Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki "Mədəniyyətlərarası dialoq" proqramı çərçivəsində aprelin 8-də Azərbaycan Dillər Universitetində oldu. Cənab Masamitsu Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidovla görüşdükdən sonra ADU-nun İnformasiya Resurs Kompleksində (IRK) təşkil olunmuş tədbirdə iştirak etdi.
Tədbirdə ADU rektoru Səməd Seyidov və cənab səfir Masamitsu Oki ilə yanaşı universitetin müəllim və tələbə heyəti də iştirak edirdi. Öncə ADU-nun Leksikologiya kafedrasının müdiri Sevinc Ələkbərzadənin rəhbərliyi ilə 1 saylı ingilis dili fakültəsinin üç tələbəsi səhnəcik göstərdilər. Bu səhnəcik vasitəsilə Yaponiya və Azərbaycanın tarixi, təhsili, mədəniyyəti barədə iştirakçılara ətraflı məlumat verildi.
Tədbirdə çıxış edən cənab səfir Masamitsu Oki ABU-nun rektoru, professor Səməd Seyidova dərin təşəkkürünü bildirdi. Tələbələrin hazırladığı səhnəcikdən təsirləndiyini, Azərbaycan və Yaponiya arasında olan qarşılıqlı siyasi, iqtisadi və mədəni əlaqələrdən danışdı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2006-cı ildə Yaponiyaya səfərinin böyük əhəmiyyət kəsb etdiyini, ölkələrarası siyasi və ictimai əlaqələrdə irəliləyişə təkan verdiyini qeyd etdi.
Qarşılıqlı təhsil əlaqələrinin inkişafının əhəmiyyətini və 2009-cu ildə Azərbaycan Respublikası təhsil naziri Misir Mərdanovun Yaponiyaya səfərini, bu səfərin nəticəsi olaraq 3 orta məktəbdə Yapon dilinin tədris olunmasını vurğuladı. Bu səfərlərin gələcəkdə daha çox faydalar gətirəcəyini söylədi.
Universitetdə alman dili oxu zalının açılışının, fransız, italyan, ispan və digər mərkəzlərin olmasının universitetdə təlim və təhsil səviyyəsinin inkişafında mühüm rol oynadığını dedi. Yaponiyanın həm iqtisadi, həm demokratik baxımdan güclü ölkə olduğunu, Yaponiya təcrübəsinin Azərbaycan üçün dəyərli mənbə ola biləcəyini, eyni zamanda görüşün hər iki ölkə üçün əhəmiyyətli olduğunu qeyd etdi.
Qeyd edək ki, bundan öncə "Mədəniyyətlərarası dialoq" proqramı çərçivəsində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan Dillər Universitetində olmuşdu.
|