- Sizi görməyimizə şadıq, Tünzalə xanım. Bildiyimiz qədər, siz Azərbaycanı yenə də xaricdə yüksək səviyyədə təmsil etmisiniz və hətta bütün bayramı Avstriyada keçirmisiniz. Bu barədə bir az məlumat verə bilərsiniz?
- Mən də sizi görməyimə şadam. Bəli, Avstriyadakı səfirimizin dəvəti ilə bütün kollektivimlə birgə Avstriyada səfərdə oldum. Mən Vyanada "Cure-Salon" zalında konsert proqramı ilə çıxış etdim. Tamaşaçılar arasında müxtəlif ölkələrin səfirləri, həmyerlilərimiz, həmçinin şəhər sakinləri də var idi. Konsertimiz çox uğurla keçdi. Daha sonra biz Brüsselə yola düşdük və orada iki konsert proqramı ilə çıxış etdik. Bildiyiniz kimi, mən hər il Brüsseldə keçiridən "FACE" Gənclər Forumunda iştirak edirəm. Bu, azərbaycanlı gənclərin Avropadakı forumudur. Brüsseldə mən iki məşhur caz-klubda - "Music Village" və "At Sevən"də çıxış etdim. Əcnəbi tamaşaçılarla ünsiyyət mənim üçün maraqlı bir təcrübə oldu.
- Bəs Brüssel konsertimizdə azərbaycanlılar iştirak edirdi?
- Əlbəttə. "FACE" Gənclər Forumunun iştirakçıları ailələri ilə birgə məni dəstəkləməyə gəlmişdilər.
- Eşitmişik ki, mayda sizin "Building our riece" adlı solo konsertiniz gerçəkləşəcək. Qorxmursunuz ki, sizin də iş prosesi müddətində, bir çox müğənnilər kimi, sponsor probleminiz yaranar?
- Xeyr, qorxmuram. Belə ki, konsertim Heydər Əliyev Sarayı və "Azercell"in dəstəyi ilə baş tutacaq. Məlumat dəstəyini isə "Azad Azərbaycan" telekanalı göstərəcək.
Qeyd etmək istərdim ki, konsertim buna bənzər layihələrdən repertuarı, musiqiçilərin ifaları və s. ilə xeyli fərqlənəcək. Bu ənənəvi dünya musiqisi və xalq musiqisi əsasında hazırlanmış müasir bir konsert proqramı olacaq. Konsertin repertuarına Tina Torner, Stiv Vander və Maykl Sekson kimi məşhurların mahnıları daxil edilib.
|