Hazırda xaricdən gətirilən məhsullar ölkənin quş ətinə olan tələbatının 40 faizini ödəyir. Tələbatın 60 faizi isə yerli müəssisələrin hesabına təmin olunur. 2008-2015-ci illəri əhatə edən Ərzaq Təhlükəsizliyi Proqramında toyuq ətini 80 min tona, yumurta istehsalını isə 1,3 milyard ədədə çatdırmaq planlaşdırılır.
Mütəxəssislər bu hədəfə nail olmaq üçün kəndlərdə fərdi quşçuluğun inkişaf etdirilməsini daxili bazarın saf kənd məhsulları ilə təmin edilməsində ən düzgün yol hesab edirlər. Bundan ötrü isə kənd istehsalçılarına mikrokreditlər verilməsi təklif edilir.
KTN ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murtuzəli Hacıyev dedi ki, ötən il ümumən sahibkarlığın inkişafı üçün 10 milyon manat ayrılıb. Ola bilsin ki, bu il də müəyyən qədər vəsait ayrı-ayrı kəndlərdə fərdi quşçuluğun inkişafına sərf olunsun.
Quşçuluğun inkişafı ilə bağlı kreditin ayrılmasına gəlincə, İqtisadi İnkişaf Nazirliyindən bildirdilər ki, bununla bağlı hələ təhlillər aparılır.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, yanvar ayında uşaq qidası istehsalının təşkili, südlük istiqamətli heyvandarlıq komplekslərinin, kiçik və orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbuluna başlanılıb. Həyata keçiriləcək layihələr regionların inkişafı, iş yerlərinin açılması, ixracyönümlü məhsul istehsalı baxımından əhəmiyyətlidir.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirdi ki, bu proqnozların doğrulması üçün quşçuluq müəssisələrinin vəziyyəti yaxşılaşmalıdır. Cəmiyyətin hökumətə təqdim edilən təklifləri sırasında xaricdən gətirilən quş əti və yumurtanın həcminin məhdudlaşdırılması da yer alır. A.Vəliyev deyir ki, əgər dəstək göstərilsə, yerli quşçuluq müəssisələri 2015-ci ilə qədər bütün tələbatı yerli məhsullar hesabına ödəyə bilər.
Yerli müəssisələrin maddi-texniki imkanları onlara ildə 70 min ton quş əti istehsal etməyə imkan verir. Aydın Vəliyev:
"Amma bazardakı vəziyyət, quş yemi və dərmanların bahalığı üzündən yerli şirkətlər tələbatın təqribən 50 min tonunu ödəyə bilir. Elə buna görə də, cəmiyyət yerli quşçuluq müəssisələrinin inkişafı üçün yem, dərman preparatları alınmasına əlavə dəyər vergisini ləğv etməyi təklif edir. Hesablamalara görə, əlavə dəyər vergisi ləğv olunsa, ildə 80 min ton quş əti və 1 milyard 35 milyon ədəd toyuq yumurtası almaq mümkün olacaq və yerli istehsalçılar ölkədə quş məhsullarına olan tələbatı tam ödəyə biləcək".
|