Mədəniyyət və İncəsənət Universiteti aktyorluq fakültəsinin son kurs tələbələrinin region teatrlarında işləmək istəmədiyinin səbəbləri araşdırılıb. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin təmsilçiləri bu məqsədlə tələbələrlə görüş keçirib. Tədris Teatrında təşkil olunan görüşdə tələbələrin problemlə bağlı fikirləri və təklifləri öyrənilib. RİHMM-in sədri Xalid Kazımovun sözlərinə görə, hazırda diplom tamaşasının məşqlərini davam etdirən tələbələr arasında istedadlı gənclər çoxdur:
"Amma onların heç biri universiteti bitirdikdən sonra regionlara getmək istəmir. Tələbələr bunu region teatrlarında karyera imkanlarının olmadığı ilə izah ediblər. Bildirirlər ki, əsas səbəblərdən biri gənc aktyorlara verilən məvaciblə yaşamağın qeyri-mümkün olmasıdır. Həm də nəzərə alınmalıdır ki, gənclər öz həyatlarını qurmalıdır. Qalmağa adi yaşayış yeri olmayan gənc aktyor 80-100 manat əməkhaqqı ilə necə yaşaya bilər? Region teatrlarında çalışan aktyorların əksəriyyətinin imkansızlıqdan toylarda məzhəkəçi, bayram tədbirlərində kosa, keçəl rolu oynadıqlarını bildirən gənclər bu aqibəti yaşamaq istəmirlər".
Xalid Kazımov bildirdi ki, gənclər paytaxtda qalmaq arzularını burada teatrda işləməsələr də, başqa iş tapmağın mümkünlüyü ilə izah ediblər:
"Tələbələr bildirir ki, Bakıda televiziya, radioda işləmək imkanları var. Həmçinin istedadlı gənclər karyera qura bilərlər. Region teatrlarında bu imkanın olmaması ilə yanaşı, teatrda işləyən yaşlı aktyorlar da öz yerlərini cavanlara verməyə hələ hazır deyillər. Gənc aktyorlar ac qalaraq teatr fədaisi olmaq zamanının bitdiyi qənaətindədir".
Qeyd edək ki, RİHMM Açıq Cəmiyyət İnstitu Yardım Fondunun maliyyə dəstəyi ilə "Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili" layihəsini həyata keçirir. Layihə çərçivəsində Gəncə, Şəki, Qax və Mingəçevirdə fəaliyyət göstərən teatrların vəziyyəti öyrənilib. Gələn həftə isə paytaxtda aparılan monitorinqlərin nəticəsinə həsr olunan ictimai müzakirələr keçiriləcək. Müzakirələrdə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri, tanınmış aktyorlar, mədəniyyət xadimləri və ictimaiyyət təmsilçilərinin iştirakı nəzərdə tutulur.
|