Tərcümədən söz düşəndə Dostoyevskinin "Karamazov qardaşları" kimi dünyaca məşhur bir əsərinin indiyədək Azərbaycan dilinə tərcümə olunmadığı istər-istəməz təəccüb doğururdu. Bu böyük rus yazıçısını Azərbaycanda seviblər, oxuyublar, onun yaradıcılığından monoqrafiyalar, məqalələr yazılıb. Amma onun zəngin bədii irsindən dilimizə lap az hissə - onun beş böyük romanından ("Cinayət və cəza", "İdiot", "Şeytanlar", "Yeniyetmə", "Karamazov qardaşları") yalnız birinci ikisi çevrilib. Hələ yazıçının digər povest və hekayələrindən danışmırıq.
Bu baxımdan BSU professoru Telman Vəlixanlının Dostoyevskinin şah əsəri sayılan və həcmcə ən böyük romanı olan "Karamazov qardaşları"nı dilimizə çevirməsi (F.M.Dostoyevski. Karamazov qardaşları. Roman. 2 cilddə, Bakı: Mütərcim, 2010) ədəbi həyatımızda əlamətdar hadisə hesab olunmalıdır.
Tərcümənin keyfiyyətinə gəlincə, deməliyəm ki, romanın Azərbaycan dilindəki mətni maraqla oxunur və Dostoyevski dilinin, obrazlar sisteminin, üslubunun ümdə xüsusiyyətlərini özündə qoruyub saxlamışdır. Hər halda, Dostoyevskinin əsərlərinin orijinalı ilə tanış olan bir adam kimi, deyə bilərəm ki, Azərbaycan dilindəki mətn mənimçün daha yaxın və daha anlaşıqlıdır. İlk baxışdan paradoksal görünən bu fikirdə bir həqiqət var. Məsələ burasındadır ki, dil böyük bir möcüzədir. Dil milli ruhun ifadəsi, bir növ onun maddiləşmiş formasıdır. Bir var dili bilmək, bir də var onu duymaq. Biz əcnəbi dili bilirik, ana dilimizi isə həm də duyuruq. Yəni əcnəbi dil əqlimizdən o yana gedə bilmir, ana dili isə ruha, təhtəlşüura nüfuz edir, insanın bütün ruhunu tərpədir. Odur ki, tərcümə ədəbiyyatı ilə bağlı ortaya bir sual da çıxır: Dostoyevskinin "Karamazov qardaşları" romanını hansı dildə oxumaq daha önəmlidir: orijinalda, yoxsa ana dilində? Məntiqi olaraq belə gəlir ki, Dostoyevskini rus dilində oxumaq daha məqsədəuyğundur, çünki bir var Dostoyevskinin yazdıqları, bir də var tərcüməçinin yazdıqları.
Tərcümədə, sözsüz, nələrsə itirilir, təhrifə məruz qalır. Fikir, məntiq, məzmun, üslub baxımından bu belədir. Amma duyum mövqeyindən belə deyil. Doğma dilin dərindən duyulması, əlbəttə, itkiləri əvəzləyir. Ziddiyyətli də görünsə, deməliyəm ki, "Karamazovlar qardaşları" Azərbaycan dilində daha çox xoşuma gəldi. Bu tərcümənin dili daha yaxşı duyulur və qavranılır.
Orijinalda, yoxsa tərcümədə?
Çoxları belə hesab edir ki, əgər rus dilini babat bilirsə, rus klassikasını orijinaldan oxumaq daha məqsədəuyğundur. Hesab edirəm ki, əcnəbi söz ustalarının əsərlərini ruhumuzdan gələn və duya bildiyimiz ana dilimizdə oxumaq daha çox şey verir, nəinki orijinaldan oxumaq. Əlbəttə, tərcümə orijinal deyil, bəlkə də tamam başqa bir şeydir. Odur ki, belə düşünənlər də olur ki, bir halda ki, məsələn, Dostoyevskini tərcümədə olduğu kimi vermək mümkün deyil, onda tərcümənin mənası varmı? Hesab edirəm ki, var, özü də hər mənada var. Məsələn, "Karamazov qardaşları"nı orijinaldan oxuyan hər bir azərbaycanlı, birincisi, yad dilin ruhunu duya bilmir, yalnız quru bilgilərlə qənaətlənir. İkincisi, romanı rus dilində oxuyan azərbaycanlı oxu prosesində mətni Azərbaycan dilinə tərcümə edir. İnanmaq çətindir ki, oxucunun tərcüməsi, özü də sinxron tərcümə, peşəkar və rus dilini kamil bilən mütərcimin tərcüməsindən üstün ola bilər.
Ruslar özləri də Dostoyevski mətnlərini dəqiq anlamaqda çətinlik çəkirlər
Bununla belə, oxucu "Karamazov qardaşları"nın mətnində elə yerlərə də rast gələ bilər ki, onları ilk oxunuşdan anlamaq çətin olsun və bəlkə də bəzi yerləri təkrar oxumaq lazım gəlsin. Onda bu çətinliyi tərcüməçinin ayağına yazmaq düz olmazdı. Ruslar özləri də Dostoyevski mətnlərini dəqiq anlamaqda çətinlik çəkirlər. Əgər tərcümə həddən artıq anlaşıqlı olsaydı, asan oxunsaydı, bu, tərcümənin orijinala adekvat olmasına şübhə yaradardı. Mən tərcüməçini qabaqcadan mümkün oxucu iradlarından sığortalamaq istəmirəm, onsuz da tərcümə işi ona zəhmət çəkənə əksərən şöhrət gətirmir və bəzən müəllifin də qüsurlarını, qəhrəmanların da dil xətalarını tərcüməçinin ayağına yazırlar. Əgər möhtərəm oxucu Dostoyevskinin Azərbaycan dilinə tərcüməsində nəyisə sonacan başa düşməyibsə, bunun səbəbini nə müəllifdə, nə də tərcüməçidə axtarmaq lazım deyil, sadəcə olaraq, mətni daha diqqətlə oxumaq lazımdır. Məsələn, İvan Karamazov deyəndə ki, "mən Allahdan imtina etmirəm, mən yalnız bileti ona nəzakətlə qaytarıram". Hansı biletdən söhbət gedir və İvanın Allahı qəbul edərək, Onun yaratmış olduğu dünyanı inkar etməsi nə deməkdir? İvan dünyanın sonunda Allahın insanlara vəd elədiyi mütləq harmoniyadan və cənnətdən imtina edir, çünki, onun fikrincə, bu harmoniyanın qiyməti çox bahadır, onun naminə nəinki insanlar, hətta günahsız körpələr belə iztiraba düçar olmalıdırlar. Odur ki, İvan deyəndə ki, bu cənnət haqsız iztirablara düçar edilmiş körpənin bir damla göz yaşına dəyməz, az qala ona, onun humanizminə inanmaq istəyirsən, İvan Karamazov doğrudan da böyük humanistdir və həssas qəlbə malik insandır. Lakin onun səhvi ondadır ki, o, öz həqiqətini, yəni insani həqiqəti Allahın həqiqətindən daha ədalətli hesab edir. Bu da onu Allahın yaratmış olduğu dünyanı inkar etməyə gətirib çıxarır. Sadəcə olaraq, ilahi həqiqət, ilahi ədalət insan əqlinə sığmır. Bəs onda nə etməli?
İvanın inkarçı, humanist, bununla belə səhv fəlsəfəsinə qarşı Zosima atanın fəlsəfəsi qoyulur. Zosima ata hesab edir ki, dünyada baş verən ədalətsizliklər və cinayətlər qarşısında hər bir kəs özünü müqəssir hesab etməlidir..
|