![]() |
çap et |
|
|||
Urmiya gölünün ekoloji durumundan dolayı bu su hövzəsinin yaxınlığında etiraz aksiyası keçirilib. Güney Azərbaycan futbolsevərlərinin qüruru - Təbrizin "Traktorquraşdırma" klubu oyunçuları da daxil olmaqla, aksiyaçılar "Urmiya gölünün qurudulması cinayətdir!" kimi şüarlar səsləndiriblər.
Xəbərlərə görə, gölə axan 20-yə yaxın çayın qarşısı alınaraq, bənd salınıb. Gölün quruması isə bütün Güney Azərbaycan üçün fəsadlar yaradacağı şəksizdir. Odur ki, adamların narahatlığını anlamaq olar. Rəsmilər məsələyə aydınlıq gətirməkdənsə, polis hər zaman olduğu kimi, zorakılığa əl atıb, aksiyaçıların bir çoxu həbs olunub. Baş verənlərə dair fotoşəkillər və görüntülər informasiya vasitələrində yayılmışdır. Sirr deyil ki, Qərbi Azərbaycan əyaləti (mərkəzi şəhəri - Urmiya) tək siyasi deyil, həm də ekoloji və iqtisadi problemlər içində üzür. Bu əyaləti kürdlər "Böyük Kürdüstan"ın əsas ərazilərindən sayır, Tehran hakimiyyətinin bəzi təmsilçiləri də çıxışlarında onları dəstəkləyirlər. Bir yandan da Urmiya qurumağa məhkum edilib... Urmiya gölünün taleyini yaşayan Şorabil Dərd gələndə batmanla gəlir. Üstündə gəzdikləri vətən torpaqlarına yiyə ola bilmədiklərindən, doğma təbiətlərini də qoruya bilmirlər. Azərbaycan türkü buna cəhd etdikdə hakimiyyətin odlu silahı ilə üz-üzə qalır. Baxmayaraq ki, bütün dünyada ətraf mühiti qoruyanların addımları bir qayda olaraq təqdir olunur. İran isə başqadır. Burada ölkə vətəndaşlarının hər bir etirazında "sionizm barmağı" görürlər. Urmiya gölünün taleyini Ərdəbil yaxınlığındakı Şorabil gölü də yaşamaqdadır. Mühacir hüquqçu Baybək Təbrizlinin təsvirinə görə, Şorabil qışın ən soyuq çağlarında belə buz bağlamır, çünki suyu adından göründüyü kimi şordur. Belə su isə donmaz. Amma işə bax ki, bundan belə bu göl daha buz bağlayacaq, çünki müdaxilə nəticəsində gölün suyu şirinləşməkdədir. Baybək yazır ki, Şorabil gölü dünyanın tanınmış şor göllərindəndir. Bu göl Azərbaycanın Urmiya gölü kimi artemiyanın yaşadığı suya sahibdir. Bu heyvanlar yalnız şor sularda yaşayır, eyni zamanda köçəri quşlar üçün yem sayılır. Amma indi bu gölün də suyunun tərkibi dəyişdirilir, hakimiyyətə yaxın işbazlar bu su hövzəsində balıq yetişdirməyə başlayıblar. B.Təbrizlinin məlumatına görə, illər uzunudur bu gölün təbiiliyini dəyişmək üçün çeşidli fəaliyyətlər göstərilib. Savalan dağından axan Balıqlı çayının şirin suyunu kanal çəkərək, Şorabilə axıdırlar. Azərbaycan ziyalılarının, yerli əhalinin çoxsaylı etirazına məhəl qoymayan işbazlar niyyətlərindən əl çəkənə oxşamırlar. Ərdəbilin 40 dərəcə şaxtasında buz bağlamayan bu duzlu gölün üstündə indi -15 dərəcədə belə xizək və konki sürmək mümkündür. Artemiyalar yoxa çıxıb. Şorabil ətrafındakı müalicəvi palçıq da tapılmır. Artemiya yemək üçün gölə gələn köçəri quşlar artıq buralardan uçmurlar. Azərbaycanın təbiətində qəribəliyi və zənginliyi ilə seçilən Şorabil xəritədən silinməkdədir. Urmiya gölünün aqibəti Azərbaycan təbiətinin gözəllik simvolu - Urmiya gölü məhv olmaq təhlükəsi ilə üz-üzədir. Dünyanın bu ikinci ən duzlu gölünün səviyyəsi son 15 ildə 6 metr aşağı düşüb. Bu isə bölgənin ekosisteminə ciddi zərbə vuraraq, gölün ətrafının və adaların təbiətinə fəsadlar törədir. Bundan başqa, Urmiya gölündəki yeganə dəniz canlısı - artemiya da məhv olmaq üzrədir. Mütəxəssislərin fikrincə, vaxtında tədbir görülməzsə, o zaman yaxın gələcəkdə bu su hövzəsindən əsər-əlamət qalmayacaq. "lent.az"ın xəbərinə görə, belə bir şəraitdə isə bütöv bir bölgə bütünlükdə səhraya çevriləcək. Bu həm də gölün ətrafında yüzlərcə kənd, qəsəbə və şəhərlərin əhalisi üçün fəlakət deməkdir. Hazırda gölün 150 hektarı səhraya çevrilib. Bunun nəticəsində ətraf kəndlərin torpaqları şoranlaşaraq yararsız hala düşüb. Aral da quruyur Bir gölün quruması tək ona sahib olan ölkə üçün deyil, qonşular üçün də fəsadlar törədir. Bu halda Urmiya gölünün quruması - Türkiyə və Azərbaycan Respublikası üçün də izsiz ötüşməyəcək. Bizim Naxçıvandan əl uzatsan, Urmiyaya çatar. Aral gölünün taleyini xatırladaq. Bu gün bütün Orta Asiya üçün fəlakət mənbəyidir. Xatırlayırıqsa, 1980-ci illərdə Aral gölünün quruyacağı ilə bağlı çeşidli xəbərlər yayılırdı. O zaman keçmiş SSRİ-dəki bütün məsələlərə Moskva nəzarət etdiyindən bu su hövzəsinin qurumasına Kreml barmaqarası yanaşdı. Çünki ona pambıq planlarının doldurulması lazım idi. Kremlin yerlərdəki təmsilçiləri, respublikalardakı mərkəzi komitələrin birinci katibləri isə qarşılarına qoyulan planı doldurmaqdan ötrü saxtarkarlıqdan və təbiəti korlamaqdan əl çəkmirdilər. Axı Kremldən "bayraq" almaq lazım idi. Sovet İttifaqı dağılan ərəfədə bu göl az qala tamam qurudu. İndi onun əzabını bütün Orta Asiya türklüyü çəkir. Sabah da Urmiyanın, Şorabilin əzabını biz çəkəcəyik. Statistik bilgilərə əsasən, son 50 ildə Aral qurumaqda davam edir, onun suyu 90 faiz azalıb. Bu günlərdə BMT Baş Katibi Ban Ki Mun bunu "Aralın quruması dünyanın ən böyük fəlakətlərindəndir"- kimi dəyərləndirib. O, dünya liderlərini bu gölün qurumasının qarşısını almağa çağırdı. Bir vaxtlar Aral gölü dünyada böyüklüyünə görə 4-cü idi... Qurumuş göldə körpü Bu günlərdə Urmiya şəhəri yaxınlığında yerləşən eyniadlı gölün üzərindən körpünün açılışı oldu. Prezident Mahmud Əhmədinejadın başçılığı ilə hökumət adamları Qərbi Azərbaycanda oldular. Prezident Urmiya şəhəri sakinləri ilə görüşüb, eyni adlı gölün üzərində tikilən ikinci körpünün açılışına qatılıb. Danimarkanın "COWI" şirkəti birinci körpünün tikintisinin illər uzunu monitorinqini aparmışdı. Şirkət körpünün standartlara cavab vermədiyini bildirir. Danimarka mütəxəssisləri hesab edirlər ki, iş düzgün aparılmayıb, körpünün dayaqları davamsızdır. Keyfiyyətsiz beton duzlu suya davam gətirməyəcək, istifadə olunan metal məhsulları isə çürükdür. Onların fikrincə, körpünün bir hissəsi istismara verilsə də, bu iş yarımçıqdır. Mahmud Əhmədinejad isə bu suüstü yol keçidinin istismara verilməsini "zəfər" adlandırıb. Qurğunun uzunluğu 2 276 metrdir. Doğrudur, bu körpü-keçid Təbrizlə Urmiya arasındakı 245 km-lik məsafəni 120 km-ə qədər azaldacaq, amma diyarın problemlərinin həllində onun nə dərəcədə faydalı olacağı şübhəlidir. Hakimiyyətdən cavab İran hökumətinin bu həftə keçirilən iclaslarından birində Mahmud Əhmədinejadın başçılığı altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradılıb. Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhiminin dediyinə görə, bu su hövzəsinin ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır: "Yaranan komissiya gölün problemləri ilə məşğul olacaq və onun quruma səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün biz əlimizdən gələni edəcəyik". Urmiya gölü haqqında: ![]() Ş.Tağıyeva, Ə. Rəhimli, S.Bayramzadənin birgə hazırladığı "Güney Azərbaycan" sorğu kitabına istinadən, bu su hövzəsi həcminə görə İranda ən böyük göl hesab olunur. Onun sahəsi təqiribən 5000-6000 kv.km-dir. Göldəki suyun həcmi isə 20-24 milyard kubmetr, gölün eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m. yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 m-dir. Ən dərin yerinin isə 7 m olduğu bildirilir. Qədim türk dilində bu gölün mənası "suda yaşayış yeri" anlamını verir. Başqa sözlə, türklər bu gölün ətrafında həmişə yaşadığından Urmiya şəhərinin adına uyğun olaraq, ona bu sayaq ad veriblər. Azərbaycan torpaqlarındakı türk toponimlərinin başına açılan oyunlar Urmiya gölündən də yan ötməyib. Rza şahın dövründə - 1937-ci ildə gölün adı onun şərəfinə "Rzaiyyə" adlandırılıb. 1946-cı ildə Azərbaycan Milli Hökuməti bu adı dəyişdirsə də, qaçqın şahın oğlu Məhəmmədrza Pəhləvinin dövründə bu gölə "Rzaiyyə", "Rzaiyyə gölü", "Kəbudan", "Çiçsit" və sair qondarma adlar verilmişdi. İndikilər hakimiyyətə gələndən sonra şahla bağlı adları dəyişdirdiklərindən Urmiyanın da əvvəlki adı qaytarıldı. Bu gölə Azərbaycanın çeşidli bölgələrindən çaylar axır: Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay və s. Yağıntı az olanda belə gölün səviyyəsi aşağı düşməzdi. Bunu gölə yeraltı çayların axması ilə izah edirlər. Qışın ən sərt vaxtlarında belə suyu donmur. Çünki su şordur. Bu cəhətinə görə Urmiya gölü müalicəvi əhəmiyyətə malikdir. Orada boğulmaq təhlükəsi də yox dərəcəsindədir. Urmiya gölündə irili-xırdalı 102 ada var. Adaların ümumi sahəsi 33,640 hektardır. Şahı, Qoyundağı, Əşkdağı, Arzu qismən böyük quru sahələr sayılır. Şahının sahəsi 3525 ha-dır. Əvvəllər burada Saray, Gəmiçi, Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri olub. Şahı barədə deyilir ki, 1979-cu il inqilabına qədər burada 1170 ailə yaşayıb. Hazırda adada yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlərlə məşğul olurlar. Şərfəxana və Gülməxana limanlarında çalışanların çoxunun da Şahıdan olduğu deyilir. Bu adada iki dağ və Keçiçay adlı çay, şirin sulu 54 bulaq var. Çoxsaylı köçəri quş növləri bu adanın bəzəyi sayılır. İkinci böyük ada Qoyundağdır. Onun uzunluğu 9 km, eni isə 4 km-dir. Adanın ən hündür yeri dəniz səviyyəsindən 1521 m yüksəkdədir. Burada daimi axarı olan iki bulaq var. Şirin su, bol otlaq, münasib hava şəraiti burada heyvandarlığın inkişafı üçün əlverişlidir. Bununla yanaşı həmin adalarda turizm üçün də şərait mövcuddur. Göldə çeşidli köçəri quşlarla yanaşı, ördək, kəklik, yaşılbaş sona, qaz, ağbaş ördək, habelə dağ keçisi, maral da var. Yadellilərin özbaşına ovçuluğu adanın faunasına çox ciddi zərbə vurub. Urmiya gölü və onun palçığı artroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin dərmanı sayılır. Buranın suyu və palçığı da nəzarətsizlik ucbatından talan edilir. Azərbaycanın bu bənzərsiz su hövzəsi təbii gözəlliyi, şəfalı suyu, saf iqlimi və müalicəvi palçığı ilə yanaşı başqa təbii sərvətlərlə də zəngindir. ...1967-ci ildə Urmiya gölü qoruq elan olunmuşdu. Bundan başqa, YUNESKO buranı qorunan təbii ərazilər sırasına daxil edib. Amma təəssüflər olsun ki, Tehran hakimiyyəti kimi BMT-nin bu qurumu da vədinə əməl etmir... |