya Məhkəməsinin sədri Rəşid Məhərrəmli işə baxaraq, hər iki tərəfin şikayətini təmin etməyib və Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmünün qüvvəsində saxlanılması barədə qərar qəbul edib.
|